Şriftin ölçüsü :

Saytın rəngi :

Dəmirçilər kənd İƏD üzrə nümayəndəlikdə 2019-cu ilin yekununa dair hesabat yığıncağı keçirilib

07 yanvar 2020 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının Dəmirçilər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 2019-cu ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair keçirilən hesabat yığıncağında ölkəmizdə, eləcə də Qazax rayonunda və kəndlərimizdə görülmüş işlərdən danışılıb.
Hesabat yığıncağında Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri İlyaz İsmayılov və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə yığıncağa sədr və katib seçilib, gündəlikdə duran məsələlər səsləndirilib.
Sonra Dəmirçilər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Gülnaz Mahmudova giriş sözü ilə çıxış edərək bildirib ki, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun gərgin əməyi nəticəsində son 3 ildə, xüsusilə də 2019-cu ildə Qazax şəhərində və eləcə də kəndlərimizdə 10 illərə bərabər işlər görülüb. Yola saldığımız 2019-cu ilin ölkəmizin tarixinə daha bir uğurlu il kimi daxil olduğunu qeyd edən G.Mahmudova cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyatın bütün sahələrində yeni nailiyyətlərə imza atdığını, qarşıya qoyulan hədəflərə doğru inamla irəlilədiyini, xüsusilə 2019-cu ilin ölkəmizin tarixinə sabitlik və əmin-amanlıq ili kimi yazıldığını bildirib. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə iqtisadiyyatın şaxələndirilməsi, rəqabətin yüksəldilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar müsbət nəticələrini vermişdir. “2019-cu il Azərbaycan üçün tarixdə islahatlar ili kimi yadda qalacaq”, - deyən icra nümayəndəsi aparılan məqsədyönlü siyasi islahatları, kadr islahatlarını, struktur islahatlarını, sosial islahatları nümunə kimi göstərib və ölkənin iqtisadi gücünün artdığını, Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini vurğulayıb. İqtisadiyyatın qeyri-neft sektorunun 3% artdığını, xüsusilə qeyri-neft sektorunda sənaye artımının 14% faiz təşkil etdiyini, kənd təsərrüfatında 7% artımın qeydə alındığını, ümumilikdə 2019-cu ildə ölkənin valyuta ehtiyatlarının 4,5 milyard dollar artaraq 50 milyard dollara çatdığını bildirib. 
2019-cu ildə ölkəmizin şanlı tarixinə qızıl hərflərlə yazılan hadisələrdən söz açan icra nümayəndəsi bunun bariz nümunəsi kimi əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının davamı olaraq TANAP layihəsinin istismara verilməsini göstərib. Qeyd edib ki, bu, tarixi layihədir. TANAP artıq Avropa İttifaqı sərhəddinə çatdırıldı. Azərbaycan Avropanın, Avrasiyanın energetika və nəqliyyat xəritəsini yenidən cızır. Bu, ölkəmizin tarixi nailiyyətidir və Azərbaycan xalqı bundan sonra onilliklər ərzində bu layihələrin faydasını görəcək. 2019-cu ildə Azərbaycanda bir sıra sosial paketlər həyata keçirilmiş, minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70%, bəzi müavinətlər 100% artırılmışdır. Artımlar 4,2 milyon əhalini əhatə etmişdir. Bildirib ki, 2019-cu il 10 milyonuncu vətəndaşmızın dünyaya gəlməsi ili kimi də yadda qalmışdır. Müstəqillik dövründə əhalimiz 3 milyon nəfərdən çox artmışdır. Bu, ölkənin gücünü və məsuliyyətini artırır.
Qeyd edib ki, ölkəmizin hər yerində olduğu kimi 2019-cu ildə Qazax rayonunda "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri aparılıb. Prezident İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu iqtisadi islahatlar Qazax rayonunda da öz bəhrəsini verib. Ölkəmizdə olduğu kimi Qazaxda da elə bir sahə yoxdur ki, orada bir yenilik, bir inkişaf olmasın. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi altında həyata keçirilən quruculuq və abadlıq işləri nəticəsində ötən il şəhərin, eləcə də kəndlərin siması köklü şəkildə dəyişib, Qazax respublikamızın ən inkişaf etmiş və ən abad rayonlarından birinə çevrilib. 2019-cu il Qazax rayonu üçün hər bir sahədə uğurlu olub desək yanılmarıq. Elə bir sahə olmaz ki, diqqətdən kənarda qalsın. Bunu istər sosial obyektlərin inşası, istər kənd təsərrüfatının inkişafı, istərsə də təhsil, səhiyyə, idman, mədəniyyət, eləcə də digər sahələrdə əldə etdiyimiz nailiyyətlər söyləməyə əsas verir.
