Daş Salahlıda kənddaxili küçələrə çınqıl döşənib
Bu gün Azərbaycan nəinki müstəqil, eləcə də güclü bir dövlət kimi bütün dünyada tanınır və söz sahibinə çevrilib. Bunu ölkəmizdə aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri, həyata keçirilən uğurlu layihələr, görülən məqsədyönlü tədbirlər bir daha sübut edir. Gündən-günə inkişaf edən Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrlə yanaşı yol infrastrukturunun inkişafı istiqamətində də məqsədyönlü işlər görülür.
Dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlara əsasən Qazaxda görülən məqsədyönlü işlər dediklərimizin əyani sübutudur. Təkcə son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt yolların çəkilməsi bu sahədə görülən işlərin uğurla davam etdirilməsi deməkdir.
Qazaxda son 3 ildir ki, rayonda yeni yolların çəkilməsi ilə yanaşı, şəhər və kəndlərdə küçədaxili yollarda da həm nəqliyyat vasitələrinin, həm də vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür. Rayon rəhbərliyi tərəfindən hər il bu məqsədlə şəhər və kəndlərdə ehtiyac olan küçələrə çınqıl daşınıb tökülməsi artıq bir ənənə halını alıb.
Bu gün rayonun ən böyük yaşayış məntəqəsi olan Daş Salahlı kəndində də kənddaxili küçələrə, eləcə də qəbiristanlığa gedən yola çınqıl daşınıb tökülərək hamarlanıb. 4 km-ə yaxın məsafənin çınqıllanması kənd sakinləri tərəfindən də razılıqla qarşılanıb.