Şriftin ölçüsü :

Saytın rəngi :

Sərhəddə yerləşən Kəmərli kəndində hesabat yığıncağı keçirilib

15 yanvar 2020 | 16:00

Bu gün növbəti hesabat yığıncağı rayonun sərhəd kəndi olan Kəmərlidə keçirilib. Qazax Rayon İcra Hakimiyyəti başçısının Kəmərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2019-cu ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair hesabatında sakinlərin dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunmasından, kəndin sərhəddə yerləşməsinə baxmayaraq problemlərin operativ şəkildə həll edilməsindən danışılıb.
A.Bəbirov adına Xanbağı kənd tam orta məktəbində keçirilən hesabat yığıncağında Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, aparatın Hüquq şöbəsinin müdiri Səba Paşayeva və kənd sakinləri iştirak ediblər. Yığıncağın aparılması üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər səsləndirilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova hesabat yığıncağında giriş sözü ilə çıxış edərək kənd sakinlərini salamlayıb, rayon rəhbərliyinin səmimi arzularını çatdırıb. Yola saldığımız 2019-cu ilin ölkəmiz və xalqımız üçün uğurlu bir il olduğunu qeyd edərək yeni ildə daha böyük nailiyyətlər qazanmalarını arzu edib. Müavin bildirib ki, bu gün Ulu Öndər Heydər Əliyevin dövlət siyasətinin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmiz bütün sahələr üzrə inkişaf edir. Bu inkişafın təməlində isə dövlət və xalq birliyi, ölkə başçısının öz vətəndaşına olan yüksək diqqət və qayğısı dayanır. G.Həsənova qeyd edib ki, bu gün Azərbaycanın bütün bölgələri kimi, Qazaxın inkişafına da ölkə prezidenti İlham Əliyev tərəfindən daim yüksək diqqət və qayğı göstərilir. Son 3 ildə ölkə başçısının qayğısı, rayon rəhbərliyinin işgüzarlığı sayəsində dinamik inkişaf yolunda olan Qazaxın siması tamamilə dəyişmiş, rayonumuz respublikanın abad, gözəl bölgələrindən birinə çevrilmişdir. Yola saldığımız 2019-cu ildə Qazaxda "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işlərin böyük miqyas aldığını qeyd edən müavin Qazaxda istər şəhər mərkəzində, istərsə də kəndlərdə yerləşən və açılışları nəzərdə tutulan ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən "Qazax Aqropark”ın, "Gedik-Carçı Qaynaq” MMC tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun istifadəyə verilməsini işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlər kimi qiymətləndirib. "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikilən fabrikin inşasını da işsizliyin aradan qaldırılması istiqamətində görülən işlər kimi vurğulayıb. Qeyd edib ki, hazırda rayonda ən böyük layihələrdən biri olan 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksinin tikintisi idi ki, bu iş yüksək səviyyədə başa çatdırılıb. Bundan əlavə, yenə də böyük layihələr sayılan su və kanalizasiya xəttinin, eləcə də Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilişləri uğurla davam etdirilir.
Respublikamızda, eləcə də bölgələrimizdə "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra edilməsindən danışan müavin 2019-cu ilin əvvəlində S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra şagirdlərin istifadəsinə verilməsini, hazırda Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Kosalar kənd tam orta məktəbin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulmasını, yenə də Fond tərəfindən Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin tikintisini, Təhsil Nazirliyi tərəfindən Qaymaqlı kənd tam orta məktəbin tikintisini Qazaxda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani sübutu kimi qiymətləndirib.
Kəmərli kənd İƏD-si üzrə nümayəndə Səməd Orucov hesabat məruzəsi ilə çıxış edərək qeyd edib ki, ölkəmizin hər yerində olduğu kimi, rayon rəhbərliyinin gərgin əməyi və görülən genişmiqyaslı işlər nəticəsində son 3 ildir ki, Qazax respublikamızın bölgələri arasında seçilir.
