Şriftin ölçüsü :

Saytın rəngi :

İkinci Şıxlı kəndində 2019-cu ildə görülmüş işlərə həsr olunmuş hesabat yığıncağı keçirilib

21 yanvar 2020 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının İkinci Şıxlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 2019-cu ildə görülmüş işlər və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Yığıncaqda Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, aparatın Hüquq şöbəsinin müdiri Səba Paşayeva və kənd sakinləri iştirak ediblər. Yığıncağın aparılması üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər qeyd olunub.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova hesabat yığıncağında çıxış edərək rayon rəhbərliyinin adından kənd sakinlərini salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətinin bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini və Azərbaycanın gündən-günə güclü dövlətə çevrildiyini bildirib. Bugünkü inkişaf və tərəqqini dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində ölkəmizin son 15 ildə qazandığı uğur və nailiyyətlərdən də aydın şəkildə görmək olduğunu qeyd edib. Müavin 2019-cu ilin rayonda həyata keçirilmiş və aparılan tikinti-quruculuq işləri, yeni iş yerlərinin yaradılması, istifadəyə veriləcək istehsal müəssisələrin sayına görə uğurlu il olduğunu vurğulayıb. Ölkə başçısının yürütdüyü siyasətin Qazaxda rayon rəhbərliyi tərəfindən olduğu kimi icra olunması sayəsində rayonda bütün sahələr üzrə uğurlu nəticələr əldə edildiyini bir daha diqqətə çatdırıb.
Kənd İƏD-si üzrə nümayəndə Natiq Qədimov çıxış edərək bildirib ki, ölkəmizin hər yerində olduğu kimi, 2019-cu ildə Qazax rayonunda da “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri aparılmışdır. Respublika Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu iqtisadi islahatlar Qazaxda da öz bəhrəsini vermişdir. Bildirib ki, son 3 ildə rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində həyata keçirilən quruculuq və abadlıq işləri nəticəsində şəhərin, eləcə də kəndlərin siması köklü şəkildə dəyişib, Qazax respublikamızın ən inkişaf etmiş və ən abad rayonlarından birinə çevrilib.
Kənd haqqında məlumat verən icra nümayəndəsi qeyd edib ki, Qazax mahalının qədim kəndlərindən biri də İkinci Şıxlı kəndidir. 1534-cü ildə əsası qoyulan kənd coğrafi mövqeyinə görə Kür çayının sahilində, Qarayazı meşəsi boyunca Gürcüstan və Ermənistan respublikaları ilə sərhəddə yerləşir. Rayon mərkəzindən 41 km şimal-qərbdə magistral İpək yolunun üzərində yerləşən İkinci Şıxlı kəndinin ümumi ərazisi 5245 hektardır. İkinci Şıxlı kənd İƏD üzrə nümayəndəlik bir kəndi əhatə edir. Kəndin 4025 nəfər əhalisi, 1040 təsərrüfatı var. İkinci Şıxlı kəndinin ərazisində 2 tam orta məktəb, 1 poçt, 568 yerlik ATS, 3 yanacaq doldurma məntəqəsi, 6 bərbərxana, 1 qarışıq yem dəyirmanı, 1 həkim məntəqəsi, 2 folklor evi, 2 folklor klubu, 2 kitabxana, 2 inşaat malları mağazası, 3 körpələr evi-uşaq bağçası, 15 super market və mağazalar kənd əhalisinə xidmət edir. 4 kafe, restoran, “Sınıq-Körpü” Avtovağzalı, mənbəyi Xram çayından götürülmüş nasos vasitəsilə vurulan içməli su anbarı və “İnvestel GROUP” MMC fəaliyyət göstərir. 27 və 28 saylı - 2 seçki məntəqəsi vardır. İkinci Şıxlı kənd V.Musayev adına tam orta məktəbdə 321 nəfər şagirdin təlim-tərbiyəsi ilə 42 nəfər müəllim məşğul olur. 18 nəfər texniki işçi çalışır. Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbdə isə 203 nəfər şagirdə 30 nəfər müəllim elm öyrədir. 14 nəfər texniki işçi fəaliyyət göstərir. Poçtda 1 nəfər, ATS-də 7 nəfər, 3 yanacaq doldurma məntəqəsində 26 nəfər, həkim məntəqəsində 36 nəfər, 1 folklor evində 2 nəfər, 2 kitabxanada 5 nəfər, 3 körpələr evi-uşaq bağçasında 30 nəfər, 2 folklor klubunda 6 nəfər çalışır. 3 nəfər isə tək-tənha insanlara xidmət edir. Hər ay 568 telefon abonenti, 1130 işıq abonenti və 946 qaz abonenti pulu bildiriş vasitəsilə poçta ödəyirlər.
İcra nümayəndəsi bildirib ki, bu gün kəndimiz inkişaf edir. 2017-ci ildə 7 ev, 2018-ci ildə 11, 2019-cu ildə isə 15 ev gənc ailələr tərəfindən inşa edilmişdir.
