Daş Salahlı kəndində həkim məntəqəsinin açılışı olmuşdur
Qazax rayonunun Daş Salahlı kəndində Yaponiya Səfirliyinin xəttilə tikilmiş həkim məntəqəsinin açılışı olmuşdur. Tədbirdə Rayon İcra Hakmiyyətinin başçısı cənab Ayaz Əsgərov, Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqaladə və Səlahiyyətli səfiri cənab Tsuquo Takahaşi, Səfirliyin qrant məsləhətçisi xanım Tsuda Miki, "İnkişaf-2006" Sosial Dəstək İctimai Birliyinin icraçı direktoru cənab Füzuli Abıyev, icma sədri xanım Flora Həsənova, Qazax rayon Mərkəzi Xəstəxanasının baş həkimi Arzu Novruzov, Qazax Sement Zavodu MMC-nin direktoru cənab Hikmət Qəribov, KİV və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Mərasimi Füzuli Abıyev açdıqdan sonra Azərbaycan Respublikasının və Yaponiya hökumətinin dövlət himnləri səsləndirilmişdir. Cənab Tsuquo Takahaşi, cənab Ayaz Əsgərov və xanım Flora Həsənova çıxış etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov öz çıxışında rayonda son illərdə sosil-iqtisadi və tikinti abadlıq sahəsində görülmüş işlər barədə məlumat verdikdən sonra söyləmişdir ki, açılış mərasiminə toplaşdığımız həkim məntəqəsinin Yaponiya Səfirliyinin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Qazax rayon İcra Hakmiyyətinin birgə razılığı əsasında cari ilin aprel ayında tikintisinə başlanılmışdır. Yaponiya Səfirliyi tərəfindən tikilmiş bu bina Azərbycan-Yaponiya dostluğunun və əməkdaşlığının bariz nümunəsidir. Əsası Ulu Öndər, Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş bu dostluq və əməkdaşlıq möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən daha da inkişaf etdirilmiş və möhkəmləndirilmişdir. Bu gün biz hamımız bu dostluğun necə gözəl bəhrə verdiyinin şahidi oluruq. Həmin dostluğun bəhrəsi kimi tikilmiş həkim məntəqəsinin sahəsi 216 km2 olmaqla 8 otaqdan ibarətdir. Tikinti işləri müasir standartlara uyğun aparılmışdır və bütün tələblərə cavab verir. Həkim məntəqəsi 10 mindən çox əhaliyə tibbi xidmət göstərəcəkdir. Bundan başqa, həkim məntəqəsi lazım olan bütün tibb avadanlıqları, müasir aparatura və inventarlarla tam təmin olunmuşdur. Sonra cənab Tsuquo Takahaşi və kəndin icma sədri xanım Flora Həsənova çıxış etmişlər. Onlar Yaponiya dövləti və Azərbaycan Respublikası arasında mövcud olan sosial- iqtisadi, elm, təhsil, səhiyyə sahəsindəki əlaqələrdən danışmışlar və gələcəkdə də bu cür əlaqələrin qorunub saxlanılması və daha da möhkəmləndirilməsinə böyük ehtiyac olduğunu bildirmişlər. Sonda həkim məntəqəsinə baxış keçirilmiş, mediya üçün müsahibələr verilmiş xatirə ağacları əkilmiş və şəkil çəkdirilmişdir.