Şriftin ölçüsü :

Saytın rəngi :

Çaylı kənd İƏD-si üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib

29 yanvar 2020 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının Çaylı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində keçirilən hesabat yığıncağında 2019-cu ildə görülmüş işlər müzakirə olunub və 2020-ci ildə qarşıda duran vəzifələrdən danışılıb.
E.Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbdə keçirilən hesabat yığıncağında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Yığıncağı aparmaq üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər barədə məlumat verilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yığıncağı giriş sözü ilə açaraq kənd sakinlərini salamlayıb, yeni ilin qədəm qoyması ilə əlaqədar səmimi arzularını çatdırıb, ən xoş ürək sözlərini bildirib. Qeyd edib ki, hər il olduğu kimi yola saldığımız 2019-cu il ölkəmiz və xalqımız üçün uğurlu bir il olmuşdur. Rayon rəhbəri qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin olduğu Azərbaycanın ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında həyatın bütün sahələrində yeni nailiyyətlərə imza ataraq qarşıya qoyulan hədəflərə doğru inamla irəlilədiyini bildirib. İcra başçısı qeyd edib ki, yanvarın 13-də cənab Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı ölkə başçısının söylədiyi fikirlər bir daha sübut etdi ki, Azərbaycan gündən-günə inkişaf edir. Müşavirədə ölkə başçısı 2019-cu il ərzində Azərbaycanda həyata keçirilmiş genişmiqyaslı işlərə, qazanılan uğur və nailiyyətlərə öz münasibətini bildirmiş, qarşıda duran vəzifələrdən danışmışdır. Ölkə başçısı öz çıxışında ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin olunduğunu bildirmişdir. İcra başçısı bildirib ki, cari ilin əvvəlindən sosial istiqamətdə böyük addımlar atılmağa başladı. Fevralda ilk böyük sosial paket qəbul edildi və martın 1-dən minimum əməkhaqqı, minimum pensiyalarda ciddi artımlar oldu, bütün müavinətlər artırıldı, yeni müavinət növlərinin tətbiqinə başlanıldı, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin maaşları artırıldı. İlin ortasında ikinci sosial paketin qəbulu haqqında da sərəncam verildi ki, sentyabrdan qüvvəyə minən dəyişikliyə əsasən, pensiya, maaşlar yenidən artdı. Nəticədə minimum əməkhaqqı il ərzində artırılaraq 250 manata, minimum pensiya isə 200 manata çatdı. Bundan başqa, ayrı-ayrı sahələrdə əməkhaqqlarında növbəti addımlar həyata keçirildi. Hələ indiyə qədər Azərbaycanda bir ilin ərzində əməkhaqqı və pensiyaların bu qədər artırılması, iki sosial paketin həyata keçirilməsi faktına rast gəlinməmişdi. Bu onu göstərir ki, dövlət başçısı cənab İlham Əliyev hər zaman Azərbaycan vətəndaşının qayğısı ilə yaşayır və çalışır ki, onların sosial rifah halı durmadan yaxşılaşsın.
Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən gənclər siyasətinin uğurla davam etdirildiyini qeyd edən icra başçısı ölkəmizdə gənclərin inkişaf etməsi üçün hər cür imkan və şərait yaradıldığını bildirib. Respublika Prezidentinin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci ilin "Könüllülər ili” elan edilməsini həmin uğurlu siyasətin və gənclərə olan qayğının bariz nümunəsi kimi göstərib. Qeyd edib ki, bu Sərəncam ölkə başçısının gənclərə yüksək qayğı və diqqətinin təzahürü kimi son bir neçə ildə ölkəmizdə geniş vüsət almış könüllülük hərəkatının sosial-ictimai həyatın bütün sahələrində aktiv və səmərəli fəaliyyətinin təşkilində mühüm rol oynayacaq və gənclərə geniş imkanlar yaradacaq. 
İcra başçısı respublikamızda olan inkişafın bölgələrimizdə də davam etdiyini, o cümlədən Qazaxda bütün sahələrdə uğurlu nəticələrin əldə olunduğunu qeyd edib. Bildirib ki, bu gün rayonda elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın. Bunu istər sosial obyektlərin inşasında, istər kənd təsərrüfatının inkişafında, istərsə də təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə əldə etdiyimiz nailiyyətlər söyləməyə əsas verir.
