Sərhəd kəndi Cəfərlidə hesabat yığıncağı keçirilib
Bu gün növbəti hesabat yığıncağı Qazax rayonunun düşmənlə sərhəddə yerləşən Cəfərli kəndində keçirilib. Hesabat yığıncağında Qazax Rayon İcra Hakimiyyəti başçısının Сəfərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2019-cu ildə gördüyü işlər və qarşıda duran vəzifələrdən danışılıb.
Cəfərli kənd mədəniyyət evində keçirilən yığıncaqda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Hesabat yığıncağının aparılması üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər səsləndirilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yığıncağı giriş sözü ilə açaraq kənd sakinlərini salamlayıb, yeni ildə ölkəmizin tərəqqisi naminə yeni-yeni uğurlar arzulayıb. Qeyd edib ki, artıq bu cür görüşlərin keçirilməsi bir ənənə halını alıb. Keçirilən hər bir görüş də Siz sakinlərin qayğılarının həll olunmasına, sizlərin təhlükəsizliyinizin təmin edilməsinə xidmət edir. Rayon rəhbəri bildirib ki, yola saldığımız 2019-cu il ölkəmizin tarixinə daha bir uğurlu il kimi daxil oldu. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız həyatın bütün sahələrində yeni nailiyyətlərə imza atıb, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyib. Ölkə başçısının rəhbərliyi və təşəbbüsü ilə iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar müsbət nəticələrini vermiş, Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. Ölkə başçısının növbəti dəfə Prezident seçildikdən sonra yürütdüyü məqsədyönlü dövlət siyasətindən, son vaxtlar dövlət məmurları haqqında söylədiyi fikirlərdən, apardığı iqtisadi və kadr islahatlarından, vətəndaşlara göstərdiyi diqqət və qayğıdan danışan rayon rəhbəri 2019-cu ilin bu baxımdan yaddaqalan bir il olduğunu qeyd edib. Xüsusilə də əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində imzaladığı çoxsaylı Fərman və Sərəncamları, istər ölkə başçısının, istərsə də Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara olan diqqət və qayğısını çatdıran rayon rəhbəri bundan sonra da belə olacağını vurğulayıb. Qeyd edib ki, Respublika Prezidenti tərəfindən istər ötən ilin sonları, istərsə də 2019-cu il ərzində həyata keçirilən iqtisadi islahatlar bir daha sübut etdi ki, Azərbaycanda yürüdülən məqsədyönlü dövlət siyasətinin mərkəzində hər zaman ölkə vətəndaşı dayanır və bundan sonra da dayanacaq. Ölkə rəhbərinin iqtisadi islahat paketinin icrası ilə bağlı imzaladığı mühüm Fərman və Sərəncamlardan danışan icra başçısı həmin Sərəncamlardan irəli gələn vəzifələrin bu gün də layiqincə yerinə yetirildiyini bildirib. 2019-cu ilin 18 iyununda imzalanan çoxsaylı Sərəncamların əhəmiyyətindən danışan rayon rəhbəri istər minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata çatdırılmasını, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılmasını ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər kimi dəyərləndirib. Xüsusilə də problemli kreditərin həlli ilə bağlı imzalanan Fərmanı, ödənişli əsaslarla təhsil alan tələbələrə təqaüdlərin verilməsini atılan ən humanist addım kimi qeyd edib.
2016-2019-cu illərdə rayonda görülən işləri müqayisə edən icra başçısı Respublika Prezidentinin diqqət və qayğısı sayəsində abadlıq və quruculuğun hər il daha geniş vüsət aldığını söyləyib. Rayon rəhbəri Qazaxda istər şəhər mərkəzində, istərsə də kəndlərdə yerləşən və açılışları nəzərdə tutulan ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən “Qazax Aqropark”ın, "Gedik-Carçı Qaynaq” MMC tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun istifadəyə verilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikilən fabrikin inşasını rayonda işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlər kimi qiymətləndirib.
