Şriftin ölçüsü :

Saytın rəngi :

Qaymaqlı kənd İƏD-si üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib

31 yanvar 2020 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının Qaymaqlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 2019-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Hesabat ilində bütün sahələr üzrə uğurlu göstəricilərin əldə olunduğu, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirildiyi qeyd olunub.
Hesabat yığıncağında Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, aparatın Hüquq şöbəsinin müdiri Səba Paşayeva və kənd sakinləri iştirak ediblər.
Yığıncağın aparılması üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər səslənib.
Qaymaqlı kənd İƏD-si üzrə nümayəndə Fikrət Əfəndiyev hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, başa vurduğumuz 2019-cu il ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonu, eləcə də kəndimiz üçün də hər bir sahədə uğurlu olub.
Qeyd edib ki, tarixi qədim olan Qazax mahalının köklü kəndlərindən biri də Qaymaqlı kəndidir. Kəndin 557 təsərrüfatı, 2195 nəfər əhalisi vardır. Nümayəndəliyin ərazisində 1 bələdiyyə, 1 tam orta məktəb, 1 folklor evi, 1 kitabxana, 1 həkim məntəqəsi, 1 poçt şöbəsi, 1 EATS, 1 dəyirman, 1 bərbərxana, 3 mağaza fəaliyyət göstərir. İcra nümayəndəliyi üzrə 2019-cu ildə 2 yazılı, 8 şifahi müraciətə baxılıb nəticələri barədə həmin vətəndaşlara məlumat verilmişdir. Hesabat ilində icra nümayəndəliyinə 21 məktub daxil olmuş, kənar təşkilatlara 541 arayış və məktub göndərilmişdir. Hesabat dövründə 18 doğum, 21 ölüm qeydə alınmışdır. Nümayəndəlikdə təsərrüfatbaşına kitablarda hesabat dövründə lazımi qeydlər aparılmış, imzalar edilmiş, pasport qeydiyyatına daxil olan və qeydiyyatdan çıxanlar haqqında qeydlər aparılmışdır. Əhalidə olan mal-qara və quşların uçota alınaraq təsərrüfatbaşı kitablarda qeydiyyatı aparılmış və Statistika İdarəsinə hesabat verilmişdir. 2019-cu ildə görüləcək işlər haqqında iş planı tərtib edilmişdir. Hesabat ilində həmin iş planı əsasında iclaslar keçirilmiş və görüləcək işlər haqqında məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir.
2019-cu ildə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qaymaqlı kənd əhalisi ilə 2 dəfə səyyar görüş keçirmişdir. Keçirilən görüşlərdə kənd əhalisini narahat edən bəzi məsələlərlə tanış olan rayon rəhbəri həmin məsələlərin yerində həll olunması üçün aidiyyatı üzrə tapşırıqlarını vermişdir. Kənd sakinlərinin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədilə Respublika Prezidenti İlham Əliyevin Sərəncamı ilə qazılmış 1 ədəd subartezian quyusu 2019-cu ildə kənd sakinlərinin istifadəsinə verilmişdir. 2020-ci ildə rayon rəhbərliyinin köməyi nəticəsində 1 ədəd subartezian quyusunun qazılması işlərinə başlanılacaqdır.
2019-cu ildə nümayəndəlik ərazisində bir çox işlər görülmüşdür. Belə ki, kənd icra nümayəndəliyinin, işçi qrupunun təşəbbüsü və kənd fəallarının iştirakı ilə kənd qəbiristanlığında, kəndarası yolların kənarlarında təmizlik işləri aparılmış, kollar və qurumuş ağaclar kəsilərək götürülmüşdür. Kəndin ərazisinin təmiz saxlanılması daima nümayəndəliyin diqqət mərkəzində olmuşdur. Bundan sonra da daim nəzarət olunacaqdır. Kəndarası yollara və təzə məhləyə gedən yola xır döşənmişdir. Kənd sakinlərinə xidmət edən sıradan çıxmış 3 ədəd artezianın nasosu təmir olunmuşdur. Qazax Elektrik Şəbəkəsi tərəfindən kənd