Şriftin ölçüsü :

Saytın rəngi :

Qərb bölgəsində kümçülərin sayı artır

17 yanvar 2020 | 16:00

Dövlət başçısının rəhbərliyi ilə respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi və ərzaq təhlükəsizliyinin yaradılması ilə bağlı həyata keçirilən aqrar islahatlar, kənd təsərrüfatında ciddi inkişafa, mühüm kəmiyyət və keyfiyyət dəyişikliklərinə, bu sahəyə inamın və fəallığın artırılmasına səbəb olmuşdur. Bunu Qazax rayonunun timsalında da görmək olar.
Bu rayonda yüksək gəlir gətirən ənənəvi kənd təsərrüfatı sahələrindən olan baramaçılıq da inkişaf edir. Qısa vaxt ərzində çəkdikləri zəhmətin bəhrəsini görən rayon sakinləri baramaçılığın sirlərini öyrənib istehsalı ildən-ilə artırırlar. Görülən məqsədyönlü tədbirlərin nəticəsidir ki, 2016-cı ildə 1502, 2017-ci ildə 4623, 2018-ci ildə 6260, keçən il 7667,5 kiloqram yaş barama istehsal edilmişdir.
Məlum olduğu kimi, baramaçılığın inkişafında əsas məsələ yemlə təminatdır. Bu təminatı yaratmaq üçün yeni tut bağları salınmış, köhnə bağlar bərpa olunmuşdur. 2016-cı ildə 24 min 500, 2017-ci ildə 7 min 300, 2018-ci ildə 20 min tut tingi əkilmişdir. Yeni bağların salınması 2019-cu ildə də davam etdirilmiş, Xanlıqlar, Cəfərli, Bala Cəfərli, Hüseynbəyli, Canalı, Kosalar, Çaylı, Bala Çaylı, Dəmirçilər, Ürkməzli, Alpout, Ağasıbəyli, Daş Salahlı, Orta Salahlı, Qazaxbəyli, Aşağı Salahlı, Yuxarı Salahlı, Birinci Şıxlı, İkinci Şıxlı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Ağköynək və Qarapapaq kəndlərində 25 min 516 tut tingi əkilmişdir.
Yeni salınmış tut bağlarının baramaçılığın inkişafında böyük əhəmiyyət daşıdığını yaxşı bilən kümçülər onlara qayğı ilə qulluq edirlər.
Sabir ƏLİYEV,
"Azərbaycan” qəzetinin bölgə müxbiri
17 yanvar 2020-ci il

Keçidlər