G.Mahmudova bildirib ki, tarixi qədim olan Qazax mahalının köklü kəndlərindən biri də Dəmirçilər və Ürkməzli kəndləridir. Nümayəndəliyin 884 təsərrüfatı və 3054 nəfər əhalisi vardır. Nümayəndəliyin ərazisində 1 bələdiyyə, 2 tam orta məktəb, 1 körpələr-evi uşaq bağçası, 2 sənətkarlıq evi, 2 kitabxana, 1 həkim məntəqəsi, 1 tibb məntəqəsi, 1 poçt  şöbəsi, 1 elektron tipli ATS, 2 bərbərxana, 8 ticarət obyekti fəaliyyət göstərir. Qeyd edib ki, 2019-cu ildə görüləcək işlər haqqında iş planı tərtib edilmiş, hesabat ilində həmin iş planı əsasında iclaslar keçirilib və görüləcək işlər haqqında məsələlər müzakirə edilərək qərarlar qəbul edilib.
Nümayəndəlikdə kargüzarlıq və mühasibatlıq işləri üçün diqqət artırılmışdır. İcra nümayəndəliyi üzrə 2019-cu ildə 919 arayış verilmiş, 23 məktub daxil olmuş, kənar təşkilatlara 28 məktub göndərilmişdir. Vətəndaşlardan 13 yazılı, 53 şifahi müraciət daxil olmuşdur. Hesabat dövründə 4 doğum, 16 nikah, 26 ölüm qeydə alınmışdır. Nümayəndəlikdə təsərrüfatbaşına kitablarda hesabat dövründə lazımi qeydlər aparılmış, imzalar edilmiş, pasport qeydiyyatına daxil olan və qeydiyyatdan çıxanlar haqqında qeydlər aparılmışdır. Əhalidə olan mal–qara və quşlar uçota alınaraq təsərrüfatbaşına kitablarda qeydiyyatı aparılmış və rayon statistika idarəsinə məlumat verilmişdir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhərində və rayonun kəndlərində işçi qruplarının yaradılması ilə əlaqədar Sərəncam imzalamışdır. Həmin Sərəncama uyğun olaraq Dəmirçilər və Ürkməzli kəndlərinin hər birində tərkibi 5 nəfərdən ibarət olmaqla işçi qrupları yaradılmışdır. İşçi qrupunun yaradılmasının əsas məqsədi kənd əhalisinin problemləri ilə maraqlanmaq, həlli istiqamətində işlər görmək, həll edilməyən məsələlərin həlli üçün aidiyyatı üzrə məsələ qaldırmaqdan ibarətdir. Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi, işçi qruplarının təşəbbüsü və kənd fəallarının iştirakı ilə kəndarası yolların, kəndi rayon mərkəzinə birləşdirən yolun ətrafında və kənd qəbirİstanlığında təmizlik işləri aparılaraq yol kənarlarına ağac əkilmişdir. Kənd ərazisində yol kənarlarına, su arxlarına zibil tullantıları atan vətəndaşlara qarşı mübarizə tədbirləri aparılmışdır. Bu məqsədlə Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən nümayəndələr dəvət olunmuş, əhaliyə xəbərdarlıq edilmişdir.
2019-cu ildə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Dəmirçilər və Ürkməzli  kənd sakinləri ilə səyyar görüşlər keçirmiş, kənd sakinlərini narahat edən problemlərlə yerində tanış olaraq aidiyyatı üzrə tapşırıqlar vermişdir.