2016-2019-cu illərdə rayonda aparılan abadlıq və quruculuqdan söz açan icra başçısı bu sahədə görülən işlərin ildən-ilə daha geniş miqyas aldığını vurğulayıb. 2019-cu il üçün yaddaqalan hadisələri çatdıran icra başçısı rayonda ən böyük layihələrdən biri olan 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksinin tikintisinin yüksək səviyyədə başa çatmasını, yenə də böyük layihələr hesab edilən su və kanalizasiya xəttinin, eləcə də Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilişlərini rayonumuz üçün əlamətdar hadisə kimi qeyd edib.
Rayon rəhbəri Qazaxda istər şəhər mərkəzində, istərsə də kəndlərdə yerləşən və açılışları nəzərdə tutulan ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən "Qazax Aqropark”ın, "Gedik-Carçı Qaynaq” MMC tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun istifadəyə verilməsini,  "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikilən fabrikin inşasını rayonda işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlər kimi qiymətləndirib.
Qazaxda "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra edildiyini bildirən icra başçısı bunun bariz nümunəsi olaraq ilin əvvəlində 964 şagird yerlik S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsini, daha sonra "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salınmasını, Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı tikintisini, 220 şagird yerlik Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün yeni binanın inşa olunmasını, Təhsil Nazirliyi tərəfindən 180 şagird yerlik Qaymaqlı kənd tam orta məktəbi üçün yeni binanın tikilməsini göstərib. Rayon rəhbəri V.Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin də əsaslı şəkildə təmiri nəzərdə tutulan məktəblər sırasında olduğunu bildirib.
Bağçalarda aparılan əsaslı yenidənqurma işlərindən söz açan icra başçısı yola saldığımız 2019-cu ilin bu sahədə əlamətdar olduğunu qeyd edib. 2019-cu ilin əvvəlində 90 yerlik şəhər 6 saylı körpələr evi-uşaq bağçasının və may ayında Qazaxbəyli kənd uşaq bağçasının istifadəyə verilməsini bu sahədə görülən işlərin davamı kimi göstərib. Vurğulayıb ki, beləliklə, son 3 ildə rayon üzrə olan 25 bağçadan 21-i müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını bildirib. İcra başçısı qeyd edib ki, bu gün bir neçə kənd var ki, bağçanın açılmasına böyük ehtiyac var. Çaylı və Bala Çaylı kəndləri də həmin kəndlər sırasındadır və bu sahədə məqsədyönlü işlərin görülməsi nəzərdə tutulub.
Əvvəlki illərdə rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdirildiyini bildirib. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Respublika Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. İcra başçısı həmin Sərəncama əsasən rayonun Cəfərli, Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin hər birində 1 ədəd subartezian quyularının qazıldığını qeyd edib. Son 3 ildə rayonda 60-dan artıq subartezian quyusunun qazıldığını, bu işlərin 2020-ci ildə də davam etdiriləcəyini və Çaylı kəndində də nəzərdə tutulacağını vurğulayıb.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və qazla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli  kəndlərində SİP kabelləşmənin 100 faiz başa çatdığını qeyd edib. Rayon rəhbəri Dövlət Proqramında əksini tapan məsələlərdən birinin də məhz SİP kabelləşmə olduğunu vurğulayıb. Digər kəndlərdə olduğu kimi, Çaylı və Bala Çaylı kəndində də SİP kabelləşmənin tam başa çatdırılacağını bildirib.
İcra başçısı bu gün rayonda olan yüksək keyfiyyətli yollara misal olaraq Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərində çəkilən yeni asfalt yolları göstərib. Qeyd edib ki, bir neçə kənd yolunun təmir olunmasına ehtiyac var ki, həmin kəndlərdən birində - Xanlıqlar kəndində 2 km-ə yaxın kənddaxili yola asfalt döşənir. Həmçinin bu il sərhəd kəndi Fərəhlidə də yeni asfal yolun çəkilməsi nəzərdə tutulub.
