Şriftin ölçüsü :

Saytın rəngi :

Aslanbəyli kənd İƏD-si üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib

15 yanvar 2020 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının Aslanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 2019-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.
Yığıncağın aparılması üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər səslənib.
Yığıncaqda iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev giriş sözü ilə çıxış edərək rayon rəhbərliyinin adından kənd sakinlərini salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dinamik inkişaf strategiyası Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində uğurla davam etdirilir. Birinci müavin bildirib ki, Respublika Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədəki nitqindən bir daha aydın oldu ki, dövlət başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə mövqeyi və nüfuzu daha da möhkəmlənib. M.Alıyev vurğulayıb ki, 2019-cu il Qazax rayonu üçün hər bir sahədə uğurlu il oldu. Ölkə başçısının siyasətinin Qazaxda rayon rəhbərliyi tərəfindən olduğu kimi icra olunması sayəsində rayonda bütün sahələr üzrə uğurlu nəticələr əldə olundu. Bu gün tam əminliklə deyə bilərik ki, Qazaxda elə bir sahə olmaz ki, diqqətdən kənarda qalsın. Bunu istər sosial obyektlərin inşası, istər kənd təsərrüfatının inkişafı, istərsə də təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində əldə etdiyimiz nailiyyətlər söyləməyə əsas verir. "2019-cu ilin Qazaxda tikinti-quruculuq ili kimi yadda qaldığını”, - qeyd edən birinci müavin istər şəhər mərkəzində, istərsə də kəndlərdə yerləşən və açılışları nəzərdə tutulan ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən "Qazax Aqropark”ın, "Gedik-Carçı Qaynaq” MMC tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun istifadəyə verilməsini işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlər kimi qiymətləndirib. "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikilən fabrikin inşasını da işsizliyin aradan qaldırılması istiqamətində görülən işlər kimi vurğulayıb. Qeyd edib ki, hazırda rayonda ən böyük layihələrdən biri olan 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksinin tikintisi idi ki, bu iş yüksək səviyyədə başa çatdırılıb. Bundan əlavə, yenə də böyük layihələr sayılan su və kanalizasiya xəttinin, eləcə də Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilişləri uğurla davam etdirilir. M.Alıyev rayonda aparılan abadlıq və quruculuq işlərinin Aslanbəyli kəndindən də yan keçmədiyini bildirib. Qeyd edib ki, 2019-cu ilin kənd üçün düşərli il olmasını burada görülən işlərdən də aydın şəkildə görmək olar.
Aslanbəyli kənd İƏD-si üzrə nümayəndə Məhəmməd Pirməmmədov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, Aslanbəyli kəndi Qazax rayonunun qədim kəndlərindən biridir. Kəndin hazırda 976 təsərrüfatı, 4420 nəfər əhalisi vardır. Nümayəndəliyin ərazisində 1 bələdiyyə, 1 tam orta məktəb, 1 folklor evi, 1 kitabxana, 1 həkim məntəqəsi, 1 poçt, 1 rabitə şöbəsi, 1 ATS, 2 bərbərxana, 17 ticarət obyekti fəaliyyət göstərir. Kənd ərazisində Hacımahmud Əfəndi ziyarətgahı və məscidi vardır.
2019-cu ildə görüləcək işlər haqqında iş planı tərtib edilmişdir. Hesabat ilində həmin iş planı əsasında iclaslar keçirilmiş və görüləcək işlər haqqında məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir.
İcra nümayəndəliyi üzrə 2019-cu ildə 999 arayış verilmiş, 24 məktub daxil olmuş, vətəndaşlardan müxtəlif mövzuda 16 yazılı, 22 şifahi müraciətlər daxil olmuşdur. Müraciətlərin hər biri öz müsbət həllini tapmışdır.
2019-cu ildə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Aslanbəyli kənd sakinləri ilə səyyar görüş keçirmiş, kənd sakinlərini narahat edən problemlərlə yerində  tanış olaraq aidiyyatı üzrə tapşırıqlar vermişdir. “DOST” MMC-nin xətti ilə kənddə 8 nəfər işçi fəaliyyət göstərir.