Suvarma Sistemləri İdarəsi və əhali tərəfindən Dəmirçilər kəndi ərazisində beton üzlüklü arxların 3,7 km-lik hissəsi kol-kosdan təmizlənmiş, hazırda həmin arxın qalan hissəsində təmizlik işləri davam edir. Dəmirçilər arxının 3 km beton üzlüklü yedək arxları, sol sahil kanalından çıxan 500 metr beton üzlüklü kanal təmizlənmiş, Dəmirçilər arxının 900 metr beton üzlüklü hissəsi təmizlənmiş, torpaq məcralı hissəsinin 700 metri təmizlənmişdir. Hazırda işlər davam edir. Ürkməzli kəndində  suvarma  arxları  texnika  vasitəsilə və əl əməyi ilə təmizlənmişdir. Təmizlik işləri davam etdirilir. Dəmirçilər kəndində əhalinin suvarma suyuna olan tələbatının yaxşılaşdırılması məqsədilə Dəmirçilər kəndində 1 ədəd subartezian quyusu qazılmış və istifadəyə veriləcək. Ürkməzli kəndində “Yavıxlı” məhəlləsinə çəkilmış su xəttinin yanmış su motoru Qazax Rayon İcra Hakimiyyətinin köməkliyi ilə yenisi ilə əvəz olunmuş, həmin məhəlləyə suyun verilişi bərpa olunmuşdur. Ürkməzli kəndində subarteziandan 21 ailəyə su verilmişdir. Uzun illər nasaz vəziyyətə olan subartezian quyusu təmir edilmişdir. 15 tonluq su çəni quraşdırılmış, 50 ailə su ilə təmin olunmuşdur. Dəmirçilər kəndində də 8 tonluq su çəni quraşdırılmış, 50 ailənin su problemi müsbət həllini tapmışdır. Dəmirçilər kəndində Dəmirçilər-Ürkməzli bələdiyyəsi tərəfindən təzə məhəlləyə məhəlləarası yollara çınqıl verilmiş, texnika ilə hamarlanmışdır.
Əhalinin həyətyanı və pay torpaqlarının suvarılması işi yaxşı təşkil edilmişdir. Havaların quraq keçməsi ilə əlaqədar “Coğazçay” su anbarında su olmamasına görə əhalinin suvarma və məişət suyu ilə təmin olunmasında çətinliklər yaranmışdır. Yaranmış çətinliklərin aradan qaldırılması üçün Ürkməzli kəndində yenə də Qazax Rayon İcra Hakimiyyətinin köməkliyi ilə su nasosu quraşdırılmışdır. Dəmirçilər kəndində isə quraşdırılmış nasos vasitəsilə hər gün 6 saat Dəmirçilər arxına su verilmişdir.
Dəmirçilər və Ürkməzli kəndlərində 300 m rabitə xətləri təmir olunmuş, 5 ədəd telefon dirəkləri yenilənmiş, 25 ədəd telefon dirəyi isə təmir olunmuşdur. Nümayəndəlik ərazisində yaşayan şəhid ailələrinə, Qarabağ əlilərinə Qazax Rayon İcra Hakimiyyəti tərəfindən Yeni il, Novruz və Qurban bayramları münasibətilə bayram sovqatları verilmişdir.
Nümayəndəliyin ərazisindən keçən Qazax–Quşçu Ayrım magistral yolunun kənarında təmizlik işləri görülmüş, kollar və qurumuş ağaclar məhv edilərək təmizlənmişdir. Təmizlənmiş yol kənarlarına yeni ağaclar əkilmişdir.
Nümayəndəlik ərazisində klub, mədəniyyət evləri, kitabxana fəaliyyət göstərir. Həmin müəssisələrdə il ərzində 20 Yanvar şəhidlərinin, 26 Fevral - Xocalı faciəsi qurbanlarının anım günləri, 21 Mart - Novruz bayramı şənliyi, 9 May - Qələbə Günü, 28 May - Respublika Günü, 18 Oktyabr - Müstəqillik Günü, Qurban və Ramazan bayramları tədbirləri keçirilmişdir.
Nümayəndəlik ərazisində 2 tam orta məktəb fəaliyyət göstərir. Dəmirçilər kənd tam orta məktəbində 200 nəfər şagird təhsil alır. Şagirdlərin təlim və tərbiyəsi ilə 28 nəfər müəllim məşğul olur. Məktəbdə 11 nəfər texniki işçi işləyir. 2019-cu ildə məktəbin 1 nəfər məzunu ali, 2 nəfər məzunu isə orta ixtisas məktəblərinə daxil olmuşdur.
Ürkməzli kənd tam orta məktəbində 170 nəfər şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 23 müəllim məşğul olur. Məktəbdə 16 nəfər texniki işçi işləyir. 2019-cu ildə məktəbin 7 nəfər  məzunu ali, 2 nəfər məzunu isə orta ixtisas məktəblərinə daxil olublar. Ürkməzli kənd tam orta məktəbin 1 nəfər məzunu 600-dən yuxarı bal toplayıb. Təhsil müəssisələrinin rəhbərləri rəhbərlik etdikləri kollektivlərdə ciddi nizam–intizam yaratmağa müvəffəq olmuşlar. Dəmirçilər kənd tam orta məktəbi qazanxana sistemi, Ürkməzli kənd tam orta məktəbi isə müasir istilik sistemi ilə təchiz olunur. Hər iki məktəbdə istilik normal vəziyyətdədir. Rayon rəhbərliyinin tapşırığına uyğun olaraq nümayəndəlik tərəfindən məktəblərdə şagirdlərin dərsə davamiyyətinə daim ciddi nəzarət olunur.
