Şriftin ölçüsü :

Saytın rəngi :

Aşağı Salahlı kənd İƏD-si üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib

23 yanvar 2020 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının (RİHB) Aşağı Salahlı kənd İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndəliyinin 2019-cu ildə gördüyü işlərə və 2020-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, aparatın Hüquq şöbəsinin müdiri Səba Paşayeva və kənd sakinləri iştirak ediblər. Yığıncağı aparmaq üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər barədə məlumat verilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova hesabat yığıncağında çıxış edərək rayon rəhbərliyinin salamlarını çatdırıb, müstəqil Azərbaycanın çiçəklənməsi naminə həyata keçirilən bütün işlərdə uğurlar arzulayıb. Qeyd edib ki, dövlət başçısının böyük uzaqgörənliklə həyata keçirdiyi milli inkişaf strategiyası nəticəsində regionun lider dövlətinə çevrilmiş Azərbaycan bu gün bütün dünyada güclü dövlət və sabit ölkə kimi tanınır. Azərbaycanda güclü sosial siyasət həyata keçirilir, müasir infrastruktur yaradılmaqla əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli layihələr həyata keçirilir. Bu inkişaf ölkəmizin bütün bölgələrini, rayonları, şəhərləri, qəsəbələri və kəndləri əhatə edir. 2019-cu ilin ölkəmiz və xalqımız üçün uğurlu bir il olduğunu qeyd edən müavin bu gün respublikamızın bütün bölgələrində olduğu kimi, Qazaxda da "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işlərin böyük miqyas aldığını qeyd edib. Respublikamızda, eləcə də bölgələrimizdə "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra edilməsindən danışan müavin ilin əvvəlində 964 şagird yerlik S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsini, daha sonra "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salınmasını, Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı tikintisini, 220 şagird yerlik Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün yeni binanın inşa olunmasını, Təhsil Nazirliyi tərəfindən 180 şagird yerlik Qaymaqlı kənd tam orta məktəbi üçün yeni binanın tikilməsini bu sahədə görülən işlərin bariz nümunəsi və təhsil sahəsinə olan dövlət qayğısı kimi qeyd edib.
Aşağı Salahlı kənd İƏD-si üzrə nümayəndə Zahid Mirzəyev hesabat məruzəsi ilə çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tarixinə daha bir uğurlu il kimi daxil olmuş 2019-cu ildə qazanılmış nailiyyətlərdən danışıb. Qeyd edib ki, ölkəmizlə yanaşı hesabat ilində rayonumuzda da genişmiqyaslı tikinti-quruculuq işləri aparılıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi altında həyata keçirilən quruculuq və abadlıq işləri nəticəsində ötən il şəhər və kəndlərimizin siması köklü şəkildə dəyişmiş, Qazax respublikamızın ən inkişaf etmiş rayonlarından birinə çevrilmişdir.
Z.Mirzəyev qeyd edib ki, Aşağı Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik bir kəndi əhatə etməklə kənddə təsərrüfatların sayı 474, əhalinin sayı 1964 nəfərdir. Nümayəndəliyin ərazisində bir bələdiyyə, 1 tam orta məktəb, 1 diyarşünaslıq evi, 1 kitabxana, 1 körpələr-evi uşaq bağçası, 1 tibb məntəqəsi, 5 ticarət və 3 ictimai iaşə obyekti fəaliyyət göstərir.
Ərazidə 1 tam orta məktəb fəaliyyət göstərir ki, burada 250 nəfər şagirdin təlim-tərbiyəsi ilə 30 nəfər pedoqoji kollektiv məşğul olur. Məktəbi bitirmiş 5 nəfər şagirddən 1 nəfəri ali məktəblərə sənəd vermiş və orta ixtisas məktəbinə qəbul olunmuşdur. Hesabat ilində məktəbin 11-ci sinif şagirdi Sarıyeva Sahilə Aqil qızı Heydər Əliyev - 96 “Ən yaxşı təqdimat” müsabiqəsində iştirak edərək rayon birincisi olmuş və Təhsil Nazirliyinə göndərilmişdir. Təhsil Nazirliyində keçirilən müsabiqədə 3-cü dərəcəli diploma layiq görülmüş, noutbuk və 200 manat pul mükafatı ilə mükafatlandırılmışdır. Məktəbin komandası 2003-2004-cü il təvəllüdlü məktəblilər arasında “Atletika” üzrə rayon birinciliyində 1-ci yerə layiq görülərək Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanla təltif olunmuşlar. Məktəbin “Şahin” komandası hərbi idman oyununun Qazax rayon Birinciliyi yarışında 1-ci yer tutduğuna görə Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanla təltif olunmuş və rayonumuzu zona yarışında təmsil etmişlər.