Çaylı kənd İƏD-si üzrə nümayəndə əvəzi Ceyhun Binnətov hesabat məruzəsi ilə çıxış edərək yola saldığımız 2019-cu ilin respublikamız, eləcə də Qazax rayonu üçün yaddaqalan tarixi hadisələrlə zəngin olduğunu bildirib. Bu nailiyyətlərin ölkə başçısının uzaqgörən, məqsədyönlü daxili və xarici siyasətindən irəli gəldiyini, ölkəmizin 2019-cu ildə həm daxili, həm də xarici siyasətində bir çox uğurlara imza atdığını qeyd edib. Müstəqil Azərbaycan dövlətinin gündən-günə inkişaf etməsini, dünya dövlətləri sırasında qabaqcıl yer tutmasını və suveren bir dövlət kimi dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsini bütün bunların bariz nümunəsi kimi göstərib.
C.Binnətov qeyd edib ki, tarixi qədim olan Qazax mahalının köklü kəndlərindən biri də Çaylı və Bala Çaylı kəndləridir. Çaylı kənd icra nümayəndəliyinin ərazisində iki kənd - Çaylı və Bala Çaylı kəndləri yerləşir. İki kəndin birlikdə inzibati ərazisi 2411 hektarlıq sahəni əhatə edir. Nümayəndəliyin ərazisində 9160 nəfər əhali yaşayır, əhalinin 4488 nəfəri kişilər, 4672 nəfərini isə qadınlar təşkil edir. Ərazidə 2577 təsərrüfat, 1 bələdiyyə, 3 tam orta məktəb, 1 folklor evi, 1 folklor klubu, 2 kitabxana, 1 həkim məntəqəsi, 2 poçt və 2 rabitə şöbəsi fəaliyyət göstərir.
2019-cu ildə görüləcək işlər haqqında iş planı tərtib edilmişdir. Hesabat ilində həmin iş planı əsasında iclaslar keçirilmiş və görüləcək işlər haqqında məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir. İcra nümayəndəliyi üzrə 2019-cu ildə 2651 arayış verilmiş, 33 məktub daxil olmuşdur və aidiyyatı üzrə cavablandırılmışdır. Vətəndaşlardan 28 yazılı, 32 şifahi müraciət daxil olmuşdur. Hesabat dövründə 137 doğum, 73 ölüm qeydə alınmışdır. Nümayəndəlikdə təsərrüfatbaşına kitablarda hesabat dövründə lazımi qeydlər aparılmış, imzalar edilmiş, pasport qeydiyyatına daxil olan və qeydiyyatdan çıxanlar haqqında qeydlər aparılmışdır. Əhalidə olan mal–qara və quşlar uçota alınaraq təsərrüfatbaşına kitablarda qeydiyyatı aparılmış və rayon Statistika İdarəsinə məlumat verilmişdir.
Nümayəndəlikdə 3 tam orta məktəb fəaliyyət göstərir. V.Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbdə 273 şagird təhsil alır. 64 nəfər müəllim təlim–tərbiyə işləri ilə məşğuldur. Keçən il məktəbi bitirən 24 nəfər məzundan 8 nəfəri ali məktəblərə daxil olmuşdur. Onlardan 1 nəfər - Carçıyev Babaxan Fuad oğlu 645 bal toplayaraq Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 2 nəfəri isə 500 baldan yuxarı nəticə göstərmişdir.
E.Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbdə 588 şagird təhsil alır. 101 nəfər müəllim təlim–tərbiyə işləri ilə məşğul olur. Keçən il məktəbi bitirən 32 nəfər  məzundan 12 nəfəri ali məktəblərə daxil olmuşdur. Onlardan 1 nəfər - Babayeva Günel Yasin qızı 634 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olmuşdur. 2 nəfəri isə 500-dən yuxarı bal toplamışdır.
