Şriftin ölçüsü :

Saytın rəngi :

Ağköynək kəndində səyyar görüş keçirilib

09 yanvar 2020 | 16:00

Bu gün 2020-ci ilin ilk səyyar görüşü Ağköynək kənd sakinləri ilə olub. Ölkə başçısının tapşırıq və tövsiyəsinə əsasən aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə yola saldığımız 2019-cu ildə qazanılan uğur və nailiyyətlərdən, həyata keçirilən genişmiqyaslı işlərdən danışılıb, həmçinin sakinləri narahat edən məsələlər dinlənilib, qayğılarla maraqlanılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayaraq yenicə qədəm qoyduğumuz 2020-ci ilin gəlişi münasibətilə təbrik edib, səmimi arzularını çatdırıb. Yola saldığımız ildə əldə olunan nailiyyətlərin bu il də uğurla davam etdiriləcəyini bildirib. 2019-cu ildə proqrama uyğun olaraq Ağköynək kəndində dörd dəfə səyyar görüşdə olduğunu qeyd edən icra başçısı bu cür görüşlərin mütəmadi olaraq keçiriləcəyini qeyd edib.
İcra başçısı bildirib ki, ötən ildə olduğu kimi, bugünkü görüşün də əsas məqsədi sakinlərin qayğılarını dinləmək, görüş zamanı qaldırılan məsələlərin, səslənən fikirlərin həlli istiqamətində əməli işlər görməkdir. Bu görüşün vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini, həmin məsələləri öyrənərək operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu bir daha vurğulamaqdır. Ölkə rəhbərinin də söylədiyi kimi biz məmurların əsas vəzifəsinin xalqa xidmət olduğunu göstərməkdir.
Rayon rəhbəri ölkə başçısının növbəti dəfə Prezident seçildikdən sonra yürütdüyü məqsədyönlü siyasətdən, son vaxtlar dövlət məmurları, vətəndaş-məmur münasibətləri haqqında söylədiyi fikirlərdən, apardığı kadr islahatından, vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, xüsusilə də əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində imzaladığı çoxsaylı Fərman və Sərəncamlardan, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara olan diqqət və qayğısından da söhbət açıb.
2019-cu ilin istər iqtisadi, istərsə də kadr islahatları ili kimi yadda qaldığını qeyd edən icra başçısı ölkə rəhbərinin düşünülmüş siyasəti nəticəsində istər 2018-ci ilin sonları, istərsə də 2019-cu ildə vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən iqtisadi islahatlardan danışıb. Dövlət başçısının verdiyi sözlərin bu gün öz real əksini tapmasını vətəndaşlara olan ən böyük diqqət və qayğısı kimi göstərib. Respublika Prezidenti tərəfindən istər ötən ilin sonları, istərsə də 2019-cu ilin əvvəllərində həyata keçirilən iqtisadi islahatların birbaşa vətəndaş amilinə xidmət edən islahatlar olduğunu və verilən vədlərin uğurla yerinə yetirilməsi kimi qeyd edib. Həmin islahatların kökündə əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılmasının dayandığını söyləyib. Ölkə rəhbərinin iqtisadi islahat paketinin icrası ilə bağlı imzaladığı mühüm Fərman və Sərəncamlardan danışan icra başçısı həmin Sərəncamlardan irəli gələn vəzifələrin bu gün də layiqincə yerinə yetirildiyini bildirib. 2019-cu ilin 18 iyununda imzalanan çoxsaylı Sərəncamların əhəmiyyətindən danışan rayon rəhbəri istər minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata çatdırılmasını, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılmasını ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində atılan ən uğurlu addımlar kimi dəyərləndirib. Xüsusilə də problemli kreditərin həlli ilə bağlı imzalanan Fərmanı, ödənişli əsaslarla təhsil alan tələbələrə təqaüdlərin verilməsini atılan ən humanist addım kimi qeyd edib.
Respublika Prezidentinin diqqət və qayğısı sayəsində yola saldığımız 2019-cu ilin Qazaxda abadlıq-quruculuq ili kimi, uğur və nailiyyətlərlə zəngin bir il kimi yadda qaldığını qeyd edən icra başçısı il ərzində xeyli sayda işlərin görüldüyünü bildirib. İcra başçısı rayon üçün böyük əhəmiyyət daşıyan layihələrin məhz 2019-cu ildə öz müsbət həllini tapdığını bildirib. Rayon rəhbəri qeyd edib ki, əsas məsələlərdən biri 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksinin tikintisi idi ki, bu iş yüksək səviyyədə başa çatdırılıb. Bundan əlavə, yenə də böyük layihələr sayılan su və kanalizasiya xəttinin və Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilişləridir ki, uğurla davam etdirilir. İcra başçısı Ağköynək və Qarapapaq kəndlərinin də su və kanalizasiya sisteminin yenidən qurulmasını kənd sakinlərinə olan dövlət qayğısı kimi göstərib.
Görüşdə dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlara əsasən Qazaxda görülən məqsədyönlü işlərdən də söz açılıb. Son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt yolların çəkilməsi bu sahədə görülən işlərin əyani sübutu kimi qeyd edilib. Rayon rəhbəri qəbul edilmiş 5 illik Dövlət Proqramında müxtəlif illər üzrə rayonun İkinci Şıxlı, Xanlıqlar, Fərəhli kəndləri ilə yanaşı Ağköynək və Qarapapaq kəndlərinə də yeni asfalt yol çəkilişlərinin salınmasını bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdirilməsi kimi qiymətləndirib.