Kənd sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. 01.01.2020-ci il tarixə əhali və fermer təsərrüfatında 1436 baş iribuynuzlu mal-qara, 6050 baş xırdabuynuzlu qoyun-keçi, 13200 baş quş qeydiyyata alınmışdır. Dövlət başçısının “Kənd təsərrüfatı istehsalçılarına dövlət  dəstəyinə  dair” 13 yanvar 2007-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar 2019-cu ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına buğda əkininin hər hektarına 90 manat, digər əkinlər üçün hər hektara 50 manat ödəməklə ümumilikdə 517 nəfər kənd əhalisinə 113150,70 manat vəsait ödənilmişdir. Pay torpaqlarının və Bələdiyyənin istifadəsində olan torpaqların təyinatı üzrə istifadə edilməsi əkinçilik məhsullarının artırılması, növbəli əkin sisteminin tətbiqinin əhaliyə çatdırılması, yazlıq əkin və yeni bitkilərin əkini üçün aqrotexniki tədbirlərin aparılması daim diqqət mərkəzindədir. İkinci Şıxlı kənd İcra nümayəndəliyi əkinçilik və heyvandarlıq sahələrində kənd əhalisinə yaxından köməklik göstərir. Torpağın əkilib becərilməsində və qorunmasında çətinlik olduqda həmin çətinlik aradan qaldırılır.
2019-cu ildə 2020-ci ilin məhsulu üçün 1356 hektar torpaq sahəsi əkilmiş ondan 875 hektarda buğda, 381 hektarda arpa səpilməsi nəzərdə tutulmuşdur. Əvvəllər kənd əhalisi pay torpaq sahələrinin suvarılmasında çətinlik çəkirdilər. Artıq 3 ildir ki, rayon rəhbərliyinin təşəbbüsü ilə kənd ərazisində olan Şıxlı arxı, ana kanallar və ox arxları İkinci Şıxlı Bələdiyyəsi, Suvarma Sistemləri İdarəsinin işçiləri və kənddə olan texnika vasitəsilə təmizlənmişdir ki, su itkisinə yol verilməsin. Kəndin ərazisində olan uzunluğu 13,7 km kanaldan 10,7 km hissəsi əl əməyi, 3,0 km hissəsi isə texnika ilə işlənmişdir.
2019-cu ildə kənddə 400 kq barama və 5 ton tütün kənd əhalisi tərəfindən istehsal olunmuşdur. Kənd ərazisində 1000 ədəd tut ağacı və 500 ədəd şam ağacı əkilmişdir.
Hesabat ilində İkinci Şıxlı ərazisində Bələdiyyə və nümayəndəlik tərəfindən görülməsi vacib olan bir çox işlər görülmüşdür. Bu il kənddə fəaliyyət göstərən “İnvestel Group” MMC-yə gedən 2,1 km kəndarası yolların kənarında kol-koslar təmizlənərək 2000 metr dəmir tor və yeni beton dirəklər alınaraq yenisi ilə əvəz olunmuşdur. Həmin yolun ərazisində olan elektrik dirəkləri yenisi ilə əvəz olunaraq naqilləri SİP kabelə keçmişdir. 2019-cu ildə kənd ərazisində yerləşən məişət tullantılarının atılması üçün ayrılan ərazidə texnika vasitəsilə təmizlik işləri aparılaraq torpaqla üstü basdırılmışdır. Hesabat ilində İkinci Şıxlı Bələdiyyəsi tərəfindən ümumilikdə 85 maşın çınqıl daşınaraq kəndin ara yollarına dağıdılmışdır. Kəndin ərazisində olan 3 uşaq bağçasından 1 və 3 saylı 2 qruplu 35 yerlik uşaq bağçalarında 2019-cu ilin sonunda cari təmir işləri aparılmışdır. Bunun üçün İkinci Şıxlı kənd sakinləri adından icra başçısı Rəcəb Babaşova öz minnətdarlığımızı bildiririk.
Bildiyiniz kimi, kənd Gürcüstan Respublikası ilə sərhəddə yerləşir. Hər gün yüzlərlə xarici vətəndaş respublikamızın Qərb qapısı olan “Sınıq Körpü” Buraxılış Məntəqəsindən keçərək ölkəmizə qonaq gəlir. Buna görə də kəndin təmizliyinin qorunub saxlanılması daim diqqət mərkəzində saxlanılır. Kəndin 10 nəfər sakini həmin ərazidə təmizlik işləri ilə məşğul olur.
2019-cu ildə kəndin ərazisində olan Şəhidlər xiyabanında abadlıq işləri aparılmışdır. Bundan başqa, bayram və istirahət günlərində daim yol kənarlarında və kənd qəbiristanlıqlarında təmizlik işləri aparılır.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd əhalisi ilə mütəmadi olaraq görüşlər keçirir, kənd əhalisini narahat edən problemlərlə maraqlanır və yerindəcə həll etmək üçün aidiyyatı üzrə lazımi tapşırıqlar verir. İkinci Şıxlı kənd ərazisində yeni inşa edilən “İnvestel GROUP” MMC-nin kəndimizdə inşa olunması kənd əhalisinin yeni iş yerləri ilə təmin olunmasına gətirib çıxarmışdır. Hazırda “İnvestel GROUP” MMC-də daimi olaraq 42 nəfər, mövsümü olaraq isə 385 nəfər işləyir. İşçilərin aylıq əməkhaqqı minimum 380 manatdan başlayır.

