Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar görüşdə qaldırılan məsələlər öz müsbət həllini tapıb

14 yanvar 2020 | 16:00

Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda daim diqqət mərkəzində saxlanılır. Son 3 ildə rayon rəhbərliyi tərəfindən vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar, sakinlərlə keçirilən səyyar görüşlərdə səslənən fikirlərə, qaldırılan məsələlərə operativ şəkildə baxılması bunun bariz nümunəsidir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər təyin olunduğu ilk gündən kəndlərdə keçirdiyi səyyar görüşlər də məhz sakinləri narahat edən məsələlərin öz müsbət həllini tapmasına xidmət edir. İcra başçısının səyyar görüşdə səsləndirilən hər bir məsələyə xüsusi qayğı ilə yanaşması, həlli istiqamətində konkret tapşırıqlar verməsi bunu hər zaman sübut edir.
Qazaxbəyli kəndində keçirilən səyyar görüşdə səsləndirilən məsələlərin həll olunması da bu dediklərimizin əyani sübutudur. Səyyar görüş zamanı sakinlər kənd qəbiristanlığının üst tərəfindən keçən “Qanırma” arxının məcrasının lil və kol-kosdan təmizlənməsi və kəndin içərisindən keçən su arxına su ayırıcı qapının qoyulması barədə müraciət etmişdilər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti şəxslərə konkret tapşırıqlar verməsi bir daha onu sübut etdi ki, Qazaxda vətəndaş amili hər zaman ön planda olub və bundan sonra da olacaq. Çünki artıq səyyar görüşdə qaldırılan hər iki məsələ öz müsbət həllini tapıb. Həm “Qanırma” arxının məcrası lil və kol-kosdan təmizlənib, həm də kəndin içərisindən keçən su arxına su ayırıcı qapı qoyulub.
Bu gün bütün sahələrdə həyata keçirilən əməli işlər bir daha göstərir ki, ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda hər zaman ön planda tutulur. Sakinlər tərəfindən səsləndirilən hər xırda bir məsələyə belə həssaslıqla yanaşılır və müsbət həllini tapır.

Keçidlər