Şriftin ölçüsü :

Saytın rəngi :

“Ömrün payızı” təqaüddə olan Qazax müəllimlərini bir yerə toplayıb

31 yanvar 2020 | 16:00

Həmin gün Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin keçirdiyi tədbir uzun müddət xatirələrdən silinməyəcək. Təqaüdə çıxmış müəllimləri bir araya yığıb, onların hal-əhvalı ilə maraqlanmaq, xoş sözlər söyləmək, “sizi unutmamışıq” demək heç də hər yerdə, hər kəsə müyəssər olmur. Bəli, çox xoşdur ki, Qazaxda bunu etdilər, təqaüddə olan müəllimləri bir yerə toplayıb “Ömrün payızı” adlı tədbir keçirdilər.
Rayon rəhbərinin, digər strukturların nümayəndələrinin də maraqlı tədbirə qatılması müəllimləri əməlli-başlı kövrəltdi və şairin “demək yaşamağa dəyər bir az da” deyimini bir daha yada saldı…
Rayonun Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbinin akt zalında təşkil olunan bu tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış etdi. Dedi ki, müəllim adı bizim hər birimiz üçün doğma və əzizdir. Ulu Öndərimiz görün necə gözəl deyib: “Mən yer üzündə müəllim adından yüksək ad tanımıram”. İcra Hakimiyyətinin başçısı qeyd etdi ki, bu tədbirdə iştirak etməyi özümə bir borc və eyni zamanda, şərəf bildim. “Ömrün payızı” tədbiri onu göstərir ki, Qazaxda heç kəs, heç zaman unudulmur. Müəllimlər isə daim bizim qəlbimizdə, ürəyimizdədirlər. Onları unutmaq nankorluq olardı. Sonra rayon rəhbəri son illər Qazaxda təhsil sahəsində əldə olunan uğurlardan söhbət açdı. Göstərdi ki, bütün sahələrlə yanaşı, təhsil sahəsi də daim diqqət mərkəzindədir. İlin əvvəlində 964 şagird yerlik S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəb əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. Dövlət proqramına uyğun olaraq, 11 məktəbin əsaslı təmiri tədbirlər planına daxil edilib. Heydər Əliyev Fondu tərəfindən 1176 şagird yerlik Kosalar kənd tam orta məktəb, 220 şagird yerlik Sarıvəlli kənd tam orta məktəb, eləcə də Təhsil Nazirliyi tərəfindən 180 şagird yerlik Qaymaqlı kənd tam orta məktəb üçün yeni binanın tikintisi də bu tədbirlərin davamıdır.
Rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi Rasim Carçıyev çıxış edərək belə tədbirlərin keçirilməsini müəllim əməyinə verilən qiymətin daha bir nümunəsi adlandırıb. Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova çıxış edərək rayon rəhbərliyinə və müəllimlərə kollektiv və dərnək üzvləri adından minnətdarlığını bildirib. O, qeyd edib ki, mərkəzin əsas fəaliyyəti tədbirlər, görüşlər təşkil etməkdir. Prezidentimiz 2020-ci ili “Könüllülər ili” elan edib. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Biz də bunları nəzərə alaraq “Ömrün payızı” adlı bu tədbirlə demək istədik ki, müəllimlərə olan hörmət, ehtiram sonsuz və tükənməzdir. Ağsaqqal və ağbirçək tövsiyəsinə isə hər zaman ehtiyac olub və bundan sonra da olacaq.
Təqaüddə olan riyaziyyat müəllimi Rəfiqə Məmmədova çıxış edərək bu görüşə, onlara göstərilən diqqət və qayğıya görə əməyi keçən insanlara müəllim yoldaşları adından minnətdarlığını bildirib. İstər dövlət başçısı, istərsə də rayon rəhbərliyi tərəfindən müəllim əməyinə həmişə yüksək qiymət verildiyini, onların hər zaman qayğı ilə əhatə olunduqlarını qeyd edib. Bugünkü görüşü də həmin qayğının bariz nümunəsi kimi qiymətləndirib.
Sonra mərkəzin dərnək üzvlərinin ifasında müəllimə həsr olunmuş şeirlər, mahnılar, hikmətli sözlər səslənib, səhnəcik nümayiş olunub. Aşıq Saqif Məzəmli veteran müəllimləri saz havası ilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb.


Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
31 yanvar 2020-ci il

Keçidlər