Rayon rəhbəri qeyd edib ki, düşmənlə sərhəddə yaşayan bir rayon üçün vacib məsələlərdən biri Qazaxda müasir standartlara cavab verən xəstəxananın olması idi. Sevindirici haldır ki, dövlət başçısının diqqət və qayğısı, xüsusən də qazaxlılara verdiyi yüksək dəyər sayəsində bu məsələ öz müsbət həllini tapdı. Rayon üçün böyük əhəmiyyət daşıyan layihələrdən biri - 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksinin tikintisi başa çatdırıldı. Eyni zamanda böyük layihələr hesab edilən su və kanalizasiya xəttinin və Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilişlərinin uğurla davam etdirildiyini bildirib.
Rayon rəhbəri 2019-cu ilin məktəb tikintisi baxımından da yaddaqalan olduğunu, "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salınmasını rayonda təhsilin inkişafına olan dövlət qayğısı kimi qeyd edib. İlin əvvəlində S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsini, daha sonra Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulmasını, yenə də Fond tərəfindən Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın tikilməsini, Təhsil Nazirliyi tərəfindən 180 şagird yerlik Qaymaqlı kənd tam orta məktəbin tikintisini gələcəyimiz olan uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi göstərib. Rayon rəhbəri Cəfərli kənd tam orta məktəbin də təmirə ehtiyacı olan məktəblər sırasına daxil edildiyini və təmirin nəzərdə tutulduğunu bildirib.
İcra başçısı rayonda azyaşlı körpələrə göstərilən qayğının, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitin 2019-cu ildə də daim diqqət mərkəzində saxlanıldığını söyləyib. 2019-cu ilin əvvəlində 90 yerlik şəhər 6 saylı körpələr evi-uşaq bağçasının və may ayında Qazaxbəyli kənd uşaq bağçasının istifadəyə verilməsini bu sahədə görülən işlərin davamı kimi qeyd edib. Ümumiyyətlə, son 3 ildə rayon üzrə mövcud olan 25 bağçadan 21-nin müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını vurğulayıb. Cəfərli və Bala Cəfərli kəndlərində olan bağçaların da həmin təmirli bağçalar sırasında olduğunu söyləyib.
Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə göstərilən dövlət qayğısından danışan icra başıçısı bu qayğının Qazaxda da daim hiss olunduğunu bildirib. Bu gün rayonda Qarabağ müharibəsi əlili və şəhid ailəsi olaraq 192 nəfərin ev növbəsində olduğunu, bu il 35 nəfər üçün ev tikintisinin nəzərdə tutulduğunu qeyd edib.
Rayon rəhbəri uzun illərdən bəri mövcud olan su probleminin də zaman-zaman aradan qaldırıldığını bildirib. Ölkə başçısının bu sahəyə olan qayğısı sayəsində son illər rayonun Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli su çəkildiyini qeyd edib. Əvvəlki illərdə rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdirildiyini bildirib. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında ölkə Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. İcra başçısı həmin Sərəncama əsasən rayonun Cəfərli, Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin hər birində 1 ədəd subartezian quyularının qazıldığını qeyd edib. İcra başçısı qeyd edib ki, bu gün rayonda 190-dan artıq subartezian quyusu fəaliyyət göstərir ki, bunun da 60-dan çoxu son 3 ildə istifadəyə verilib. Rayon rəhbəri vurğulayıb ki, bu gün rayonun sərhəddə yerləşən bir neçə kəndində su problemi var ki, həmin kəndlərdən biri də Cəfərli kəndidir. Qeyd edib ki, bu məsələnin də öz həllini tapması üçün lazımi işlərin görülməsi nəzərdə tutulub. Dövlət Proqramında suabartezian quyuları ilə bağlı bəndin salındığını qeyd edən rayon rəhbəri bu işlərin 2020-ci ildə də davam etdiriləcəyini və həmçinin Cəfərli kəndində də qazılmasının nəzərdə tutulduğunu vurğulayıb. Bundan əlavə, kənddə dam örtüyünün dəyişdirilməsinə ehtiyac olan evlər vardır ki, sizlər tərəfindən hər dəfə bu məsələ qaldırılıb. Bu il qeyd olunan həmin məsələ də öz müsbət həllini tapacaqdır.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və qazla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonda SİP kabelləşmənin ilk olaraq sərhəd kəndlərindən başlanıldığını bildirib. Sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndlərində SİP kabelləşmənin 100 faiz başa çatdığını qeyd edib.
