Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Kosalar kənd tam orta məktəbində olub

18 fevral 2020 | 16:00

Bu gün sevindirici haldır ki, ölkə Prezidenti İlham Əliyevin təhsil sahəsinə olan diqqət və qayğısı təkcə paytaxt Bakını deyil, respublikamızın bütün bölgələrini əhatə edir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramlarında yeni təhsil ocaqlarının, çoxsaylı məktəblərin inşa olunması və yaxud da əsaslı şəkildə yenidən qurulması kimi bəndlərin öz əksini tapması bu sahəyə olan yüksək dövlət qayğısından xəbər verir. Qeyd etdiyimiz kimi, "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəb salınıb. Bu, dövlət tərəfindən bölgələrimizdə təhsil sahəsinə olan böyük diqqət və qayğının Qazaxın timsalında daha bir bariz nümunəsidir.
Xəbər verdiyimiz kimi, hazırda həmin məktəblərdən biri - Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbi Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulur. Artıq 6 aydan çoxdur ki, böyük bir tikinti meydançasını xatırladan məktəbdə əsas tikinti işləri demək olar ki, arxada qalıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə Kosalar kənd tam orta məktəbində görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıblar.
İş icraçısı İlqar Səfərov yekunlaşan işlər barədə məlumat verərək bildirib ki, hazırda məktəbin daxilində sanitar qovşaqlarda kafel-metlax, ikinci və üçüncü mərtəbələrdə boya işləri tamamlanıb. Elektrik işləri və istilik sistemi tamamilə yekunlaşıb. Bundan əlavə, pilləkan qəfəslərində son boyama işləri aparılır. Məktəbin daxilində akt zalı, yeməkxana, kitabxana və laboratoriyalarda son tamamlanma işləri görülür. İş icraçısı məktəbin həyətində görülən işlər haqda da məlumat verib. Qeyd edib ki, futbol, basketbol və voleybol meydançasının tikintisi davam etdirilir. Yardımçı binalar da inşa olunub. Bundan başqa, məktəb binasının arxa hissəsində tikilən hər birinin həcmi 154 kubmetr olan 2 ədəd yanğından mühafizə, bir ədəd içməli su hovuzu, nasosxana, qazanxanada da son tamamlanma işlərinin aparıldığını vurğulayıb. Kənd sakinlərinin, xüsusilə də idmançıların, güləşçilərin istəyini nəzərə alaraq məktəbin həyətində arxa hissədə əlavə olaraq tikilən güləş zalının inşasının da uğurla başa çatdığını bildirib.
Sonra rayon rəhbəri və Administrasiya nümayəndəsi təmir müddətində şagirdlərin dərsi üçün nəzərdə tutulan, məktəbin yaxınlığında yerləşən və tam hazır olan yardımçı binada olub, sinif otaqlarında dərs alan şagirdlərlə görüşüblər.
Administrasiya nümayəndəsinə məlumat verilib ki, birinci mərtəbəsində 8, ikinci mərtəbəsində isə 9 sinif otağı yerləşən ikimərtəbəli yardımçı binada müəllim və şagirdlər üçün hər cür şərait yaradılıb. Hazırda səhər növbəsində 12, günorta növbəsində 11 sinif olmaqla şagirdlər yeni binada təhsil alır. Səhər növbəsində I, IV, VII, VIII, IX, X, XI siniflər, günorta növbəsində isə II, III, V, VI siniflər tədrislə məşğul olur.
Məlumat üçün o da qeyd olunub ki, hazırda Qazaxda daha iki məktəb üçün yeni inzibati binalar inşa olunur. Belə ki, Heydər Əliyev Fondu tərəfindən Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik, Təhsil Nazirliyi tərəfindən isə A.Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binaların inşasına başlanılıb.

 

Keçidlər