İcra nümayəndəsi bildirib ki, Kəmərli kəndinin inzibati ərazisi 3887 hektarlıq bir sahəni əhatə edir. Ərazidə 786 təsərrüfat, 3205 nəfər əhali yaşayır. Əhalinin 1577 nəfərini kişilər, 1628 nəfərini isə qadınlar təşkil edir. Nümayəndəlik 1 kəndi əhatə edir. Nümayəndəliyin ərazisində 1 xəstəxana, 2 tam orta məktəb, 1 folklor evi, 1 folklor klubu, 1 kitabxana, poçt və ATS fəaliyyət göstərir.
Rayonun bütün ərazilərində olduğu kimi, kəndin ərazisində bir çox işlər görülmüşdür. Kəndarası yollara qum-çınqıl tökülərək hamarlanmış, 1 ədəd keçid körpüsü təmir edilmiş, kənd ərazisində olan istismar müddətini bitirmiş 27 ədəd elektrik dayağı, 250 metr elektrik xətti Elektrik şəbəkəsi tərəfindən yenisi ilə əvəz olunmuşdur.
Kənd fəallarının və “DOST” MMC-nin işçilərinin iştirakı ilə kəndarası yolların, kəndi rayona birləşdirən mərkəzi yolun ətrafında və kənd qəbiristanlıqlarında mütəmadi olaraq təmizlik işləri aparılmışdır. Kəmərli bələdiyyəsi tərəfindən məişət tullantılarının atılması üçün 0,50 hektar torpaq sahəsi ayrılmış və ayrılmış ərazilərdə 3 ədəd zibil quyuları qazılmışdır. Nümayəndəliyin ərazisi həmişə diqqət mərkəzində saxlanılmışdır. Kənd ərazisində olan zibilliklər vaxtı-vaxtında  təmizlənib səliqə-sahman yaradılmışdır. Yol kənarlarına və kəndə yaxın ərazilərə zibil tökülməsinin qarşısı alınmışdır. Əhaliyə ciddi tapşırıqlar verilmişdir.
Əhalinin sağlamlığının keşiyində dayanan Kəmərli kənd xəstəxanasında 7 nəfər həkim və tibb işçiləri çalışır. Xəstəxana yeni tikilib istiadəyə verilmişdir. Hesabat dövründə xəstəxanada 41 nəfər müalicə alıb. Ambulator qəbul 2000, çarpayı günlərinin sayı isə 436 nəfər olmuşdur. Xəstəxanada işləyən həkim və tibb işçiləri ərazidə yaşayan əhalinin sağlamlığı keşiyində dayanmışlar. Əhali  arasında  müxtəlif  xəstəliklərə qarşı vaxtlı-vaxtında peyvəndlər aparılır, tibb işçiləri daim ərazidə olur. Antisanitariya hallarının qarşısını almaq üçün lazımi tədbirlər aparılır.
Akif Bəbirov adına Xanbağı kənd tam orta məktəbində 2019-2020-ci tədris ilində 23 nəfər müəllim şagirdlərin təlim-tərbiyəsi, onların müasir səviyyədə təhsil almaları uğrunda çalışırlar. Məktəbdə təhsil alan şagirdlərin sayı 92 nəfərdir. Məktəbin məzunlarından 3 nəfəri ali məktəbə, 3 nəfəri isə Kollecə daxil olmuşdur.
Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbində 24 nəfər müəllim öz bilik və bacarıqlarını təhsil alan şagirdlərə çatdırır. Məktəbdə təhsil alan şagirdlərin sayı 165 nəfərdir. Məktəbin məzunlarından 5 nəfəri ali təhsil məktəbinə daxil olub ki, onlarında 1 nəfəri 500 baldan çox toplamışdır. 2 nəfəri isə kollecə daxil olmuşdur.
Kənddə əhaliyə xidmət göstərən rabitə və poçt xidmətləri əhalinin tələbatını tam ödəyir. Elektrik, qaz, rabitə xidmətlərinin dəyəri ay daxilində poçt şöbəsinə ödənilir.
Nümayəndəlik ərazisində fəaliyyət göstərən Kəmərli kənd folklor evi və Xanbağı folklor klubunda bir sıra konsert proqramları, ictimai tədbirlər, əlamətdar günlərin qeyd olunması həyata keçirilir. Belə tədbirlərə misal olaraq 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramını, 20 Yanvar faciəsini, 26 Fevral – Xocalı soyqırımını, 21 Mart - Novruz bayramını, 9 May - Qələbə Gününü, 28 May – Respublika Gününü, 15 İyun – Milli Qurtuluş Gününü və s. tədbirləri göstərmək olar. Kənd ərazisində yerləşən kitabxanada 16 mindən artıq kitab fondu vardır. Kənd əhalisi asudə vaxtlarını burada bədii qiraətlə məşğul olurlar. Hesabat ərzində oxucuların sayı 901 nəfər olmuş, kitab verilişi isə 10398 olmuşdur. Kitabxananın özünəməxsus yeri olmadığından Kəmərli İcra nümayəndəliyinin binasında yerləşir.
Kənddə yaşayan əhali əsasən heyvandarlıq və bitkiçiliklə məşğul olur. Hazırda əhaliyə məxsus 1379 baş iribuynuzlu heyvan vardır ki, bunlardan da 895 başı ana inəklərdir. Xırdabuynuzlu heyvanların sayı 6042 baş təşkil edir ki, bunlardan da 3821 başı ana qoyunlardır. Əhaliyə məxsus iri və xırdabuynuzlu heyvanlar arasında zoobaytar xidmətləri aparılmış, heyvanlara qarayara, brüselyoz, vərəm və taun əleyhinə qarşı peyvəndlər aparılmışdır. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə süni mayalanmaya üstünlük verilməsi üçün tərəfimizdən əhali arasında daim marifləndirmə işləri aparılır.