İcra başçısı vurğulayıb ki, Cəfərli kəndi sərhəddə yerləşməsinə, müharibənin ağrı-acılarını çox çəkməsinə baxmayaraq bu gün özünün inkişaf dövrünü yaşayır. Dövlət qayğısı ilə tam əhatə olunmuş kənd sakinləri kənd təsərrüfatı və heyvandarlıqla məşğul olurlar. Göstərilən diqqət və qayğının nəticəsidir ki, Cəfərli günü-gündən inkişaf edir.
Hesabat ilində Cəfərli kəndində də müvafiq işlərin görüldüyünü bildirən icra başçısı kənd sakinləri tərəfindən qaldırılan bütün məsələlərə həmişə diqqətlə yanaşıldığını, kənddə mövcud olan problemlərin zaman-zaman öz həllini tapdığını qeyd edib. Bildirib ki, bu gün sərhəd kəndləri fasiləsiz enerji, qaz ilə tam təmin olunur.
Cəfərli kənd İƏD-si üzrə nümayəndə Şahin Mustafayev hesabat məruzəsində ölkəmizdə olduğu kimi, rayonumuzda da 2019-cu ilin bir çox hadisələrlə yadda qaldığını bildirib. Qeyd edib ki, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun gərgin əməyi nəticəsində 3 ildən artıq bir vaxtda Qazax şəhərində və kəndlərimizdə 10 illərə bərabər işlər görülmüşdür. Prezident İlham Əliyevin apardığı quruculuq siyasətinin Qazaxda olduğu kimi həyata keçirilməsinin nəticəsidir ki, rayonumuzda bir çox - təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələr inkişaf etmiş, uğurlu göstəricilər əldə edilmişdir.
Qeyd edib ki, nümayəndəlikdə 356 təsərrüfat olmaqla 1499 nəfər əhali vardır. Onlar iki yaşayış məntəqəsində Cəfərli və Bala Cəfərli kəndlərində məskunlaşmışlar. Hər iki kənd rayon mərkəzindən 14 km məsafədə yerləşir. Nümayəndəliyin ərazisində iki müasir tipli məktəb, iki körpələr evi-uşaq bağçası, iki kitabxana, iki klub, bir poçt binası, bir həkim məntəqəsi, bir feldşer-mama məntəqəsi, bir EATS fəaliyyət göstərir.
2019-cu ilin tərtib olunmuş iş planına əsasən nümayəndəlikdə nəzərdə tutulmuş işlər əsas etibarı ilə vaxtında yerinə yetirilmişdir. 2019-cu ildə bütün dövlət tədbirləri, bayram şənlikləri yüksək səviyyədə təşkil olunmuş və həyata keçirilmişdir. Hesabat ilində nümayəndəlik kənd sakinləri ilə birlikdə 12 dəfə ümumi yığıncaq keçirmiş, ictimaiyyət arasında xalqımızın milli adət-ənənələrinin təbliğ olunması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində də müəyyən işlərin görülməsi diqqət mərkəzində saxlanılmışdır. Bu baxımdan 2019-cu ildə xalqımızın milli bayramı Novruz bayramı hər il olduğu kimi, bu il də el şənliyi səviyyəsində çox geniş şəkildə qeyd olunmuşdur.
Əhali arasında yaranmış sosial və digər problemlərin həlli nümayəndəliyin iş planında öz əksini tapdığı üçün bu məsələlər vaxtında, yerində həll olunmuş və şikayətlərə qanunla müəyyən olunmuş vaxt ərzində baxılmışdır. İl ərzində nümayəndəliyə 16 nəfər şifahi, 8 nəfər isə ərizə ilə müraciət etmişdir. Əhalinin qeydiyyata alınması və qeydiyyatdan çıxarılması, onların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi ilə bağlı işlər qanunauyğun şəkildə həyata keçirilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin əməkdaşları ilə daim əlaqə saxlanılmış, gənclərin hərbi xidmətə yola salınması müvəffəqiyyətlə aparılmışdır. 2019-cu ildə nümayəndəlikdə 2 nikah, 8 ölüm və 13 doğum aktı qeydə alınmışdır. Doğulan uşaqların 6-sı qız, 7-si oğlandır.