Hesabat ilində kənd İcra nümayəndəliyinin, kənd Bələdiyyəsinin, işçi qrupunun təşəbbüsü, kənd əhalisinin iştirakı ilə kəndarası yolların, mərkəzi yolun ətrafı, kənd qəbiristanlığında təmizlik işləri aparılmışdır. Belə iməclik kənd ərazisində mütəmadi olaraq aparılır, kənd sakinləri iməcilikdə yüksək fəallıq göstərirlər. Əkin–biçin vaxtı heç bir problem olmayıb. 4 kombayn vasitəsilə 19 gün ərzində bütün arpa və buğda sahələrinin biçini tam başa çatmışdır. Bu işlərin hamısı Bələdiyyə ilə birgə təşkil olunmuşdur.
2019-cu ildə İcra nümayəndəliyinə 13 məktub daxil olmuş, təşkilatlara nümayəndəlik tərəfindən 32 məktub göndərilmişdir. Vətəndaşlara 1330 ədəd müxtəlif məzmunlu arayışlar verilmişdir. 11 rəsmi müraciət daxil olmuş və müraciətin hamsı öz müsbət həllini tapmışdır. 22 şifahi müraciətə baxılmış nəticəsi barədə həmin vətəndaşlara məlumat verilmişdir. İkinci Şıxlı kənd İcra nümayəndəliyi “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirmiş, onların ərizə, şikayət və təkliflərinə baxılaraq lazımi tədbirlər görülmüş və nəticəsi barədə vətəndaşlara məlumat verilmişdir. Vətəndaşların qəbulu üçün nümayəndəlikdə hər cür şərait yaradılmış, həftənin II-V günləri qəbul günləri ayrılmasına baxmayaraq bütün iş günlərində qəbula gələn vətəndaşların şikayət və müraciətlərinə baxılmışdır. Bir il ərzində nümayəndəlik tərəfindən 32 ölüm şəhadətnaməsi və 9 nikah haqqında şəhadətnamə verilmişdir. 6 nəfər kəndə qeydiyyata düşmüş, 1 nəfər qeydiyyatdan çıxan olmuşdur.
Məruzə ətrafında çıxış edən İkinci Şıxlı kənd Bələdiyyəsinin sədri Fikrət Talıbov, Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin direktoru Məzahir Omarov, məktəbin tədris işləri üzrə direktor müavini Nərminə Kələşova, V.Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbin direktoru Rauf Kazımov, Qurban Mikayılov, Rafiq Süleymanov, Fazil Alıyev və  başqaları çıxış edərək hesabat ilində kənddə görülmüş işlərdən söz açıb, İkinci Şıxlı kəndinə göstərilən diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyevə bütün kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sonsuz təşəkkürlərini çatdırıblar. Sarıvəlli kənd tam orta məktəb üçün yeni inzibati binanın inşasını bölgələrimizdə təhsil sahəsinə olan diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndiriblər. Məktəbin yenidən qurulması xəbərini böyük sevinc hissi ilə qarşıladıqlarını bildirən sakinlər ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə bir daha minnətdarlıqlarını ifadə ediblər. Sakinlər kənddəki köhnə elektrik dayaqlarının dəyişdirilməsi, Şəhidlər xiyabanına gedən yolun işıqlandırılması və s. bağlı istəklərini də çatdırıblar. Sakinlər tərəfindən qaldırılan məsələləri dinləyən müavin hər bir məsələyə diqqətlə baxılacağını bildirib.

 

Keçidlər