2019-cu ildə 630 hektar taxıl biçini qısa müddət ərzində qonşu aqroservislərdən gətirilmiş kombaynlar vasitəsilə aparılmışdır. Bundan 560 hektarı buğda, 70 hektarı arpa olmuşdur. Tütünçüluyün inkişafı ilə əlaqədar 2019-cu ildə kənddə 3 hektar ərazidə tütün əkilmiş, sahədən 5007 kq məhsul yığılaraq Şəki şəhərində yerləşən tütün kombinatına təhvil verilmişdir. Bundan əlavə, 362 kq barama istehsal olunmuşdur. Baramaçılığın inkişaf etdirilməsi üçün kənd ərazisində 1 dəfə ağacəkmə aksiyası keçirilmiş və 800 ədəd tut tingləri əkilmişdir.
2020-ci ilin məhsulu üçün 589 hektar sahə əkilmişdir ki, bundan da 278 hektara buğda, 140 hektar sahəyə isə arpa səpilmişdir.
Dövlət başçısının “Kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyinə dair” 13 yanvar 2007-ci il tarixli sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar 2019-cu ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına buğda əkini üçün hər hektara 90 manat, digər əkinlər üçün isə hər hektara 50 manat subsidiya verilmişdir.
Həyətyanı torpaqların suvarılması üçün mövcud arxlar nizamlanıb, yol keçidlərinə su ötrücü borular salınmışdır. Əhalinin içməli suya olan tələbatını ödəmək üçün Prezidentin sərəncamına əsasən 1 ədəd subartezian quyusu qazılmış, 1500 metr su xətti çəkilmiş və 20 ailə içməli su ilə təmin edilmişdir. İl ərzində 6 ədəd artezian motoru və nasosu, 3 yerdə isə içməli su xətti təmir edilmişdir. 2020-ci ildə 2 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur.
Rayon İcra Hakimiyyəti tərəfindən tarixi və dini bayramlarda  şəhid ailələrinə, tənha, kimsəsiz ailələrə bayram sovqatı paylanılmışdır.
2019-cu ildə kənddə fəaliyyət göstərən məscidin təmiri üçün sahibkarlar tərəfindən yardım edilmiş, məscid təmir olunmuş və Kəmərli bələdiyyəsi tərəfindən elektrik sayğacı ilə təmin edilmişdir.
Əhalinin 460 nəfəri qocalığa, 178 nəfəri sosial pensiya, 80 nəfəri isə müharibə veteranı kimi müavinət alırlar.
Vətəndaşlardan müxtəlif mövzuda 8 ədəd yazılı və 12 şifahi şikayətlər daxil olmuşdur. Həmin şikayətlərə yerində baxılmış və müsbət həll olunmuşdur. İcra nümayəndəliyi üzrə 2019-cu ildə 23 məktub daxil olmuş, kənar təşkilatlara 806 arayış və məktub göndərilmişdir.
Hesabat dövründə 3 nikah, 25 ölüm qeydiyyatı aparılmışdır. Təsərrüfat kitabları, mühasibat sənədləri tələb olunan səviyyədə işlənmişdir.
Kənd ağsaqqallarından Rəhim Rəhimov, Məhəmməd Məmmədov, Kəmərli kənd tam orta məktəbin direktoru Minarə Rəhimova, Xanbağı kənd tam orta məktəbin direktoru Sərhəd Məmmədov, Kəmərli kənd folklor evinin müdiri Yetər Mustafayeva, şair Mübariz Qaragözlü, sakinlərdən Qurban Allahmanov, Tapdıq Mansurov və başqaları kənddə görülmüş işlərdən danışaraq qeyd ediblər ki, Kəmərli kəndi sərhəddə yerləşsə də hər zaman dövlət qayğısı ilə əhatə olunub. Son 3 ildir ki, kənd sakinlərinin qaldırdıqları məsələlərə rayon rəhbərliyi tərəfindən daim diqqət yetirilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rayon sakinlərinə, eləcə də sərhəd bölgəsində yaşayan insanlara xüsusi qayğı ilə yanaşdığını qeyd edən çıxışçılar rayonda vətəndaş amilinin hər zaman ön plana çəkildiyini bildiriblər. Çıxış edənlər rayonda təhsil, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı, eləcə də digər sahələrə xüsusi həssaslıqla yanaşıldığını vurğulayıb, bu istiqamətdə görülən işləri yüksək qiymətləndiriblər. Hesabat ilində görülən işləri rayon sakinlərinin rifah halının yaxşılaşdırılması istiqamətində ən uğurlu addım kimi dəyərləndirən sakinlər bütün bunlara görə ölkə başçısına və rayon rəhbərliyinə kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər.
Sakinlər tərəfindən səsləndirilən Kür çayından İncəsu dəryaçasına su xəttinin çəkilməsi, Kəmərli kənd tam orta məktəbin istilik sisteminin qazla təmin edilməsi, kənd yolunun sıradan çıxmış hissələrinin təmir olunması, kənddə əhalinin suvarma və içməli suya olan tələbatının yaxşılaşdırılması, kənddə SİP kabelləşmənin aparılması və digər məsələləri dinləyən müavin hər bir məsələyə diqqətlə baxılacağını bildirib.

 

Keçidlər