2018-ci ildə nümayəndəlik tərəfindən 100 qram baramaqurdu götürülmüş, nəzərdə tutulan 200 kq barama istehsalına qarşı 326 kq barama təhvil verilmiş, planı 163% yerinə yetirilmişdir. 2019-cu ildə isə 314 kq barama təhvil verilmişdir. Barama istehsalında 9 nəfər işçi çalışmışdır. Nümayəndəlik üzrə tütünçülüyün inkişafı ilə əlaqədar kənddə 4 hektar torpaq sahəsində tütün əkilmiş, sahələrdən 7000 kq məhsul yığılaraq Şəki şəhərində yerləşən tütün kombinatına təhvil verilmiş, plan 107 % yerinə yetirilmişdir və 2 tona yaxın tütünümüz hələ durur, yaxın vaxtlarda onu da aparıb Şəki şəhərində yerləşən tütün kombinatına təhvil verəcəyik.
Əhalidə olan mal-qaranın, qoyun və keçilərin, quşların uçotu aparılaraq təsərrüfatbaşı kitabda qeydiyyata alınmış və Statistika İdarəsinə vaxtında hesabat verilmişdir. 01 yanvar 2020-ci il tarixdə nümayəndəlik üzrə 698 baş iribuynuzlu mal-qara, 3221 baş xırdabuynuzlu davar qeydə alınmışdır.
Nümayəndəliyin ərazisi Ermənistanla həmsərhəddə yerləşdiyi və torpaqların bir hissəsi işğal altında olduğu üçün kənddə torpaq islahatı aparılmamışdır. Buna görə də torpaq sahələri kənd əhalisinə müvəqqəti istifadə üçün icarəyə verilmişdir. Həmin sahələr dəmyə şəraitində yerləşdiyi üçün ondan ancaq taxılçılıq və təbii biçənək kimi istifadə etmək mümkündür. Bu il 2020-ci ilin məhsulu üçün nümayəndəlik üzrə 268 hektar sahədə buğda, 132 hektar sahədə arpa, 36 hektar sahədə vələmir, 20 hektar sahədə isə yonca əkilmişdir. Bundan başqa, Cəfərli kəndinin ərazisindən 100 hektar torpaq sahəsi Qazax Konserv Zavoduna kartof əkini üçün icarəyə verilmişdir. Bu sahələrin əkilib becərilməsində əsas işçi qüvvəsi kimi kənd sakinlərindən istifadə olunur ki, bu da əhalinin müəyyən hissəsinin sosial təminatının yaxşılaşdırılmasına xeyli köməkdir. Bu işlərin 2020-ci ildə də davam etdirilməsi nəzərdə tutulmuşdur. Sahələrin əkilib becərilməsi üçün Respublika Prezidentinin 23 yanvar 2007-ci il tarixli 1907 saylı Sərəncamına uyğun olaraq kənd təsərrüfatı məhsullarının istehsalçısına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi işi müvəffəqiyyətlə aparılmış, 2019-cu ilin avqust ayında 200 ailəyə 40358 manat pul vəsaiti ödənilmişdir. Kənd təsərrüfatı ziyanvericiləri ilə mübarizə də diqqətdən kənarda qalmamışdır. Qazax Bitki Mühafizəsi İdarəsinin işçiləri ilə əlaqə saxlanılır və əkin sahələrinin dərmanlanması üçün əhali arasında maarifləndirmə işləri aparılır. Nümayəndəliyin ərazisində rayon Baytarlıq İdarəsinin bir nəfər işçisi çalışır. Kənddə mal-qara və quşlarda baş verə biləcək xəstəliklərin qarşısını almaq üçün həmişə əhali arasında olur, vaxtında profilaktik tədbirlər aparır və peyvəndlər edir.
Əhaliyə tibbi xidmət yüksək səviyyədə aparılır. Bunun üçün hər iki kənddə tikilmiş müasir tipli hər cür şəraiti olan tibb məntəqəsi fəaliyyət göstərir. Hər iki tibb məntəqəsində əhaliyə tibbi yardımlar göstərilir, antisanitariyaya ciddi riayət olunur. İşçilər daima əhali arasında olaraq əhalinin təmizliyə riayət etməsi üçün lazımi söhbətlər aparırlar. Kəndarası küçələrdə səliqə-sahmana xüsusi diqqət yetirilir. Rayon rəhbərliyinin dəstəyi ilə kənd ərazisində yerləşən məişət tullantıları poliqonu texnika vasitəsilə təmizlənərək ərazidə səliqə-sahman işləri aparılmışdır.