Ölkə başçısının təhsilə olan yüksək diqqət və qayğısından söz açan icra başçısı 2019-cu ilin təhsil sahəsində qazanılan nailiyyətlərlə də yadda qaldığını bildirib. Yola saldığımız ildə məktəb tikintisi ilə bağlı məqsədyönlü işlər görüldüyünü qeyd edib. İlin əvvəlində S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsini, daha sonra "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salınmasını, həmin məktəblərdən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin Heydər Əliyev Fondu tərəfindən əsaslı tikintisini, Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin yenidən tikilməsini, Qaymaqlı kənd tam orta məktəbin əsaslı təmirini gələcəyimiz olan uşaqlara, eləcə də təhsil sahəsinə olan diqqət və qayğı kimi qeyd edib. 
İcra başçısı rayonda azyaşlı körpələrə göstərilən qayğının, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitin 2019-cu ildə də daim diqqət mərkəzində saxlanıldığını bildirib. 2019-cu ilin əvvəlində 90 yerlik şəhər 6 saylı körpələr evi-uşaq bağçasının və may ayında Qazaxbəyli kənd uşaq bağçasının istifadəyə verilməsini bu sahədə görülən işlərin davamı kimi qeyd edib. Ümumiyyətlə, son 3 ildə rayon üzrə olan 25 bağçadan 21-nin müasir standartlara cavab verən səviyyəyə çatdırılmasını gələcəyimiz olan uşaqlara göstərilən qayğının bariz nümunəsi kimi vurğulayıb. İcra başçısı qeyd edib ki, bu gün bir neçə kənd var ki, bağçanın açılmasına böyük ehtiyac var. Ağköynək kəndi də həmin kəndlər sırasındadır və bu sahədə məqsədyönlü işlərin görülməsi nəzərdə tutulub.
Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən gənclər siyasətinin uğurla davam etdirildiyini qeyd edən icra başçısı ölkəmizdə gənclərin inkişaf etməsi üçün hər cür imkan və şərait yaradıldığını bildirib. Respublika Prezidentinin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci ilin "Könüllülər ili” elan edilməsini həmin uğurlu siyasətin və gənclərə olan qayğının bariz nümunəsi kimi qeyd edib. Rayon rəhbəri Ş.Çobanov adına Ağköynək kənd tam orta məktəbində təhsil alan yuxarı sinif şagirdlərinin də könüllülük fəaliyyətinə qoşulmalarını və fəal iştirak etmələrini tövsiyə edib.
Rayon rəhbəri  uzun illərdən bəri mövcud olan su probleminin də zaman-zaman aradan qaldırıldığını bildirib. Ölkə başçısının bu sahəyə olan qayğısı sayəsində son illər rayonun Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli su çəkildiyini qeyd edib. Əvvəlki illərdə rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdirildiyini bildirib. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Respublika Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. İcra başçısı həmin Sərəncama əsasən rayonun Cəfərli, Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin hər birində 1 ədəd subartezian quyularının qazıldığını qeyd edib. Son 3 ildə rayonda 60-dan artıq subartezian quyusunun qazıldığını, bu işlərin 2020-ci ildə də davam etdiriləcəyini və Ağköynək kəndində də nəzərdə tutulacağını vurğulayıb.
"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanından söz açan icra başçısı bildirib ki, həmin Dövlət Proqramı Azərbaycanın növbəti 5 il ərzində daha böyük uğurlar əldə etməsindən xəbər verir.  Rayon rəhbəri həmin Dövlət Proqramına Kür çayının ətrafında sahilbərkitmə işlərinin aparılması, arxların beton üzlüyə alınması və bunun kimi bir sıra məsələlərin salındığını vurğulayıb.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli  kəndlərində SİP kabelləşmə işinin tam başa çatdığını qeyd edib. Digər kəndlərdə olduğu kimi, Ağköynək kəndində də tam başa çatdırılacağını bildirib.
Görüşdə erkən nikahlarla, eləcə yeni ailə quran gənclərin nikaha daxil olması ilə əlaqədar olan məsələlərdən, narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən söhbət açan rayon rəhbəri bu mövzu ilə bağlı istər maarifləndirmə işinin yüksək səviyyədə təşkil olunmasını, istərsə də ictimai qınağın olmasını, ziyalıların, ağsaqqalların bu məsələyə münasibət bildirərək xüsusi diqqət ayırmalarını vurğulayıb.
Kənd sakinlərindən Rizvan Mansurov, Şofiq Hacalıyev, Akifə Hacalıyeva, Vəli Vəliyev, Fidan Yaqubova, Səbinə Murtuzova, Nəzakət Mansurova, Əlişan Tağıyev, Niyazi İbrahimov, Nihad Musayev, Əli Bayramov, Rafiq Alıyev, Cəvahir Yusifova, Pərnisə Hacalıyeva və başqaları çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Son illər respublikamızın bölgələrində, Qazax rayonunda, eləcə də kəndlərdə görülən genişmiqyaslı işlərə görə ölkə Prezidenti İlham Əliyevə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Rayonda görülən işlərdən danışan sakinlər 2019-cu ildə aparılan abadlıq və quruculuğu yüksək qiymətləndiriblər. Çıxış edənlər sakinlərə göstərdiyi böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər. Görüşdə minnətdarlıqla yanaşı, sakinlərin müxtəlif səpkili müraciətləri də dinlənilib. Vətəndaşların müraciətlərini dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib.

Keçidlər