İcra başçısı Qazaxda icrasına başlanılan “Abad məhəllə” layihəsi çərçivəsində görülən işlərlə maraqlanıb
Ötən yazılarımızda da xəbər verdiyimiz kimi, artıq bir neçə gündür ki, Qazaxda “Abad məhəllə” layihəsinin icrasına başlanılıb. Bu layihə çərçivəsində qısa bir vaxtda respublikamızın iri şəhər və rayonlarında olduğu kimi, Qazaxın da simasının tamamilə dəyişməsi, daha yeni görkəm alması, abad və müasir rayonlar sırasına yazılması üçün ilk gündən işlərə böyük sürətlə start verilib.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə “Abad məhəllə” layihəsinin icra olunduğu ərazidə görülən işlərlə tanış olublar.
Administrasiya nümayəndəsinə məlumat verilib ki, haqqında söhbət açdığımız layihənin icrasına ilk olaraq su və kanalizasiya sisteminin çəkilişi başa çatan N.Nərimanov qəsəbəsində 6 bloklu, beşmərtəbəli, 60 mənzilli 49 saylı, hər biri 8 mənzildən ibarət 1 bloklu, ikimərtəbəli 1,2,3 saylı binaların yerləşdiyi ərazidən başlanılıb. Hazırda binaların həyətində olan köhnə elektrik və rabitə xətləri səliqəyə salınır. Bundan əlavə, bardürlər düzülərək səkilər yaradılır. Lazım olan hissələrə asfalt döşənəcək. Dekorativ gül kolları əkilərək park salınacaq. Bir sözlə, layihə çərçivəsində qeyd etdiyimiz ərazi yeni görkəm alacaq və bütün gözəllikləri özündə əks etdirən “Abad məhəllə” adı altında rayonumuzun ünvanına daxil olacaq.
İstər “Abad məhəllə” layihəsinin icrasını, istərsə də yaşadıqları ərazidə aparılan abadlıq və quruculuq işlərini yüksək qiymətləndirən bina sakinləri həyata keçirilən genişmiqyaslı işlərə görə ölkə başçısı İlham Əliyev başda olmaqla rayon rəhbərliyinə sonsuz minnətdarlıqlarını bildiriblər. Qazaxın inkişafı istiqamətində atılan uğurlu addımları rayon sakinləri olaraq hər zaman razılıq hissi ilə qarşıladıqlarını söyləyiblər.