Cəfərli və Bala Cəfərli kəndlərində hazırda 6 ədəd artezian quyusu vardır. Bu quyularda hər hansı bir nasazlıq baş verərəsə subartezian quyuları idarəsinin köməkliyi və rayon rəhbərliyinin dəstəyi ilə aradan qaldırılır. Həmin quyulardan biri uzun müddətdir keçən quraqlıq səbəbindən qurumuş, hazırda fəaliyyət göstərmir.
Cəfərli kəndinin aşağı hissəsində yerləşən artezian quyusunun yanında qurulmuş nasoslarla kənddəki bütün evlərə gündəlik fasilələrlə içməli su vurulurdu. Həmin nasoslar tez-tez yanırdı və elektrik enerjisindən istifadə olunurdu. Rayon rəhbərliyinin dəstəyi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə kəndin ən hündür yerində tutumu 25 ton olan 2 ədəd dəmir çən quraşdırıldı və artezian suyu birbaşa həmin çənlərə vuraraq həmin çənlərdən bütün evlərə öz axını ilə su çəkilmişdir Bütün evlərə gedən dəmir su xətləri polietilen xətlərlə əvəz olundu. Bununla da əhali motor almaqdan və elektrik enerjisi ödəməkdən azad oldu. Bundan əlavə, bir ədəd yeni artezian nasosu da hədiyyə etdilər. Bu yaxınlarda kənddə bir artezian quyusu qazılıb istifadəyə verilib, yeni bir artezian quyusunun qazılması da artıq təsdiq olunmuş və yeri müəyyən edilmişdir. 8 ailəyə həyətləri suvarmaq üçün 150 mm diametri olan dəmir boru verildi və həmin ailələrin su xətti bərpa olundu. Uzun illərdi ki, təmir olunmayan klub binası nümayəndəlik tərəfindən “Dost“ MMC-nin işçilərinin köməyi ilə təmir edilmişdir. Bundan başqa, nümayəndəliyin gördüyü işlər sırasına kənd qəbiristanlığında aparılan abadlıq və təmizlik işlərini də daxil etmək olar. Belə ki, kənd qəbiristanlığının bərbad vəziyyətdə olan ətrafı dəmir torla yenidən təmir olunmuşdur və qəbiristanlıqda daim iməclik işləri aparılmışdır. Bu işdə kənd ictimaiyyəti yüksək fəallıqla iştirak etmişlər.
Cəfərli və Bala Cəfərli kəndlərində 2019-cu ildə elektrik enerjisinin verilməsində heç bir problem olmamışdır. Güc transformatorlarında hər hansı nasazlıq baş verdikdə bu da rayon paylayıcı elektrik şəbəkəsinin köməkliyi ilə aradan qaldırılır. Kənddə yaşayış evlərinə yaxın olan, həmişə kənd sakinləri üçün təhlükə törədən iki ədəd transformatorun kənarları dəmir hasara alınmış, rənglənərək səliqəli vəziyyətə salınmışdır. Cəfərli və Bala Cəfərli kəndlərində elektrik təchizatı sistemində artıq yeniləşmə işlərinə başlanılmışdır. Bala Cəfərli kəndində SİP kabelləşmə işi başa çatdırılmış, köhnə tipli elektrik sayğacları yeni SMART tipli sayğaclarla əvəz olunmuşdur. Cəfərli kəndində isə kabelləşmə artıq başa çatdırılmış transformatorların dəyişdirilməsi və yeni sayğacların quraşdırılması işləri davam etdirilir.