sakinlərinə xidmət edən 2 ədəd transformator təmir edilmiş, istismar müddətini başa vurmuş 13 ədəd elektrik dayağı yenisi ilə əvəz olunmuşdur. Su itkisinin qarşısını almaq, suvarmanı optimal müddətdə başa çatdırmaq məqsədilə rayon rəhbərliyinin tapşırığı ilə rayonun bütün kəndlərində olduğu kimi, kəndin su arxlarında da təmizlik işləri aparılaraq lildən, kol-kosdan təmizlənmişdir. Belə ki, kənd sakinlərinin köməyi ilə 1200 m suvarma arxları əl əməyi ilə təmizlənmiş, qalan 1000 metr su arxlarının təmizlənməsi isə texnika vasitəsilə təmizlənib başa çatdırılmışdır.
Qaymaqlı kənd icra nümayəndəliyi ərazisində folklor evi, kitabxana fəaliyyət göstərir. Folklor evinin və kitabxanaların işçiləri tədbirlərin keçirilməsində yaxından iştirak edirlər. 2019-cu ildə bir çox tədbirlər keçirilmişdir. Belə ki, 20 Yanvar faciəsi, 26 Fevral - Xocalı soyqırımı, 21 Mart - Novruz bayramı, 9 May - Qələbə Günü, 18 Oktyabr - Müstəqillik Günü, Qurban bayramı tədbirləri keçirilmişdir.
A.Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbində 145 şagird təhsil alır, 27 nəfər müəllim təlim–tərbiyə işləri ilə məşğuldur. 2019-cu ildə məktəbi bitirən 6 şagirddən 5 nəfəri ali məktəbə daxil olmuşdur.
Qaymaqlı kəndində 2019-cu ildə elektrik enerjisi və təbii qaz yanacağının verilıməsi fasiləsiz olmuşdur. Əhali istifadə etdiyi elektrik enerjisinin və təbii qazın dəyərini nəzarətçilər tərəfindən verilən bildirişlər əsasında kənd poçtuna ödəyir. Bütün abonentlər yandırılan enerjinin və təbii qazın dəyərini ödəyir. Qaymaqlı kənd Poçt şöbəsi əhalidən enerji, qaz, telefon pullarını qəbul edir, müxtəlif pul baratları, məktubları qəbul edib yola salır. Şöbədə nizam-intizam, xidmət səviyyəsi qənaətbəxşdir. ATS-nin kollektivi əhalinin rabitə xidmətini təmin edir. Ərazidə 512 nömrəli yeni elektron ATS fəaliyyət göstərir. Dünyanın istənilən ölkəsi ilə rabitə xidməti və kompüter xidməti təmin olunmuşdur.
01.01.2020-ci il tarixə əhali və fermer təsərrüfatlarında 572 baş iribuynuzlu mal-qara, 4647 baş xırdabuynuzlu qoyun-keçi qeydiyyata alınmışdır. 2019-cu ildə iribuynuzlu heyvanlara qarayara, davaq əleyhinə peyvəndlər edilmiş, inək və düyələrdə bürüselyoz əleyhinə qanı alınaraq yoxlanılmış və sağlam çıxmışlar. Xırdabuynuzlu heyvanlarda da həmçinin qarayara və davaq əleyhinə peyvənd işləri aparılmışdır.
Qaymaqlı kənd əhalisinin əsas fəaliyyət sahəsi bitkiçilik və heyvandarlıqdır.  2019-cu ilin məhsulu üçün kənd əhalisi 523 hektarda buğda, 420 hektarda arpa, 130 hektarda kartof, 1 hektarda qarğıdalı, 20 hektar yonca əkib becərmişdir. Tütünçülüyün inkişafı ilə əlaqədar 2019-cu ildə kənddə 3 hektar ərazidə tütün əkilmiş, sahədən 5015 kq məhsul yığılaraq Şəki şəhərində yerləşən tütün kombinatına təhvil verilmişdir. Bundan əlavə, 280 kq barama istehsal olunmuşdur. 2020-ci ilin məhsulu üçün 890 hektar şumlama işləri aparılmış, bundan 328 hektara buğda, 442 hektara isə arpa səpilmişdir. 90 hektarda kartof, qalan 30 hektarda isə kənd sakinləri tərəfindən digər kənd təsərrüfatı məhsullarının əkilməsi nəzərdə tutulmuşdur.
Pay torpaqlarının və bələdiyyənin istifadəsində olan torpaqların təyinatı üzrə istifadə edilməsi, əkinçilik məhsullarının istehsalının artırılması, məhsuldarlığın yüksəldilməsi, növbəti əkin sisteminin tətbiqinin əhaliyə çatdırılması, yazlıq bitkilərin və yem bitkilərinin əkini üçün aqrotexniki tədbirlərin aparılması daim diqqət mərkəzindədir. Qaymaqlı kənd icra nümayəndəliyi istər əkinçilik, istərsə də heyvandarlıq sahələrində kənd əhalisinə yaxından köməklik göstərir. Torpağın əkilməsində, səpilməsində, biçilməsində, sahələrin qorunmasında çətinliklər olduqda Qaymaqlı bələdiyyəsi ilə birlikdə həmin çətinliklər aradan qaldırılır.