Ərazidə 2 qruplu 1 körpələr-evi uşaq bağçası fəaliyyət göstərir. 35 nəfər körpənin tərbiyəsi ilə 14 nəfər işçi məşğul olur.
İnzibati ərazi dairəsində Ağstafa Regional Mədəniyyət İdarəsinin 1 diyarşünaslıq evi, 1 kitabxana fəaliyyət göstərməklə 8 nəfər işçi heyəti vardır. Bu işçilərlə nümayəndəliyin birgə fəaliyyəti sayəsində kənddə bütün mədəni tədbirlər keçirilmişdir. Rayonumuzda keçirilən bütün tədbirlərdə diyarşünaslıq evinin işçiləri iştirak etmişlər. Diyarşünaslıq evinin inzibati binasının dam örtüyünün dəyişdirilməsinə çox böyük ehtiyac vardır.  Kənddə 1 tibb məntəqəsi fəaliyyət göstərir və 6 nəfər işçisi vardır. 2019-cu ildə tibb məntəqəsinə 970 nəfər ambulator gəliş olmuşdur.
Kənd əhalisinə nəqliyyat xidməti göstərmək üçün 7 ədəd mikroavtobus Qazax-Aşağı Salahlı marşrutu üzrə hərəkət edir. Gün ərzində kənddən şəhərə və şəhərdən kəndə cəmi 11 reys həyata keçirilir. Nəqliyyat vasitələrinin iş qrafikinə, imtiyazlı insanların, şəhid ailələrinin nəzərə alınmasına daim nəzarət olunur.
Ərazidə 374 abonent elektrik enerjisindən istifadə edir ki, 24 saat fasiləsiz enerji ilə təmin olunur. 3 ədəd 100 kv-luq, 1 ədəd 250 kv-luq, 1 ədəd 163 kv-luq, 2 ədəd 63 kv-luq transformator fəaliyyət göstərir. Həmin transformatorların 2 ədədinin dəyişdirilməsinə ehtiyac vardır.
Ərazidə 352 abonent mavi qaz yanacağından fasiləsiz olaraq istifadə edir. Həm mavi yanacaqdan, həm də elektrik enerjisindən istifadə edən abonentlər istifadə etdikləri enerji haqlarını idarə binasının bir otağında yerləşən bir nəfər poçt filialının işçisinə ödəyirlər. Həmin poçt işçisi müvəqqəti olaraq idarə binasının bir otağında yerləşdirilib. Ərazidə bir ədəd poçt filialı binasının tikintisinə böyük ehtiyac vardır.
Ərazi dairəsində əhali rabitə və yüksək sürətli internetdən istifadə edir. Aşağı Salahlı kəndi ərazisində 249 ədəd telefon nömrəsi və 67 ədəd internet istifadəçisi vardır. Kənd ərazisində internetdən istifadə zamanı çox böyük çətinliklər yaranır.
2019-cu ildə 10 nəfər sakin dünyasını dəyişmiş, 4 nəfər isə rəsmi nikaha durmuşdur. Cari ildə 16 doğum qeydə alınmışdır ki, bundan 6 nəfəri oğlan, 10 nəfəri isə qız olmuşdur.
Nümayəndəliyə hesabat ilində 17 məktub daxil olmuş, 7 yazılı, 17 şifahi müraciətə baxılmış və öz həllini tapmışdır. Müraciət etmiş 438 nəfər vətəndaşa ailə vəziyyətini təsdiq edən və müxtəlif arayışlar verilmişdir. 2019-cu ildə 7 nəfər həqiqi hərbi xidmətə çağırılmış, 6 nəfər isə ordudan tərxis olunmuşdur.
