Şriftin ölçüsü :

Saytın rəngi :

Xanlıqlar kəndində kənddaxili yola asfalt döşənir

27 yanvar 2020 | 16:00

Son illər gündən-günə inkişaf edən Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrlə yanaşı yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində də məqsədyönlü işlər görülür. Bunu ölkəmizdə aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərinin arasında yeni yolların çəkilişi ilə bağlı həyata keçirilən layihələr də bir daha sübut edir.
Dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlar Qazaxda da uğurla icra olunur. Təkcə son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt yolların çəkilməsi bu sahədə görülən işlərin bariz nümunəsidir.
Qazaxda son 3 ildir ki, rayonda yeni yolların çəkilməsi ilə yanaşı, şəhər və kəndlərdə küçədaxili, kənddaxili yollarda da həm nəqliyyat vasitələrinin, həm də vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür. Bu gün rayonun ən qədim kəndlərindən olan Xanlıqlar kəndində sakinlərin istəyini nəzərə alaraq ikinci dayanacaqdan üçüncü dayanacağa kimi 2 km-ə yaxın uzunluğu olan kənddaxili yolun asfaltlanması bu sahədə görülən işlərin uğurla davam etdirilməsi deməkdir. Belə ki, artıq bir neçə gündür ki, kənddaxili yolun asfaltlanmasına start verilib. Xanlıqlar kənd tam orta məktəbin, körpələr evi-uşaq bağçasının qarşısından keçən yolun asfaltlanması sakinlər tərəfindən də razılıqla qarşılanır. İstər rayonda, istərsə də kəndlərdə yol infrastrukturunun yenidən qurulmasına görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

Keçidlər