S.Həsənov adına Bala Çaylı kənd tam orta məktəbdə 142 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 47 nəfər müəllim məşğul olur. Keçən il məktəbi bitirən 12 nəfər məzundan 9 nəfəri ali məktəblərə daxil olmuşdur.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhərində və rayonun kəndlərində işçi qruplarının yaradılması ilə əlaqədar Sərəncam imzalamışdır. Həmin Sərəncama uyğun olaraq Çaylı və Bala Çaylı kəndlərinin hər birində tərkibi 5 nəfərdən ibarət olmaqla işçi qrupları yaradılmışdır. İşçi qrupunun yaradılmasının əsas məqsədi kənd əhalisinin problemləri ilə maraqlanmaq, həlli istiqamətində işlər görmək, həll edilməyən məsələlərin həlli üçün aidiyyatı üzrə məsələ qaldırmaqdan ibarətdir. Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi, işçi qruplarının təşəbbüsü və kənd fəallarının iştirakı ilə kəndarası yolların, kəndi rayon mərkəzinə birləşdirən yolun ətrafında və kənd qəbiristanlığında təmizlik işləri aparılaraq yol kənarlarına ağac əkilmişdir. Kənd ərazisində yol kənarlarına, su arxlarına zibil tullantıları atan vətəndaşlara qarşı mübarizə tədbirləri aparılmışdır. Bu məqsədlə Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən nümayəndələr dəvət olunmuş, əhaliyə xəbərdarlıq edilmişdir.
2019-cu ildə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Çaylı və Bala Çaylı  kənd sakinləri ilə səyyar görüşlər keçirmiş, kənd sakinlərini narahat edən problemlərlə yerində tanış olaraq aidiyyatı üzrə tapşırıqlar vermişdir.
Qazax Suvarma Sistemləri İdarəsi və Çaylı SİB tərəfindən ümumi uzunluğu 26,5 km olan arxların təmizlənməsi yüksək səviyyədə təşkil edilmişdir. Bunun da 15,35 km-i əl əməyi, 4,65 km isə texnika vasitəsilə təmizlənmişdir. İşlər davam etdirilir. 2019-cu ildə götürülən suyun həcmi 11 milyon 442 min kubmetr təşkil etmişdir ki, bundan da 980 min kubmetr su payız suvarmasında istifadə edilmişdir. Qazax Suvarma Sistemləri İdarəsinə 5721 manat pul ödənilmişdir. Əhalinin həyətyanı və pay torpaqlarının suvarılması işi yaxşı təşkil edilmişdir. Həyətyanı və pay torpaqlarının suvarılmasında heç bir problem olmamışdır. Lakin son dövrlər havaların quraq keçməsindən taxıl sahələrinin suvarılması tam şəkildə həyata keçirilə bilməmişdir. Çaylı kəndində 32 artezian quyusu, Bala Çaylı kəndində isə 3 artezian quyusu olmaqla nümayəndəlik ərazisində 35 artezian quyusu fəaliyyət göstərir. Kənd əhalisinin suvarma suyuna olan tələbatının yaxşılaşdırılması məqsədilə 2019-cu ildə 1 ədəd Çaylı kəndində, 1 ədəd isə Bala Çaylı kəndində subartezian quyusu qazılmışdır. 2020-ci ilin hesabına 1 ədəd Çaylı kəndində yeni subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur.
Nümayəndəlik ərazisində yaşayan şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə Qazax Rayon İcra Hakimiyyəti tərəfindən Yeni il, Novruz və Qurban bayramları münasibətilə bayram sovqatları verilmişdir.                                                                                                                       Nümayəndəliyin ərazisindən keçən Qazax-Əskipara və Qazax-Sınıq Körpü magistral yollarının kənarında təmizlik işləri görülmüşdür. 
Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubleyi çərçivəsində 650 min ağac əkilməsi barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə əlaqədar Bakı-Tbilisi magistral yolunun Çaylı kəndi ərazisindən keçən hissəsində əvvəlcədən ağac əkiləcək sahələr müəyyənləşdirilərək lazımi hazırlıq işləri görülmüş, çalalar qazılmış, əkin materalı, ağac şitil və tingləri tədarük olunaraq 700 ədəd şam ağacı əkilmişdir.
