Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda yeni məktəb binasının inşasına başlanılıb

22 yanvar 2020 | 16:00

Son illər cənab Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı, bu sahə ilə bağlı həyata keçirilən tədbirlər nəinki paytaxt Bakını, eləcə də respublikamızın bütün bölgələrini əhatə edir. Ölkəmizdə “Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları”na yeni məktəb binalarının tikintisinin salınması, məktəblərin maddi texniki bazasının gücləndirilməsi, istər müəllimlərə, istərsə də xüsusi istedadı olan gənclərə göstərilən dövlət qayğısı onu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən təhsil sahəsinə xüsusi diqqət və qayğının göstərilməsi, Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra olunması bir daha sübut edir ki, Azərbaycanda təhsilin inkişafı hər zaman prioritet sahə hesab olunur.
Sevindirici haldır ki, istər ölkə başçısı, istərsə də Birinci vitse-prezident tərəfindən təhsil sahəsinə olan dövlət qayğısı Qazaxda da öz real əksini tapır. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınması da bunun bariz nümunəsidir.
Xəbər verdiyimiz kimi, həmin Dövlət Proqramında nəzərdə tutulan Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbi Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulur. 2019-cu ildən start götürən yenidənqurma işləri uğurla davam etdirilir.
Ötən yazımızda isə tikintisi nəzərdə tutulan daha bir məktəb - Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün Heydər Əliyev Fondu tərəfindən 220 şagird yerlik yeni binanın inşa olunması barədə məlumat vermişdik. Artıq məktəbin həyətində yeni binanın inşasına başlanılıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Sarıvəlli kənd tam orta məktəbində olub, ilkin olaraq görülən işlərlə maraqlanıb. Rayon rəhbərliyinə məlumat verilib ki, hazırda binanın özül hissəsi üçün qazıntı işləri həyata keçirilir. Görülən işlərin keyfiyyətlə aparılmasını qeyd edən rayon rəhbəri bəzi tapşırıq və tövsiyələrini verib.
Sonra icra başçısı məktəbdə müəllim və şagirdlərdlə görüşüb, səmimi söhbət edib. Məktəbin tədris işləri üzrə direktor müavini Nərminə Kələşova və başqaları çıxış edərək çalışdıqları məktəbin yenidən qurulması xəbərini böyük sevinc hissi ilə qarşıladıqlarını vurğulayıblar. Təhsil sahəsinə olan qayğının Sarıvəlli məktəbindən də yan keçmədiyinə, müəllim və şagirdlər üçün hər cür şəraiti olan yeni məktəb binasının inşa olunmasına görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər