Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax Rayon Heydər Əliyev Mərkəzində “Tariximizin dönüş məqamı - 20 Yanvar” mövzusunda dəyirmi masa təşkil edilib

11 yanvar 2020 | 16:00

Bu gün Qazax Rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar “Tariximizin dönüş məqamı - 20 Yanvar” mövzusunda dəyirmi masa təşkil edilib. 
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında baş məsləhətçi Gülnar Quluyeva, N.Vəliyev adına şəhər 5 nömrəli tam orta məktəbin şagirdləri və mərkəzin əməkdaşları iştirak ediblər.
İlk olaraq 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq bildirib ki, XX əsr boyunca Azərbaycan tarixində xalqımıza qarşı düşünülmüş şəkildə dəfələrlə soyqırımlar, terror aktları və deportasiyalar törədilmiş, dəfələrlə soydaşlarımız öz tarixi torpaqlarından qovulmuşlar. Bu gün anım gününə toplaşdığımız 20 yanvar 1990-cı ildə törədilmiş və tariximizə Qanlı Yanvar faciəsi kimi yazılmış bu terror aktından 30 il keçir. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə edilmiş silahlı təcavüz insanlığa sığmayan, bütün insan və hüquq azadlıqlarının pozulduğu bu hadisə keçmiş Sovet dövlətinin “parçala hökmranlıq et” siyasətinin əməli nümunəsi idi. Eyni zamanda totalitar bir rejimin süqutu ərəfəsində yüzlərlə insanın vəhşicəsinə qətlə yetirilməsi artıq təməlindən çat verməyə başlamış imperiyanı xilas etmək yolunda törədilən cinayət idi.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında baş məsləhətçi Gülnar Quluyeva çıxış edərək bildirib ki, 20 Yanvar hadisələri xalqımızın qəhrəmanlıq salnaməsidir. Bu hadisəyə ilk siyasi hüquqi qiymət verən də məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. 1994-cü ilin fevralında Milli Məclisin xüsusi sessiyası keçirilmiş və həmin hadisə hərbi təcavüz və cinayət kimi qiymətləndirilmiş, müzakirələrin yekunu olaraq “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilmişdir. Bu gün isə ölkə başçısının imzaladığı bir sıra fərman və sərəncamlara əsasən şəhidlərin xatirəsi uca tutulur, onların ailələri dövlət tərəfindən daim diqqət və qayğı ilə təmin  olunur. Həmçinin rayonumuzda da şəhidlərin xatirəsinə abidə kompleksi ucaldılmış və həmin yer rayon ictimaiyyətinin və rayonumuza gələn qonaqların ilk olaraq ziyarət etdiyi müqəddəs məkana çevrilmişdir.
Mərkəzin əməkdaşları Sərvinaz Məmmədova, Rufina Namazova çıxış edərək faciə haqqında öz ürək sözlərini bildiriblər.
Sonda 20 Yanvar faciəsinin dəhşətlərini özündə əks etdirən film nümayiş etdirilib. N.Vəliyev adına şəhər 5 nömrəli tam orta məktəbin şagirdlərindən Nərmin Abdullayeva, Salatın Abdullayeva Sevgi Kosayeva, Türkan Abdullayeva, Aysu Yusifova, Fəxri Mustafazadə, Aydın Şərifzadə, Aysu Hacıyeva, Aysu Bəkirova 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər söyləyib və kompozisiyalar nümayiş etdiriblər.

Keçidlər