Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda daha bir şəhid ailəsinin müraciəti öz müsbət həllini tapıb

08 yanvar 2020 | 16:00

Bu gün birmənalı şəkildə qeyd edə bilərik ki, Qazaxda bütün sahələrlə yanaşı vətəndaş amili də daim diqqət mərkəzində saxlanılır. Ölkə başçısı cənab İlham Əliyevin vətəndaşlara olan sonsuz diqqət və qayğısı Qazaxda da olduğu kimi öz əksini tapır. Bunun bariz nümunəsi də son 3 ildə rayon rəhbərliyi tərəfindən sakinlərə olan səmimi münasibət, göstərilən qayğı, ən əsası da istər şəhərdə, istərsə də kəndlərdə sakinlərlə keçirilən görüşlərdə səslənən müraciətlərə operativ şəkildə cavab verilməsi, vətəndaşların istəyinə əsasən yerində baxış keçirilməsidir. Qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, həlli mümkün olan nə varsa edilməsi bir daha sübut edir ki, Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba dəqiq şəkildə baxılır. Məktubda qeyd olunan hər bir istəyə xüsusi həssaslıqla yanaşılır.
Ötən yazımızda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun ümumi qəbul zamanı müraciət etmiş şəhid ailəsi, şəhərin Ə.Şıxlinski küçəsi 5 ünvanında yaşayan Hacıyeva Nəzakət Səməd qızının istəyinə əsasən evində olması, qaldırdığı məsələyə yerində baxış keçirməsi barədə məlumat vermişdik.
Şəhid anasının evinin təmiri ilə bağlı müraciətinə əsasən yerində baxış keçirən rayon rəhbərinin elə o zaman köməklik olunacağını bildirməsi, təmirlə bağlı yerindəcə tapşırıq verməsi rayonda vətəndaşa göstərilən qayğının daha bir bariz nümunəsidir.
Bu gün icra başçısı Rəcəb Babaşov yenidən həmin ünvanda olub, görülən işlərlə maraqlanıb.
Rayon rəhbərinə məlumat verilib ki, evin dam örtüyü tamamilə yenilənib, otaqlarda döşəmə dəyişdirilib, köhnə qapılar yenisi ilə əvəz olunub, pəncərələrin şüşələri yenilənib, həyətə çınqıl döşənib, giriş hissəyə, evin qarşısına beton tökülüb və digər təmir-bərpa işləri aparılıb. 
Görülən işləri, eləcə də göstərilən diqqət və qayğını razılıq hissi ilə qeyd edən şəhid anası qaldırdığı məsələyə qısa bir vaxtda baxılmasına görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Ölkə başçısının şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğısının son 3 ildə Qazaxda da öz real əksini tapdığını qeyd edən N.Hacıyeva hər zaman dövlətinə arxalandığını vurğulayıb. Şəhid ailəsi olaraq hər zaman qayğı ilə əhatə olunduğunu söyləyən şəhid anası bunun əyani sübutu kimi evinin təmir olunmasını göstərib.
Şəhid anası ilə səmimi söhbət edən rayon rəhbəri şəhid ailələrinə olan qayğının bundan sonra da yüksək səviyyədə olacağını qeyd edib.

Keçidlər