Hesabat ilində kənddə bir çox işlər görülmüşdür. Şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə bulaq kompleksi quraşdırılmışdır. Əhalinin suya olan tələbatının yaxşılaşdırılması üçün Respublika Prezidentinin müvafiq Sərəncamı ilə 1 ədəd  subartezian quyusu qazılmışdır. 2020-ci ildə kənddə iki ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. 9 ədəd köhnə elektrik dirəkləri dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Su itkisinin qarşısının alınması, suvarmanı optimal müddətdə başa çatdırmaq məqsədilə rayon rəhbərliyinin tapşırığı ilə rayonun bütün kəndlərində olduğu  kimi, Aslanbəyli kəndində də uzunluğu 13,5 km olan suvarma arxının 5,4 km-i əl əməyi, 8,1 km hissəsi isə Suvarma Sistemləri İdarəsinin texnikası ilə lildən, kol-kosdan təmizlənmişdir. Kənd sakinlərinin iştirakı  ilə  kəndarası yolların, kəndi rayona birləşdirən mərkəzi yolun ətrafında və kənd qəbiristanlıqlarında təmizlik işləri aparılmışdır. Belə  iməciliklər il ərzində kənd ərazisində mütəmadi olaraq keçirilmiş və kənd sakinləri  iməcliklərdə yüksək fəallıq göstərmişlər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ruhunu əziz tutaraq şəhid ailələrinə, onların doğmalarına, yaxınlarına daim diqqət və qayğı göstərir. Hər zaman onların problemləri ilə maraqlanıb, qarşılaşdıqları çatışmazlıqların həlli istiqamətində saysız-hesabsız işlər görüb. Nümayəndəlik ərazisində yaşayan şəhid ailələrinə, imkansız ailələrə Qazax Rayon İcra  Hakimiyyəti tərəfindən Yeni il, Novruz, Qurban və Ramazan bayramı münasibətilə bayram sovqatları verilmişdir.
Aslanbəyli kənd tam orta məktəbində 378 nəfər şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 40 nəfər müəllim məşğul olur. Məktəbdə 19 nəfər texniki işçi işləyir. Keçən il məktəbi bitirmiş 32 nəfər şagirddən 8 nəfəri ali, 7 nəfəri isə orta ixtisas məktəbinə daxil olmuşdur.
Əhalinin sağlamlığına, onların səhiyyə xidmətinə məsuliyyəti Aslanbəyli kənd həkim məntəqəsinin kollektivi daşıyır. Kollektivdə xəstələrin qeydiyyatı, uşaqlarda müxtəlif  peyvəndlərin aparılması, ilkin tibbi yardım günün tələblərinə cavab verir.
Aslanbəyli kəndində 2019-cu ildə elektrik enerjisi və təbii qaz yanacağının verilməsi   fasiləsiz olmuşdur. Əhali istifadə etdiyi elektrik enerjisinin və təbii qazın dəyərini  nəzarətçilər tərəfindən verilən bildirişlər əsasında kənd poçtuna ödəyir. Aslanbəyli kənd Poçt şöbəsi əhalidən enerji, qaz, telefon və müxtəlif pul baratları, məktubları qəbul edib yola salır. Şöbədə nizam-intizam, xidmət səviyyəsi qənaətbəxşdir. Nümayəndəlik ərazisində 512 nömrəli elektron ATS və mobil telefon stansiyaları Azərcell, Bakcell fəaliyyət göstərir.
Hesabat dövründə 36 doğum, 28 ölüm qeydə alınmışdır. Nümayəndəlikdə təsərrüfatbaşına kitablarda hesabat dövründə lazımi qeydlər aparılmış, imzalar edilmiş, pasport qeydiyyatına daxil olan və qeydiyyatdan çıxanlar haqqında qeydlər aparılmışdır. Əhalidə olan mal-qara və quşlar uçota alınaraq təsərrüfatbaşına uçot kitablarında qeydiyyat aparılmış və statistika idarəsinə hesabat verilmişdir.
