“ Qadın Zorakılığına Qarşı Mübarizə Günü ” nə həsr olunmuş "Qadın gülərsə cahan gülər ” mövzusunda dəyirmi masa keçirilmişdir
Qazaxda "Qadın Zorakılığına Qarşı Mübarizə Günü" nə həsr olunmuş "Qadın gülərsə cahan gülər" mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə rayonun təhsil, səhiyyə, mədəniyyət işçiləri, fəal qadınlar, QHT və KİV nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Mərkəzi Kitabxana Sisteminin direktoru Solmaz Babanlı açmış, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün ölkəmizdə uğurla həyat keçirilən Gender siyasəti, qadınların hüquq və azadlıqlarının qorunması, məişət zorakılıqlarının qarşısının alınması sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər, görülmüş işlər barədə dəyirmi masa iştirakçılarına məlumat vermişdir.
Mərkəzi Kitabxana Sisteminin direktor müavini Münəvvər Süleymanova "Məişət zorakılığı və qadın hüquqları" mövzusunda məruzə etmişdir. Məruzədə bildirilmişdir ki, məişət zorakılığına hər bir insan məruz qala bilər, amma dünya təcrübəsi göstərir ki, əsasən qadınlar və qız uşaqları məişət zorakılığının qurbanı olur. Onların məişətdə qarşılaşdığı zorakılıq həm ləyaqətin alçaldılmasıdır, həm də gender bərabərsizliyi problemidir. Bütün dünyada məhz qadın olduğuna, kişi ilə bərabər hüquqlu sayılmadığına görə döyülən, psixoloji təzyiqə məruz qalan, sosial-iqtisadi, mülki və siyasi hüquqları pozulan, hətta həyatını itirən qadınların sayı bu problemin olduqca ciddi olduğunu göstərir. Qadınlara qarşı ayrı-seçkilik və zorakılıq bir cox beynəlxalq təşkilatların, o cümlədən Birləşmiş Millətlər Təşkilatının mübarizə apardığı əsas məsələlərdən biridir.
“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən, məişət zorakılığı deyiləndə yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvələr birgə yaşamaqlarından sui-istifadə etməklə, bir şəxsin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması başa düşülür.
Zorakılıq tək fiziki güc tətbiq etməklə (döyməklə) deyil, həmçinin sözlə (söyüş, təhqir, hədə-qorxu, şantaj) və hərəkətsizliklə ( məktəbə və ya işə getməyə icazə verməməklə, xəstə ailə üzvünü həkimə aparmaqdan qəsdən imtina etməklə) edilir. Məişət zorakılığından zərər çəkmiş şəxs bir yerdə yaşadığı ailə üzvünün, yaxın qohumunun, qanuni nikahda olmadığı və ya əvvəllər birgə yaşadığı şəxsin ona qarşı qəsdən törətdiyi hərəkətlərin nəticəsində fiziki və ya mənəvi zərər çəkmiş şəxsdir, zorakılığın “qurbanı”dır.
Məişət zorakılığının qarşısının alınması haqqında Qanun fiziki, psixi, iqtisadi və cinsi zorakılığı məişət zorakılığının formaları kimi sadalayır.
Məişət zorakılığı nəticəsində dəymiş maddi ziyanın ödənilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmək lazımdır. Ərizə zorakılıq nəticəsində maddi zərəri yetirmiş şəxsin yaşayış yeri üzrə məhkəməyə verilməlidir. Eyni qaydada mənəvi ziyanın ödənilməsini də tələb etmək olar. Məişət zorakılığı barədə şikayətlərə baxan yerli icra hakimiyyəti orqanı müəyyən etsə ki, şəxsin əməllərində cinayət tərkibi var, həmin şəxsin qanunvericiliklə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsi barədə qərar qəbul edir. Məişət zorakılığı barədə şikayətdə törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlar olduqda həmin şikayətlərə cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada baxılır, yəni cinayət işi açıla və zorakılığı törətmiş şəxs cinayət məsuliyyətinə cəlb oluna bilər.
Zorakılığa yol vermiş şəxs məsuliyyətə cəlb olunmaqla yanaşı, reabilitasiya tədbirlərindən də keçməlidir ki, gələcəkdə zorakı hərəkətləri təkrarlanmasın və zərər çəkmiş şəxsin təhlükəsizliyi təmin olunsun. Həmçinin zorakılığa yol vermiş şəxsin pis vərdişlərdən (narkomaniya, alkoqolizim) azad olması, psixoloji xəstəlikdən müalicə olunması üçün ona tibbi, psixoloji yardım göstərilməlidir. Məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması, məsuliyyətinin izah edilməsi və təkrar törədilərsə xəbərdarlıq edilməsi vacibdir.
Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlik hüququndan məhrum edilə və ya valideynlik hüquqları məhdudlaşdırıla bilər.
Məruzə ətrafında çıxışlar olmuş və“Hüquqlarınızı bilirsinizmi? ” adlı sərgiyə baxış keçirilmişdir.