Cəfərli və Bala Cəfərli kəndləri tamamilə qazlaşdırılmışdır. Təbii qazın verilməsində heç bir problem yoxdur. Qaz istismar sahəsinin nəzarəti sayəsində bütün çatışmazlıqlar öz həllini tapır. Hər iki kəndin əhalisi qaz və elektrik enerjisinin dəyərinin ödənilməsindən azaddırlar. Belə ki, dövlət tərəfindən onlara ayrılmış limitdən istifadə edirlər. Vətəndaşlar limitdən əlavə sərf etdikləri qazın və elektrik enerjisinin dəyərini kənddə yerləşən poçt şöbəsinə ödəyirlər. Bala Cəfərli və Cəfərli kənd sakinlərinin istifadəsi üçün ayrılan qaz və elektrik enerjisi limitləri ləğv edilmişdi. Qazax rayonunun digər sərhəd kəndləri kimi Cəfərli və Bala Cəfərli kəndlərinin əhalisi də istifadə edilən qaz və elektrik enerjisi üçün ayrılmış limitlərin ləğv edilməsindən çox böyük əziyyət çəkirdilər. İstifadə edilən qaz və elektrik enerjisinin dəyərinin ödənilməsi əhali arasında böyük narahatlıq yaratmışdı. Rayon rəhbərliyi bu məsələ ilə məşğul olacağına söz verdi və çox az bir müddətdə hamının sevincinə səbəb olan bir qərarın alınmasına nail oldu. İndi Qazax rayonu yeganə sərhəd rayonudur ki, rayonun 5 kəndi, o cümlədən Cəfərli və Bala Cəfərli kəndlərinin əhalisi istifadə etdikləri qaz və elektrik enerjisinin dəyərinin ödənilməsindən azaddırlar. Bu da dövlət başçımızın əhaliyə, xalqımıza olan qayğısının bir nümunəsidir. Bunun üçün də ölkə Prezidentinə və rayon rəhbərliyinə əhalimiz adından minnətdarlığımızı bildiririk. Bala Cəfərli kəndinə gedən asfalt yol cari təmir edilmiş, kənddə bir ədəd avtobus dayanacağı tikilmiş, Bala Cəfərli kənd sakini Qasımova Nuriyyə Tofiq qızının evinin dam örtüyü, bir otağının döşəməsi və evin pəncərələri dəyişdirilmiş, evinin qarşısına 13 metr uzunluğunda istinad divarı çəkilmişdir. İmkansız ailə Kosayev Murad İstan oğlunun evinə elektrik sayğacının qoyulması üçün dövlət rüsumu 270 manat rayon rəhbərliyi tərəfindən ödənilmişdir. Bundan başqa, kənddə yaşayan 24 ailənin evinin dam örtüyü dəyişdirilmiş, kənd sakinlərinin hər birinin həyətinə içməli su xətti çəkilmişdir. 16 ailənin maddi rifah halının yaxşılaşdırılması üçün hər birinə 1100 manat birdəfəlik maddi yardım verilmişdir. Kəndin mərkəzində yerləşən artezian quyusu təmir edilmiş əhalinin evlərinə öz axını ilə su getməsi məqsədilə su çəni 7 metr hündürlüyə qaldırılmış, rənglənmiş və normal vəziyyətə gətirilmişdir. Cəfərli kəndində şəhid ailəsi Sədaqət Almazovanın həyətinə hasar çəkilməsi üçün 1600 ədəd mişar daşı, 30 kisə sement, 1 maşın qum verilmişdir. İmkansız birinci qrup əlil Qarasaqqalov Məmməd Vasil oğluna evinin təmiri üçün 3 ədəd qapı, 20 kisə sement və 1 maşın qum verilmişdir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə Bala Cəfərli kəndində əkinçiliyi inkişaf etdirmək məqsədilə kənddə yaşayan hər bir ailəyə 250 kq toxumluq buğda, 250 kq mineral gübrə, Cəfərli kəndində də kənddə yaşayan hər bir ailəyə 100 kq toxumluq buğda, 250 kq mineral gübrə verilmişdir.
Nəqliyyat cəhətdən də kənd sakinlərinin təminatı yaxşı təşkil edilmişdir. Cəfərli kəndində 3, Bala Cəfərli kəndində isə 1 kiçik həcmli mikroavtobus əhaliyə xidmət göstərir. Bu işlərə də tərəfimizdən ciddi nəzarət edilir. Bala Cəfərli kəndində məktəb 4 illik olduğu üçün şagirdlər Qazax şəhərində oxumaq məcburiyyətində qalırlar. Həmin şagirdlərin məktəbə pulsuz aparılıb gətirilməsi rayon rəhbərliyinin köməkliyi ilə təşkil olunmuşdur.