Aslanbəyli kənd əhalisinin əsas fəaliyyət sahəsi əkinçilik və  heyvandarlıqdır. Əhalinin torpağa münasibəti müsbət tərəfə dəyişmiş, yüksək məhsul istehsalına maraq artmışdır. 2019-cu ilin məhsulu üçün kənd əhalisi tərəfindən 1350 hektarda səpin aparılmışdır. Ondan 785 hektarda buğda, 481,5 hektarda arpa, 190 hektarda yonca, 8 hektarda qarğıdalı, 11 hektarda üzüm və digər kənd təsərrüfatı bitkiləri əkilib becərilmişdir. Hər hektardan 20-25 sentner buğda məhsulu götürülmüşdür. Bundan əlavə, 5 ton barama istehsal olunmuşdur. Kənd təsərrüfatı tərəfindən əkin əkən 695 nəfər əməkçilərə müəyyən olunmuş qaydada yanacaq və sürtkü yağlarına görə 101455,90 manat subsidiya ödənilmişdir.
2020-ci ilin məhsulu üçün 1020 hektar əkin aparılmış, bundan 363 hektara buğda, 640 hektara isə arpa səpilmişdir. Kənd əhalisi arasında heyvandarlıq, taxılçılıq, tütünçülük, barama istehsalını və bağçılığı inkişaf etdirmək üçün geniş təbliğat işləri aparılır. Xüsusi olaraq heyvandarlığı inkişaf etdirmək üçün mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında süni mayalanmadan istifadə edilməsi geniş təbliğ olunur.
01.01.2020-ci il tarixə əhali və fermer təsərrüfatlarında 960 baş iribuynuzlu mal-qara, 6100 baş xırdabuynuzlu qoyun-keçi, 11030 baş quş qeydiyyata alınmışdır. Aslanbəyli kəndinin Baytar həkimi Mahir Yaqubov əhalinin mal-qarası və quşların zoobaytar xidmətinin təşkilinə məsuldur. Epizotik tədbirlərin vaxtında və keyfiyyətlə aparılmasını təmin edir.
Aslanbəyli kənd İcra nümayəndəliyi kənd bələdiyyəsi ilə birlikdə istər əkinçilik, istərsə də heyvandarlıq sahələrində kənd əhalisinə yaxından köməklik göstərir. Torpağın əkilməsində, səpilməsində, biçilməsində, sahələrin qorunmasında çətinliklər olduqda birlikdə həmin çətinliklər aradan qaldırılır.
Aslanbəyli kənd İcra nümayəndəliyi tərəfindən kəndarası yolların və məhlələrin təmizlənməsi, əhalinin içməli suya olan tələbatının ödənilməsi, elektrik  transformatorlarının və subartezian su nasoslarının fasiləsiz işləməsi sahəsində məqsədyönlü fəaliyyət göstərilmişdir. Aslanbəyli kəndinin mərkəzi hissəsində idarənin daş hasarının təmiri abadlıq işləri aparılmışdır. Aslanbəyli kəndində olan şəhid ailələrinə, kimsəsizlərə, imkansızlara tarixi və dini bayramlarda yardımlar verilmişdir.
Sonra məruzə ətrafında çıxışlar olub. Sakinlərdən Asif Seyidov, Simuzər Əliyeva, Xalidə Osmanova, Nəcəf Osmanov, Məzahir Yaqubov, Tükəzban Abdullayeva və başqaları söz alaraq hesabat məruzəsi ilə əlaqədar öz fikirlərini bildiriblər. Hesabat ilində kənddə görülmüş işləri yüksək qiymətləndiriblər. 2019-cu ildə respublikamızda, eləcə də bölgələrimizdə görülən işlərə, əhalinin maddi-rifah halının yaxşılaşdırılmasına, əhaliyə göstərdiyi diqqət və qayğıya görə Aslanbəyli kənd əhalisi adından Prezident İlham Əliyevə və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Sakinlər həyətyanı əkin sahələrinin suvarılması və içməli su təminatının yaxşılaşdırılması ilə bağlı istək və təkliflərini bildirərək kənddə əlavə yeni bir ədəd subartezian quyusunun qazılmasının, eyni zamanda qazılmış subartezian quyusunun yanına 2 ədəd su çəninin qoyulmasının vacibliyini diqqətə çatdırıblar.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev sakinləri diqqətlə dinlədikdən sonra bildirib ki, hər il olduğu kimi, 2020-ci ildə də rayonda subartezian quyularının qazılması nəzərdə tutulub ki, onun da biri Aslanbəyli kəndində qazılacaqdır.

Keçidlər