Əhalinin sağlamlığına, onların səhiyyə xidmətinə məsuliyyəti Çaylı kənd həkim məntəqəsinin kollektivi daşıyır. Kollektivdə xəstələrin qeydiyyatı, uşaqlarda peyvəndlərin aparılması, ilkin tibbi yardım günün tələblərinə cavab verir.                                                                              Nümayəndəlik ərazisində 2019-cu ildə elektrik enerjisi və təbii qaz yanacağının verilməsi fasiləsiz olmuşdur. Çaylı kənd poçt şöbəsi əhalidən enerji, qaz, telefon pullarını qəbul edir, müxtəlif pul baratları, məktubları qəbul edib yola salır. Şöbədə nizam-intizam, xidmət səviyyəsi qənaətbəxşdir. Çaylı ATS-in kollektivi əhalinin rabitə xidmətini təmin edir. Çaylı kəndində 2048 nömrəli elektron ATS, Bala Çaylı kəndində 512 nömrəlik yeni elektron ATS və mobil telefon stansiyaları “Azercell” və “Bakcell”  fəaliyyət göstərir. Çaylı kəndində 628 abonent, Bala Çaylı kəndində 153 abonent internet xidmətindən istifadə edir. Dünyanın istənilən ölkəsi ilə rabitə xidməti və internet xidməti təmin olunmuşdur. 2019-cu ildə Qazax Telekommunikasiya Qovşağı tərəfindən  Çaylı kəndinin yuxarı hissəsinə 50 nömrəlik telefon xətti, mərkəzi hissədə isə 30 nömrəlik telefon xətləri çəkilmiş, abonentlərə məxsus zədəli xətlər dəyişdirilmiş, 190 metr 100-lük kabel, 90 metr 200-lük kabel xətləri dəyişdirilmiş, 12 karopka, 9 mufta qoyulub, 15 dirək yenisi ilə əvəz edilmişdir.
Qazax Elektrik Şəbəkəsi tərəfindən Çaylı və Bala Çaylı kəndlərini qidalandıran 10 kvt-lıq Bala Çaylı-Çaylı və Çaylı hündürlük xətlərində 24 ədəd çürük ağac dayaqlar beton və metal dayaqlarla əvəz edilmişdir. Çaylı kəndində 2 ədəd transformatorun 0,4 kv tərəfində 9000 metr uzunluğunda SİP kabel çəkilmişdir. Kənd ərazisində təmir işləri aparılmış, xətlərə yaxınlaşan ağacların budaqları kəsilmiş və tarımlama işləri aparılmış, vətəndaşların şikayətləri Qazax Elektrik Şəbəkəsi tərəfindən yerində həll edilmişdir. Həmçinin 2020-ci ildə aprel ayında kəndin təzə məhəllə adlanan hissəsində 3 km-lik SİP kabel çəkilməsi nəzərdə tutulmuşdur.
Şəmkir Regional Qaz İstismar İdarəsi Qazax Xidmət Sahəsi tərəfindən kənd ərazisində müxtəlif diametrli korroziyaya uğramış 740 paqonmetr uzunluğunda qaz xətləri yenisi ilə əvəz edilmiş, diametri 50 mm olan bir ədəd sıyırtma quraşdırılmış, 128 ədəd qaz xətləri üzərində əmələ gəlmiş sızmalar aradan qaldırılmış, 3 ədəd yeni müasir tipli qaz tənzimləyici qurğu quraşdırılmışdır.
Nümayəndəliyin Baytarlıq sahəsinə xidmət edən işçilər əhalinin mal-qarası və quşlarına zoobaytar xidmətinin təşkilinə məsuldur. Epizotik tədbirlərin vaxtında, keyfiyyətlə aparılmasını təmin edir. Heyvandarlıq sahəsində məhsuldarlığın artırılmasında süni mayalanmanın əhəmiyyəti böyükdür.
Nümayəndəlikdə əhalinin əsas fəaliyyət sahəsi bitkiçilik və heyvandarlıqdır. 2019-cu ilin məhsulu üçün 533 hektarda payızlıq buğda, 30 hektarda arpa, 30 hektarda kartof, 20 hektarda qarğıdalı, 2 hektarda günəbaxan, 55 hektarda sorgo, 4 hektarda noxud, 5 hektarda bostan, 110,6 hektarda tərəvəz, 610 hektarda yonca, 471,9 hektarda meyvə, 38,4 hektarda üzüm əkilmişdir. 20307 sentner buğda, 1275 sentner arpa, 9070 sentner kartof, 1378 sentner qarğıdalı istehsal olunmuşdur.
