Şriftin ölçüsü :

Saytın rəngi :

Aşağı Salahlı kəndində səyyar görüş keçirilib

20 fevral 2020 | 16:00

Bu gün 2020-ci ilin proqramına uyğun olaraq Aşağı Salahlı kəndində ilk səyyar görüş keçirilib. Aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə Respublika Prezidenti İlham Əliyev tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğı, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələr bir daha diqqətə çatdırılıb. 2019-cu ilin respublikamızda, eləcə də Qazaxda aparılan genişmiqyaslı quruculuq işləri ilə yadda qaldığı vurğulanıb.
Kənd sakinlərini salamlayan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bildirib ki, həmişə olduğu kimi, bugünkü səyyar görüşün də əsas məqsədi vətəndaşları narahat edən qayğıları dinləməyə, onlar tərəfindən qaldırılan məsələləri, səslənən fikirləri öyrənərək operativ şəkildə yerindəcə həlli istiqamətində əməli işlər görməyə yönəlib. Həmçinin ehtiyac olduğu halda aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu vurğulayıb.
Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə yürüdülən məqsədyönlü dövlət siyasətindən, ölkə başçısının son vaxtlar dövlət məmurları, vətəndaş-məmur münasibətləri haqqında söylədiyi fikirlərdən, apardığı iqtisadi və kadr islahatlarından da söz açıb. Atılan addımların birbaşa xalqa xidmət edən əsas amillər olduğunu qeyd edib. İcra başçısı fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda ölkə başçısının çıxışında ölkəmizin qazandığı nailiyyətlərin geniş şəkildə öz əksini tapdığını bildirib. Rayon rəhbəri buna misal olaraq əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində imzaladığı çoxsaylı Fərman və Sərəncamları, istər ölkə başçısının, istərsə də Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara olan diqqət və qayğısını göstərib. Qeyd edib ki, Respublika Prezidenti tərəfindən istər ötən ilin sonları, istərsə də 2019-cu ildə həyata keçirilən iqtisadi islahatlar bir daha sübut etdi ki, Azərbaycanda yürüdülən məqsədyönlü dövlət siyasətinin mərkəzində hər zaman ölkə vətəndaşı dayanır və bundan sonra da dayanacaq. Ölkə rəhbərinin iqtisadi islahat paketinin icrası ilə bağlı imzaladığı mühüm Fərman və Sərəncamlardan danışan icra başçısı həmin Sərəncamlardan irəli gələn vəzifələrin bu gün də layiqincə yerinə yetirildiyini bildirib. 2019-cu ilin 18 iyununda imzalanan çoxsaylı Sərəncamların əhəmiyyətindən danışan rayon rəhbəri istər minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata çatdırılmasını, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılmasını ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər kimi dəyərləndirib. Xüsusilə də problemli kreditərin həlli ilə bağlı imzalanan Fərmanı, ödənişli əsaslarla təhsil alan tələbələrə təqaüdlərin verilməsini atılan ən humanist addım kimi qeyd edib. Ünvanlı sosial yardımın təyin edilməsi sahəsindəki yeniliklərdən danışan icra başçısı bütün hallarda vətəndaş məmnunluğuna xidmət edən addımların atılacağını bildirib.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda icrası nəzərdə tutulan işlərin 2019-cu ildə respublikamızda olduğu kimi, Qazaxda da uğurla həyata keçirildiyini qeyd edən icra başçısı buna rayonda il ərzində görülən işləri nümunə göstərib. Rayon rəhbəri Qazaxda rayon üçün böyük əhəmiyyət daşıyan layihələrdən birinin - 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksinin tikintisinin başa çatdırılmasını ötən ilin uğuru kimi qeyd edib. Eyni zamanda böyük layihələr hesab edilən su və kanalizasiya xəttinin, eləcə də Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilişlərinin uğurla davam etdirildiyini bildirib.
Rayon rəhbəri hazırda Qazaxda icrasına başlanılan “Abad məhəllə” layihəsindən də danışıb. Qeyd edib ki, bu layihə çərçivəsində qısa bir vaxtda respublikamızın iri şəhər və rayonlarında olduğu kimi, Qazaxın da siması tamamilə dəyişəcək, daha yeni görkəm alacaq, abad və müasir rayonlar sırasına yazılacaq. Bildirib ki, ilk olaraq su və kanalizasiya sisteminin çəkilişi başa çatan N.Nərimanov qəsəbəsində 6 bloklu, beşmərtəbəli, 60 mənzilli 49 saylı, hər biri 8 mənzildən ibarət 1 bloklu, ikimərtəbəli 1,2,3 saylı binaların yerləşdiyi ərazidən başlanılıb. Hazırda binaların həyətində olan köhnə elektrik və rabitə xətləri səliqəyə salınır. Bundan əlavə, bardürlər düzülərək səkilər yaradılır. Lazım olan hissələrə asfalt döşənəcək. Dekorativ gül kolları əkilərək park salınacaq. Bir sözlə, layihə çərçivəsində qeyd etdiyimiz ərazi yeni görkəm alacaq və bütün gözəllikləri özündə əks etdirən “Abad məhəllə” adı altında rayonumuzun ən gözəl ünvanına çevriləcək.