Kənd bələdiyyəsi və kənd icra nümayəndəliyi işlərini birgə həyata keçirir. Belə ki, kəndarası yolların təmiri, əhalinin içməli suya olan tələbatının ödənilməsi, elektrik transformatorlarının və subartezian su nasoslarının fasiləsiz işləməsi sahəsində məqsədyönlü fəaliyyət göstərmiş, Qaymaqlı kəndində olan şəhid ailələrinə, Böyük Vətən və Qarabağ müharibəsi əlillərinə, kimsəsizlərə, imkansızlara tarixi və dini bayramlarda yardımlar edilmişdir.
Qaymaqlı kənd tam orta məktəbin direktoru İlham Nəsibov, məktəbin idman müəllimi Nəbi Süleymanov, Qarabağ müharibəsi əlilləri İbrahim İsmayılov, Bəylər Paşayev, kənd folklor evinin müdiri Kazım Kazımov və başqaları çıxış edərək hesabat ilində rayonda, eləcə də Qaymaqlı kəndində görülmüş işlərə, xüsusilə də sərhəddə yaşayan sakinlərə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Rayonda vətəndaş amilinin hər zaman yüksək tutulmasına görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Son 3 ildə Qazaxda olan bu inkişafı, tərəqqini yüksək qiymətləndirdiklərini bildiriblər. Qaymaqlı kənd tam orta məktəb üçün 180 yerlik yeni binanın inşa olunması xəbərini sevinc hissi ilə qarşıladıqlarını vurğulayıblar. Buna görə başda ölkə başçısı olmaqla əməyi keçən insanlara təşəkkürlərini ifadə ediblər. Minnətdarlıq dolu ürək sözlərini çatdıran sakinlər kənddə mədəniyyət evinin təmir olunmasını, yeni tikilən məktəbin həyətində oyun meydançasının yaradılmasını, su təminatının yaxşılaşdırılmasını və s. istəklərini də qeyd ediblər.
Qazax Rayon İcra Hakimyyəti başçısının müavini Gulaya Həsənova hesabat yığıncağında çıxış edərək bildirib ki, Respublika Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu iqtisadi islahatlar Qazax rayonunda da öz bəhrəsini verib. Ölkəmizdə olduğu kimi, rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində, bilavasitə rəhbərliyi altında Qazax rayonunda da sosial obyektlərin inşası, kənd təsərrüfatının inkişafı, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə yüksək nailiyyətlər əldə olunmuşdur. Bu gün Qazaxda elə bir sahə yoxdur ki, orada bir yenilik, bir inkişaf olmasın. Son 3 ildir ki, həyata keçirilən bu genişmiqyaslı quruculuq və abadlıq Qazaxın simasını köklü şəkildə dəyişmiş, respublikamızın ən inkişaf etmiş və abad rayonlarından birinə çevrilmişdir.
Respublikamızda, eləcə də Qazaxda "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra edildiyini bildirən müavin bunun bariz nümunəsi olaraq ilin əvvəlində 964 şagird yerlik S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsini, daha sonra "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salınmasını, Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı tikintisini, 220 şagird yerlik Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün yeni binanın inşa olunmasını, Təhsil Nazirliyi tərəfindən 180 şagird yerlik Qaymaqlı kənd tam orta məktəbi üçün yeni binanın tikilməsini göstərib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova hesabat yığıncağına yekun vuraraq 2020-ci ildə qarşıda daha böyük vəzifələrin olduğunu qeyd edib və gələcək işlərində uğurlar arzulayıb.

 

Keçidlər