2019-cu ildə nümayəndəlik ərazisində tütün və barama da istehsal olunmuşdur. 4 hektar sahədən 6802 kiloqram tütün təhvil verilmiş, 480 kq barama tədarük edilmişdir. Barama istehsalının artırılması məqsədilə əkilmiş tut tinglərinə aqrotexniki qaydada qulluq edilmiş, 1300 ədəd yeni tut tingi əkilmişdir.
Kənd təsərrüfatı məhsulları istehsal edən 749 nəfər istehsalçıya müəyyən olunmuş qaydada yanacaq və sürtkü yağlarına görə 71829,40 manat ödənilmişdir. 2020-ci ilin məhsulu üçün nümayəndəlik ərazisində 610 hektar sahə şumlanmış, 521 hektar sahədə buğda, 65 hektar sahədə arpa əkilmişdir.
01.01.2020-ci il tarixə əhali və fermer təsərrüfatlarında 3623 baş iribuynuzu mal-qara, o cümlədən 1835 baş ana inək, 9626 baş xırdabuynuzlu mal-qara, 20 min baş quş qeydiyyata alınmışdır.
Pay torpaqlarının və bələdiyyənin istifadəsində olan torpaqların təyinatı üzrə istifadə edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, məhsuldarlığın yüksəldilməsi, növbəli əkin sisteminin tətbiqinin əhaliyə çatdırılması, yazlıq bitkilərin və yem bitkilərinin əkini üçün aqrotexniki tədbirlərin aparılması daim diqqət mərkəzindədir. Çaylı kənd icra nümayəndəliyi istər əkinçilik, istərsə də heyvandarlıq sahəsində kənd əhalisinə yaxından köməklik göstərir. Torpağın əkilməsində, səpilməsində, biçilməsində, sahələrin qorunmasında çətinliklər olduqda Çaylı bələdiyyəsi ilə birlikdə həmin çətinliklər aradan qaldırılır.
Respublika Prezidenti İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə haqqı ödənilən ictimai işlər təşkil olunmuşdur. Haqqı ödənilən ictimai işlərin sistemli və şəffaf şəkildə təşkili məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzdində "DOST İş Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Çaylı və Bala Çaylı kəndindən olan 17 nəfər əməkhaqları 250 manat olmaqla "DOST İş Mərkəzi” MMC tərəfindən işlə təmin olunmuşdur. Həmin işçilər mütəmadi olaraq Bakı-Tbilisi magistral yolunun, kəndarası yolların, kəndi rayona birləşdirən mərkəzi yolun kənarlarında, kənd qəbiristanlıqlarında təmizlik işləri aparır. Bundan əlavə, Çaylı  kəndinin ərazisində əkilən 4 hektar tütün sahəsinin becərilməsində, barama saxlanılmasında yaxından iştirak etmişlər.
Məruzə ətrafında çıxış edən Çaylı kənd sakinlərindən Sahilə Orucova, Qəzənfər Qocayev, Camoy Qurbanov, Tofiq Rəhimov, Gülnaz İsmayılova, Qayıb Civişov, Əminə Hüseynova, Məmməd Qocayev, Məzahir Nağıyev, Bala Çaylı kənd sakini Arif Mirzəyev hesabat ilində kənddə görülmüş işləri yüksək qiymətləndiriblər. 2019-cu ildə respublikamızda, eləcə də bölgələrimizdə görülən işlərə, əhalinin maddi-rifah halının yaxşılaşdırılmasına, əhaliyə göstərdiyi diqqət və qayğıya görə Çaylı və Bala Çaylı kənd camaatı adından Prezident İlham Əliyevə və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Sakinlər kənddə 1 ədəd subartezian quyusunun qazılması, kənddəki idman zalının istilik sistemi ilə təmin olunması, Çaylı kənd 2 nömrəli tam orta məktəbdə hava tənzimləyici qurğunun motorunun dəyişdirilməsi və s. bağlı istəklərini də bildiriblər. Sakinlər tərəfindən qaldırılan məsələləri dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını qeyd edib.

Keçidlər