Cəfərli kəndində fəaliyyət göstərən ən böyük müəssisələrdən biri də Cəfərli kənd tam orta məktəbidir. Nümayəndəlik hər iki kənddə yerləşən məktəblə daim əlaqə saxlayır, əmək intizamının, dərsə davamiyyətin təmin edilməsində və zəruri ehtiyaclarının ödənilməsində məktəb rəhbərliyinə yaxından köməklik göstərir. Cəfərli kənd tam orta məktəbində 117 nəfər, Bala Cəfərli kənd ibtidai məktəbində 5 nəfər şagird təhsil alır. Onların təlim–tərbiyəsi ilə 26 nəfər müəllim məşğul olur. Ötən dərs ilində Cəfərli kənd tam orta məktəbi 7 nəfər bitirmiş, onlardan 6 nəfəri ali məktəbə sənəd vermişlər. Bunlardan da 4 nəfəri ali, 2 nəfəri isə orta ixtisas məktəbinə qəbul olunmuşdur. Hər iki kənddə yerləşən uşaq bağçaları daim nəzarətimizdədir. Cəfərli kəndində yerləşən 20 yerlik uşaq bağçası neçə illər idi ki, çox bərbad gündə idi, otaqlar darısqal və təmirsiz idi. Rayon rəhbərliyinin köməkliyi ilə yeni bağça binası tikilib, hər cür avadanlıqlarla təmin olunaraq uşaqların istifadəsinə verilmişdir. Bala Cəfərli kəndində yerləşən uşaq bağçası da yenidən təmir olunmuş, hər cür avadanlıqlarla təmin olunaraq uşaqların istifadəsinə verilmişdir. Bala Cəfərli kənd bağçasına kombi sistemi çəkilmiş, yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Buna görə kənd camaatı və valideynlər adından rayon rəhbərliyinə öz dərin minnətdarlığımızı bildiririk.
Kənd əhalisinin uzun illər həsrətində olduğu yol problemi rayon rəhbərliyinin səyi nəticəsində artıq həllini tapmışdır. Bu da hamımızın böyük sevincinə səbəb olmuşdur. Bunun üçün də ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürümüzü çatdırırıq. Kəndarası yollara çınqıl döşənməsi işləri də mütəmadi olaraq aparılır. Belə ki, Cəfərli kəndində çınqıl döşənməsi işləri başa çatdırılmışdır.
Kənd ağsaqqalarından Sabir Vəliyev, Telman Kosayev, Seyfəddin Vəliyev, Məzahir Mustafayev, Ceyhun Rəhimov, Ədalət Qarasaqqalov, Ələkbər Heydərov və başqaları çıxış edərək sərhəd kəndinin sakinlərinə göstərdiyi böyük diqqət və qayğıya, Cəfərli və Bala Cəfərli kəndlərinin günü-gündən inkişaf etməsinə və görülən bütün işlərə görə Prezident İlham Əliyevə, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər qeyd ediblər ki, “Sizinlə keçirilən hər bir görüş biz sakinlərin qayğılarının həll olunması deməkdir. Bu gün biz sərhəddə yaşayan sakinlər keçirilən bu görüşləri əsl toy, bayram kimi qeyd edirik. Çünki biz bilirik ki, görüş zamanı qaldırılan və həlli mümkün olan nə məsələ varsa, o Sizin sayənizdə mütləq öz həllini tapacaqdır. Ən əsası isə Siz rayon rəhbəri kimi təyin olunan ilk gündən sərhəddə yaşayan sakinlərə diqqət və qayğı ilə yanaşırsınız. Ağsaqqallara, ziyalılara, körpə balalara xüsusi qayğı göstərirsiniz. Bu, ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amilinin hər zaman ön plana çəkilməsi deməkdir. Son 3 ildir ki, Cəfərli və Bala Cəfərli kənd sakinləri bu diqqət və qayğını hər an hiss edirlər”.
Sonda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hesabat yığıncağına yekun vuraraq sakinlərin minnətdarlıq dolu ürək sözlərinə razılığını bildirib, onlara göstərilən diqqət və qayğının bundan sonra da belə olacağını qeyd edib.