Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhər 2 saylı uşaq bağçasında olub

13 fevral 2020 | 16:00

Son illər Respublika Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə uşaq və yeniyetmələrlə, gənclərlə bağlı həyata keçirilən dövlət siyasətinin uğurla icra olunması, dövlət başçısının rəhbərliyi ilə uşaq problemlərinin həllinə yönəlmiş çoxsaylı dövlət proqramlarının qəbul edilməsi bir daha sübut edir ki, bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ölkə rəhbərinin uşaqlara olan yüksək diqqət və qayğısını körpə balalar haqqında söylədiyi fikirlərdən də aydın şəkildə görmək olur. “Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir. Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir”, - deyən ölkə başçısı bu siyasətin uğurla davam etdirilməsi üçün var qüvvəsi ilə çalışır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş uşaq siyasətinin ölkə başçısı və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən layiqincə davam etdirilməsinin bariz nümunəsi isə son illər respublikamızın bütün bölgələrində yeni-yeni məktəblərin, körpələr evi-uşaq bağçalarının inşası ilə bağlı imzalanan çoxsaylı Sərəncamlardır.
Ölkə rəhbərinin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr ölkəmizin hər yerində olduğu kimi, Qazaxda da uğurla icra edilir. Rayonda uşaqlara göstərilən diqqət və qayğının əyani sübutu isə yeni tikilən uşaq bağçalarının sayının ildən-ilə artmasıdır. Rayonda mövcud olan 25 körpələr evi-uşaq bağçasından (6-sı şəhər, 19-u kənd üzrə) 22-nin müasir tələblərə cavab verən səviyyəyə çatdırılması bu sahədə olan inkişafın göstəricisidir. 2019-cu ilin əvvəlində 90 yerlik şəhər 6 saylı körpələr evi-uşaq bağçasının və may ayında Qazaxbəyli kənd uşaq bağçasının istifadəyə verilməsi bir daha onu göstərir ki, bu sahədə görülən işlər bundan sonra da uğurla davam etdiriləcək.
Təqdirəlayiq hal isə odur ki, Qazaxda bağça tikintisi ilə yanaşı, rayon rəhbərliyi tərəfindən uşaqlara göstərilən diqqət və qayğıya, onlara verilən ərzaqların keyfiyyətinə də xüsusi həssaslıqla yanaşılır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhər 2 saylı uşaq bağçasında olub, körpələr üçün yaradılan şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatının mövcud vəziyyəti ilə maraqlanıb. Bəzi tapşırıq və tövsiyələrini verib.
Körpə fidanların bir-birindən maraqlı  şeirlərini, mahnılarını dinləyən rayon rəhbəri bağçanın kollektivinə uğurlar arzulayıb.
2 saylı uşaq bağçasının müdiri Günel İsmayılzadə ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik etdiyi kollektiv və valideynlər adından minnətdarlığını bildirib. Rəhbər təyin olunduğu ilk gündən körpə balalara göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə sonsuz təşəkkürünü çatdırıb. Bağça müdiri hazırda “İlin bağçası” müsabiqəsinə hazırlaşdıqlarını da qeyd edib.

Keçidlər