Aşağı Salahlı kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük, və heyvandarlıq təşkil edir. Dövlət başçısının kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında 2007-ci il 23 yanvar tarixli sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 saylı, 16 noyabr 2007-ci il tarixli 181 saylı qərarına uyğun 2019-cu ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına istifadə etdikləri yanacaq və motor yağlarına görə 687 hektar torpaq sahəsinə 44733 manat hər bir istehsalçının plasik kart hesabına köçürülmüşdür. Bildiyiniz kimi, ölkə prezidentinin müvafiq sərəncamı ilə 2020-ci il yanvarın 1-dən etibarən yeni subsidiya mexanizmi hazırlanıb və kənd istehlakçıları da öz torpaqlarında əkdikləri bitkini bəyan etmək üçün Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinə müraciət edərək qeydiyyata düşmüşlər.
Hesabat ilində kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində rayonda və kənddə baramaçılıq və tütünçülük sahələrinin inkişaf etdirilməsinə başlanılmışdır. Ötən il 434 kq barama istehsal olunaraq Şəki ipəkçilik fabrikinə, 3 hektar ərazidə əkilmiş tütündən ümumilikdə 5000 kq qurudulmuş tütün istehsal olunaraq aidiyyəti üzrə təhvil verilmişdir. Hesabat ilində kənddə baramaçılığın daha da inkişaf etdirilməsi üçün ölkəmizə Çin Xalq Respublikasından gətirilmiş 1000 ədəd tut tingi əkilmişdir.
2019-cu ilin məhsulu üçün ərazidə 340 hektar buğda, 111 hektar arpa biçilmişdir ki, məhsuldarlıq 33,71 sentner, 20 hektar qarğıdalı məhsuldarlıq 40 sentner, 15 hektar kartof əkilmişdir ki, məhsuldarlıq 30 sentner, 69 hektar üzüm bağlarından 50 sentner olmuşdur.
Ərazi dairəsində 2020-ci ilin məhsulu üçün 289 hektar payızlıq buğda, 144 hektar arpa səpilmişdir. Həmin sahələrdə suvarılma işləri aparılmış və hazırda davam edir. Kənddə suvarma suyu iki istiqamətdən - həm “Zor” arxı, həm də “Axmaz” arxı istiqamətindən daxil olur. Ərazi su mənbəyindən ən axırıncı nöqtədə yerləşdiyi üçün daim suvarma suyundan çətinliklər olur. Lakin rayon rəhbərliyinin böyük səyləri nəticəsində demək olar ki, hər il kənddə bir ədəd subartezian quyusu qazılıb təhvil verilir. Bu ənənə 2019-cu ildə də davam etdirilib və 1 ədəd subartezian quyusu qazılaraq vətəndaşların istifadəsinə verilib.
2020-ci il yanvarın 1-i vəziyyətinə əhalidə 1965 baş iribuynuzlu mal-qara, 10100 baş xırdabuynuzlu qoyun-keçi olub ki, bu da ötən ilə nisbətən artmaqdadır. Ərazidə Rayon Baytarlıq İdarəsinin 1 nəfər baytar həkimi və 1 nəfər baytar texniki qulluq göstərir. Bu il 315 baş iribuynuzlu, 14000 baş xırdabuynuzlu heyvanlarda davaq xəstəliyinə qarşı 2 dəfə peyvənd aparılmış, 1600 baş iribuynuzlu, 9000 baş xırdabuynuzlu heyvanlarda qarayara xəstəliyinə qarşı profilaktik tədbirlər aparılmışdır. Görülən profilaktiki tədbirlər nəticəsində heç bir infeksion xəstəliklər aşkarlanmamışdır. Bu sahədə çalışan mütəxəssislərin fəaliyyətini qənaətbəxş hesab etmək olar. İnzibati ərazi dairəsində 1 nəfər süni mayalanma üzrə ixtisaslaşmış texnik fəaliyyət göstərir. Onun fəaliyyəti nəticəsində əhalidə olan yerli cins inəklərdə süni mayalanma aparılaraq heyvanların cinsi dəyişdirilir. 2019-cu ildə 7 baş inək mayalanmış və 2 baş bala alınmışdır. Nazirlər Kabinetinin 25 dekabr 2015-ci il tarixli 401 saylı qərarına əsasən süni mayalanma yolu ilə doğulmuş buzovlara 100 manat məbləğində subsidiyanın verilməsi insanların bu sahəyə marağını daha da artırmışdır. Kənddə 3 kəndli fermer təsərrüfatı vardır ki onların da əsas fəaliyyəti heyvandarlıqla bağlıdır. İstehsal etdikləri süd və süd məhsullarını rayon bazarlarında satışa çıxarırlar. Fermerlərin istehsal etdikləri süd məhsullarının emalı üçün rayonumuzda kiçik də olsa süd zavodu tikilərsə daha məqsədə uyğun olar.