Rayon rəhbəri 2019-cu ilin məktəb tikintisi baxımından da yaddaqalan olduğunu, "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salınmasını rayonda təhsilin inkişafına olan dövlət qayğısı kimi qeyd edib. Hazırda Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulmasını, yenə də Fond tərəfindən Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın tikilməsini, Təhsil Nazirliyi tərəfindən 180 şagird yerlik Qaymaqlı kənd tam orta məktəbin tikintisini gələcəyimiz olan uşaqlara göstərilən qayğının bariz nümunəsi kimi göstərib.
İcra başçısı rayonda azyaşlı körpələrə göstərilən qayğının, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitin 2019-cu ildə də daim diqqət mərkəzində saxlanıldığını söyləyib. 2019-cu ilin əvvəlində 90 yerlik şəhər 6 saylı körpələr evi-uşaq bağçasının və may ayında Qazaxbəyli kənd uşaq bağçasının istifadəyə verilməsini bu sahədə görülən işlərin davamı kimi qeyd edib. Ümumiyyətlə, bu gün rayon üzrə mövcud olan 25 bağçadan 21-nin müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını vurğulayıb. İcra başçısı Aşağı Salahlı kənd körpələr evi-uşaq bağçasında da təmir işlərinin aparılmasının nəzərdə tutulduğunu bildirib.
Rayon rəhbəri  uzun illərdən bəri mövcud olan su probleminin də zaman-zaman aradan qaldırıldığını bildirib. Ölkə başçısının bu sahəyə olan qayğısı sayəsində son illər rayonun Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli su çəkildiyini qeyd edib. Əvvəlki illərdə rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdirildiyini bildirib. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında ölkə Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. İcra başçısı həmin Sərəncama əsasən rayonun Cəfərli, Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin hər birində 1 ədəd subartezian quyularının qazıldığını qeyd edib. İcra başçısı qeyd edib ki, bu gün rayonda 190-dan artıq subartezian quyusu fəaliyyət göstərir ki, bunun da 60-dan çoxu son 3 ildə istifadəyə verilib. Dövlət Proqramında suabartezian quyuları ilə bağlı bəndin salındığını qeyd edən rayon rəhbəri bu işlərin 2020-ci ildə də davam etdiriləcəyini vurğulayıb. İcra başçısı qeyd edib ki, Qazax rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında Respublika Prezidentinin 4 fevral 2020-ci il tarixli Sərəncamı bu sahədə görülən işlərin uğurla davam etdirilməsi deməkdir. İcra başçısı həmin Sərəncama əsasən Ağköynək, Aslanbəyli, Aşağı Salahlı, Cəfərli, Çaylı, Daş Salahlı, Dəmirçilər, Xanlıqlar, Kəmərli, Kosalar, Qarapapaq, Qaymaqlı, Orta Salahlı və Ürkməzli kəndləri üzrə 14 yaşayış məntəqəsinin hər birində 1 ədəd subartezian quyusunun qazılmasını kənd sakinlərinin içməli və suvarma suyuna olan tələbatının yaxşılaşdırılması kimi qiymətləndirib. İcra başçısı həmin kəndlərdən birinin məhz Aşağı Salahlı kəndi olduğunu qeyd edib.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və qazla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli  kəndlərində SİP kabelləşmənin 100 faiz başa çatdığını qeyd edib. Rayon rəhbəri Dövlət Proqramında əksini tapan məsələlərdən birinin də məhz SİP kabelləşmə olduğunu vurğulayıb. Bu gün rayonda SİP kabelləşmə işinin 28 faiz icra edildiyini, lakin bu il 45 faizə çatdırılacağını bildirib. Digər kəndlərdə olduğu kimi, Aşağı Salahlı kəndində də SİP kabelləşmənin tam başa çatdırılacağını söyləyib. Rayon rəhbəri SİP kabelləşmə ilə bərabər arxların beton üzlüyə alınması, Kür çayının ətrafında sahilbərkitmə işlərinin aparılması və s. kimi məsələlərin həlli üçün Dövlət Proqramını əhatə edən illər ərzində müvafiq tədbirlərin həyata keçiriləcəyini bir daha bildirib.
"Bugünkü görüşümüzün də əsas məqsədi sizləri dinləməkdir”, - deyə müraciət edən icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb.
Aşağı Salahlı kənd tam orta məktəbin direktoru Cahangir Alnaqov, Aşağı Salahlı kənd körpələr evi-uşaq bağçasının müdiri Afət Küləşova, ağsaqqal Ayvaz Osmanov, Ziyaddın İsmayılov çıxış edərək respublikamızda, Qazax rayonunda, eləcə də kəndlərdə görülən genişmiqyaslı görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Rayonda, o cümlədən Aşağı Salahlı kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğu yüksək qiymətləndiriblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər.
Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşların Aşağı Salahlı kənd Diyarşünaslıq evinin dam örtüyünün dəyişdirilməsi, kənddə olan transformatorun ətrafına metal torun çəkilməsi ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib. Qeyd olunan məsələlərlə əlaqədar aidiyyəti üzrə tapşırıq verib.
Sonra icra başçısı Aşağı Salahlı kənd körpələr evi-uşaq bağçasında olub, körpə balalara göstərilən diqqət və qayğı, onlara verilən ərzaqların keyfiyyəti, tibbi müayinə olmaları ilə maraqlanıb.

 

Keçidlər