Dəmirçilər kənd körpələr evi–uşaq bağçasının kollektivi də işlərini günün tələbləri səviyyəsində qururlar. Bağça 2 yaş qrupu üzrə fəaliyyət göstərir. Bağçada uşaqların təhsili və istirahəti üçün hər cür şərait yaradılmışdır. Dəmirçilər kənd körpələr evi–uşaq bağçası 2019-cu ildə mərkəzləşdirilmiş istilik sistemi ilə təmin olunmuşdur. Bağçada əmək intizamına ciddi əməl olunur.
Əhalinin sağlamlığına, onların səhiyyə xidmətinə məsuliyyəti Dəmirçilər və Ürkməzli həkim məntəqələrinin kollektivi daşıyır. Kollektivdə xəstələrin qeydiyyatı, uşaqlarda peyvəndlərin aparılması, ilkin tibbi yardım, günün tələblərinə cavab verir. Nümayəndəlik ərazisidə 2019-cu ildə elektrik enerjisi və təbii qaz yanacağının verilməsi fasiləsiz olmuşdur. Əhali istifadə etdiyi elektrik enerjisi və təbii qazın dəyərini nəzarətçilər tərəfindən verilən bildirişlər əsasında kənd poçtuna ödəyirlər. Dəmirçilər kənd poçt şöbəsi əhalidən enerji, qaz, telefon pullarını qəbul edir, müxtəlif pul baratları, məktubları qəbul edib yola salır. Şöbədə nizam-intizam, xidmət səviyyəsi qənaətbəxşdir.
ATS-in kollektivi əhalinin rabitə xidmətini təmin edir. Ərazidə 384 nömrəli yeni elektron ATS və mobil telefon stansiyaları “Azərcell” və “Bakcell” fəaliyyət göstərir. Nümayəndəlik ərazisində 138 abonent internet xidmətindən istifadə edir. Dünyanın istənilən ölkəsi ilə rabitə xidməti və internet xidməti təmin olunmuşdur.
Nümayəndəlik tərəfindən əhali arasında vətənpərvərlik mövzusunda təbliğat və təşviqat işləri müntəzəm olaraq aparılır. Ərazidə hərbi xidmətə çağırış nümunəvi qaydada olmuş hərbidən yayınma hallarına yol verilməmişdir.
Nümayəndəlikdə əhalinin əsas fəaliyyət sahəsi bitkiçilik və heyvandarlıqdır. 2019-cu ilin məhsulu üçün 410 hektarda payızlıq buğda, 290 hektarda arpa, 65 hektarda kartof, 10 hektarda qarğıdalı, 4 hektarda tütün əkilmişdir. 1518 ton buğda, 727 ton arpa, 1972 ton kartof, 55 ton qarğıdalı istehsal olunmuşdur. 2019-cu ildə nümayəndəlik ərazisində tütün və barama istehsal olunmuşdur. 4 hektar sahədən 6735 kiloqram tütün təhvil verilmiş, 400 kq barama tədarük edilmişdir. Barama istehsalının artırılması məqsədilə əkilmiş tut tinglərinə aqrotexniki qaydada qulluq edilmiş, 1000 ədəd yeni tut tingləri əkilmişdir. Kənd təsərrüfatı məhsulları istehsal edən 554 nəfər istehsalçıya müəyyən olunmuş qaydada yanacaq və sürtkü yağlarına görə 51953 manat konpensasiya ödənilmişdir.
2020-ci ilin məhsulu üçün nümayəndəlik ərazisində 650 hektar sahə şumlanmış, 320 hektar sahədə buğda, 220 hektar sahədə arpa əkilmişdir. 140 hektar kartof, 20 hektar qarğıdalı, 20 hektar yeni yonca və barama yetişdirilməsi nəzərdə tutulmuşdur.
1 yanvar 2020-ci il tarixə əhali və fermer təsərrüfatlarında 1989 baş iribuynuzu mal-qara və 8559 baş xırdabuynuzlu heyvan, 12,3 min baş quş qeydiyyata alınmışdır. Nümayəndəliyin Baytarlıq sahəsinə xidmət edən işçilər əhalinin mal-qarası və quşlarına zoobaytar xidmətinin təşkilinə məsuldur. Epizotik tədbirlərin vaxtında, keyfiyyətlə aparılmasını təmin edir.
