Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda səhiyyə müəssisələrində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

18 yanvar 2020 | 16:00

20 Yanvar faciəsindən artıq 30 il ötsə də Azərbaycan xalqı Vətən uğrunda canından keçən igid oğul və qızlarını heç zaman unutmur. Onların əziz xatirəsi daim yad edilir və qəlblərdə yaşayırlar. 20 Yanvar Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri kimi yazılmaqla yanaşı, həm də xalqımızın qəhrəmanlıq salnaməsi kimi xatırlanır. Bu tarix bütün dünya tərəfindən Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət və suverenlik uğrunda mübarizəsinin simvolu kimi qəbul edilir.
Hər il ölkəmizdə 20 Yanvar faciəsinin ildönümü silsilə anım tədbrləri ilə qeyd olunur, xalqımız Şəhidlər xiyabanına gələrək Vətən uğrunda canından keçən övladlarına ehtiramlarını bildirirlər.
Hər il olduğu kimi, bu il də 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında ölkə Prezidenti İlham Əliyev tərəfindən 13 dekabr 2019-cu il tarixli Sərəncamın imzalanması, həmin Sərəncamda Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimlərinin keçirilməsi, ildönümlə bağlı tədbirlər planının hazırlanması və onun həyata keçirilməsinin öz əksini tapması bunun bariz nümunəsidir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin Sərəncamı ilə təsdiq edilən "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı"na əsasən keçirilən silsilə tədbirlər davam edir.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 20 Yanvar faciəsi anım tədbirləri ilə qeyd olunur, azadlıq fədailərinin əziz xatirəsi böyük ehtiramla xatırlanır. Bununla əlaqədar Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 29 dekabr 2019-cu il tarixli 9-21/234 nömrəli Sərəncamına əsasən tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planına uyğun olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə, mədəniyyət ocaqlarında 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.
Bu gün Qazax şəhər Polinklinikasında, Müalicə Diaqnostika Mərkəzində, Gigiyena  və Epidemiologiya Mərkəzində 20 Yanvar faciəsinin otuzuncu ildönümü anılıb.
Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanından start götürən anım tədbirlərində 20 Yanvar faciəsi qurbanlarının, Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən igid oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərovanın və Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs-baş direktor Sevda Məmmədovanın da iştirak etdiyi tədbirlərdə çıxış edənlər XX əsrdə insanlığa qarşı törədilmiş qırğınların ən dəhşətli səhifələrindən olan 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşına əbədi həkk olunduğunu, 20 Yanvar hadisələrinin təkcə xalqımıza qarşı deyil, bütün insanlığa qarşı cinayət olduğunu bildiriblər.
Çıxışlarda Qanlı 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsindən də söz açılıb. O zaman yalnız Ümummilli Lider Heydər Əliyevin bütün çətinliklərə baxmayaraq 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlməsi və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etməsi qeyd edilib. Vurğulanıb ki, 1993-cü ilin ikinci yarısında Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 5 yanvar tarixli Fərmanında deyilir: "Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”. Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
Bildirilib ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazmaqla xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

Keçidlər