Kənddə görülən işlər barədə məlumat verən icra nümayəndəsi ötən il bağça üçün bərk və yumşaq invertar, elektrik cihazları alındığını, bağçalarda bayram şənliklərinin yüksək səviyyədə təşkil olunduğunu və körpə balalara bayram hədiyyələri verildiyini qeyd edib.
Kəndin yuxarı hissəsində yerləşən avtobus dayanacağı nümayəndəlik tərəfindən təmir edilmiş və bir ədəd stul quraşdırılmışdır.
Məktəbin yanında yerləşən artezian quyusunun üzərində olan su çənində təmir işləri aparılmış, əlavə qurğular quraşdırılmışdır.
Cəmi uzunluğu 2000 m olan təsərrüfatdaxili yollara çınqıl verilmiş və texnika vasitəsilə hamarlanmışdır.
Bələdiyyə tərəfindən kəndin mal örüşü adlanan ərazisində 1 ədəd su ötürücü boru salınaraq istifadəyə verilmişdir.
Ərazinin 3 yerində yerləşən zibil tullantıları üçün ayrılmış yerlər ekskvator vasitəsilə təmizlənmişdir. Təmizlənmiş zibillər bulduzer vasitəsilə basdırılmışdır.
Ərazidə yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, Böyük Vətən Müharibəsi iştirakçıları daim diqqətdə saxlanılmış, bayramlarda nümayəndəlik və bələdiyyə tərəfindən onlara və bir neçə imkansız ailələrə bayram sovqatları verilmişdir. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Heydər Əliyev Fondu tərəfindən 2 nəfər ünvanlı sosial yardım alan ailəyə bayram sovqatları verilmişdir. Həmçinin rayon rəhbərliyi tərəfindən də kənddə yaşayan şəhid ailələrinə bayram sovqatları çatdırılmışdır.
İcra nümayəndəsi görülmuş işlərlə yanaşı kənddə görülməsi vacib olan bir neçə məsələni də diqqətə çatdırıb. O, Kür çayının sağ sahilində bənd bərkitmə işlərinin aparılması, kənddə yeni subartezian quyularının qazılması, Kür çayının sağ sahilində yerləşən vətəndaşlara məxsus pay torpaqlarında həm suvarmanın yaxşılaşması, həm də torpaqların şoranlaşmasının qarşısının alınması üçün drenaj kanallarının təmizlənməsi və suvarma arxlarının beton üzlüyə alınması, yeni tibb məntəqəsinin tikintisi, diyarşünaslıq evinin dam örtüyünün dəyişdirilməsi, yeni Poçt filialının tikintisi, ərazidə yerləşən iki ədəd transformatorun dəyişdirilməsi kimi məsələləri qeyd edib və həlli üçün aidiyyatı təşkilatlar qarşısında qaldırılmasını bildirib.
Məruzə ətrafında çıxış edən Aşağı Salahlı kənd tam orta məktəbin direktoru Cahangir Alnaqov, Məzahir Hüseynov kənd sakinləri adından 2019-cu ildə rayonumuzda, eləcə də Aşağı Salahlı kəndində görülən genişmiqyaslı işlərə görə ölkə başçısına, rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər. Yenicə qədəm qoyduğumuz 2020-ci ilin də yaddaqalan bir il olacağına əminliklərini vurğulayıblar.

Keçidlər