Pay torpaqlarının və bələdiyyənin istifadəsində olan torpaqların təyinatı üzrə istifadə edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, məhsuldarlığın yüksəldilməsi, növbəli əkin sisteminin tətbiqinin əhaliyə çatdırılması, yazlıq bitkilərin və yem bitkilərinin əkini üçün aqrotexniki tədbirlərin aparılması daim diqqət mərkəzindədir.
Dəmirçilər kənd icra nümayəndəliyi istər əkinçilik, istərsə də heyvandarlıq sahəsində kənd əhalisinə yaxından köməklik göstərir. Torpağın əkilməsində, səpilməsində, biçilməsində, sahələrin qorunmasında çətinliklər olduqda Dəmirçilər-Ürkməzli bələdiyyəsi ilə birlikdə həmin çətinliklər aradan qaldırılır.
Geniş hesabat məruzəsinə yekun vuran G.Mahmudova sonda əhalinin maddi rifah halının yaxşılaşdırılması naminə qarşıya qoyulan bütün vəzifələrin həllinə nail olmaq üçün nümayəndəlik olaraq bütün qüvvələrini səfərbər etməklə əllərindən gələni əsirgəməyəcəklərini bildirib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev hesabat yığıncağında çıxış edərək kənd sakinlərini salamlayıb və yola saldığımız 2019-cu ilin ölkəmizin tarixinə daha bir uğurlu il kimi daxil olmasından söz açıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyatın bütün sahələrində yeni nailiyyətlərə imza atdığını qeyd edən natiq ölkəmizin qarşıya qoyulan hədəflərə doğru inamla irəlilədiyini bildirib. Respublika Prezidentinin diqqət və qayğısı sayəsində yola saldığımız 2019-cu ilin Qazaxda abadlıq-quruculuq ili kimi, uğur və nailiyyətlərlə zəngin bir il kimi yadda qaldığını qeyd edən M.Alıyev il ərzində xeyli sayda işlərin görüldüyünü bildirib. Vurğulayıb ki, 2019-cu ilin uğurlu layihələrindən biri rayonda 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksinin tikintisi idi ki, bu iş yüksək səviyyədə başa çatdırılıb. Bundan əlavə, yenə də böyük layihələr sayılan su və kanalizasiya sisteminin və Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilişləridir ki, uğurla davam etdirilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi altında həyata keçirilmış quruculuq və abadlıq işləri, yeni layihələr barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verən birinci müavin rayonda yaradılan yeni iş yerlərindən də söz açıb.
Rayon rəhbərliyi tərəfindən azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən söz açan birinci müavin bu gün rayon üzrə olan 25 bağçadan 21-nin müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını qeyd edib. Əvvəlki illərdə rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən natiq həmin işlərin 2019-cu ildə də davam etdirildiyini bildirib. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Respublika Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. Həmin Sərəncama əsasən rayonun Cəfərli, Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin hər birində 1 ədəd subartezian quyularının qazıldığını qeyd edib. Son 3 ildə rayonda 60-dan artıq subartezian quyusunun qazıldığını, bu işlərin 2020-ci ildə də davam etdiriləcəyini və Dəmirçiləri kəndində də nəzərdə tutulduğunu vurğulayıb.
Sonra çıxışlar olub. Ürkməzli kənd tam orta məktəbin direktoru İlqar Miralayev, Ürkməzli kənd sənətkarlıq evinin müdiri Gülsənəm Cəlilova, Dəmirçilər kənd sakinlərindən Sədaqət Qədiməliyeva, İlhamə Novruzova, Kənan Məmmədov, Məzahir Kərimov, Süleyman Hadıyev, Rəna Novruzova, Gülsəfa Axundova, Nəzakət Rəhimova və başqaları çıxış edərək hesabat ilində istər rayonda, istərsə də kənddə görülmüş işlərdən razı qaldıqlarını bildirib, Qazaxda aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərinə görə Respublika Prezidenti İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını çatdırıblar. Çıxış edənlər qəzalı vəziyyətdə olan Dəmirçilər kənd tam orta məktəbin təmir olunmasını, məktəbdə su çəninin qoyulmasını, kənddəki oyun meydançasında futbol oyunu üçün qapı quraşdırılmasını və s. məsələləri də qeyd ediblər.
Sakinləri dinləyən M.Alıyev səsələnən hər bir məsələyə aidiyyatı üzrə diqqətlə baxılacağını bildirib.

Keçidlər