Qazaxda Rayon Təhsil şöbəsinin nəzdində yaradılmış işçi qrupu tərəfindən 2019-2020-ci tədris ilinin birinci yarımilində ümumtəhsil məktəblərində aparılan monitorinqin nəticəsi müzakirə olunub
Bu gün tam əminliklə deyə bilərik ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsi hesab edilir. Azərbaycan da bu ölkələr sırasındadır. Bunu son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən də aydın şəkildə görmək olar. Məhz son 15 ildə ölkəmizdə təhsilin normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində imzalanan çoxsaylı sərəncamlar söyləməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərilir. Ölkə başçısının qayğısı sayəsində rayonda təhsilin keyfiyyətinin artırılması, müəllim və şagirdlərin yüksək şəraiti olan məktəblərdə elmlə məşğul olmaları üçün hər cür şərait yaradılır. 2019-cu ilin 4 fevralında əsaslı yenidənqurmadan sonra istifadəyə verilən S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəb, hazırda Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulan Kosalar kənd tam orta məktəb, eləcə də Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün yeni binanın tikilməsi, həmçinin Təhsil Nazirliyi tərəfindən A.Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün yeni binanın inşası bu dediklərimizin əyani sübutudur.
Qazaxda təhsil sahəsində böyük uğurların qazanılmasında 2016-cı ilin oktyabr ayında Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Rayon Təhsil şöbəsi tərəfindən yaradılmş işçi qrupunun da böyük əməyi var. İşçi qrupunun yaradılmasında isə əsas məqsəd təhsil sahəsini inkişaf etdirmək, şagirdlərin dərsə davamiyyətini, müəllimlərin dərsə hazırlıq səviyyəsini müəyyən etmək və seçilən müəllimləri yüksək qiymətləndirməkdir. Həmçinin məktəbdə müəllim-direktor, müəllim-şagird və müəllim-valideyn münasibətlərini formalaşdırmaqdır. İşçi qrupu yaradılan gündən ötən müddət ərzində şagirdlərin dərsə davamiyyət faizi onu göstərir ki, rayonda bu istəyə - təhsilin keyfiyyətinin artırılmasına nail olunub. Bunu işçi qrupunun 2016-2017, 2017-2018 və 2018-2019-cu tədris illərində rayon məktəblərində apardığı monitorinqin nəticələri bir daha sübut etdi. İldən-ilə uğurlu nəticələr əldə edən işçi qrupu 2019-2020-ci tədris ilində də öz fəaliyyətinin öhdəsindən layiqincə gəlməyə çalışır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətində 2019-2020-ci tədris ilinin birinci yarımilində Qazax rayonu üzrə 20 ümumtəhsil məktəbində monitorinq zamanı işçi qrupu tərəfindən dinlənilən 208 saat dərsin rayon rəhbərliyi yanında müzakirəsi olub.
İclasda icra aparatının məsul işçiləri, Təhsil şöbəsinin əməkdaşları, işçi qrupunun üzvləri, 2019-2020-ci tədris ilində mərkəzləşdirilmiş müsabiqə yolu ilə işə qəbul edilmiş, eyni zamanda dərsləri dinlənilmiş gənc müəllimlər iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əvvəlcə dərsləri dinlənilən gənc müəllimlər - M.Dilbazi adına Cəfərli kənd tam orta məktəbin ibtidai sinif müəllimi Günel Osmanova, S.Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin biologiya müəllimi Şövqiyyə Məmmədova, İ.Qayıbov adına şəhər 3 nömrəli tam orta məktəbin kimya müəllimi Vəfa Pirvəliyeva, S.Vurğun adına 2 nömrəli tam orta məktəbin tarix müəllimi Leyla Xudiyeva, N.Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəbin kimya müəllimi Afaq Abbasəliyeva, Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin kimya müəllimi Elmar İbrahimov, İ.Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin ibtidai sinif müəllimi Ləman Süleymanovanın fəaliyyəti ilə ayrı-ayrılıqda maraqlanıb, onların fikirləri, gələcək planları ilə tanış olub.
Sonra icra başçısı qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycan təhsilinə diqqət və qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Ulu Öndər Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamıdır. Ölkə başçısının təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir. İcra başçısı bildirib ki, hər kəsə yaxşı məlumdur ki, Qazax rayonu ölkəmizdə təhsilin beşiyi sayılır. Ona görə də bu sahə ən yüksək səviyyədə olmalı, daha çox inkişaf etməlidir. Rayonumuzda bunun üçün lazım olan bütün şərait vardır. Məktəblərimizdə qabaqcıl müəllimlər, təcrübəli pedaqoqlar çalışır. Şagirdlər də müəllimlərin tədrisindən bəhrələnərək təhsil sahəsində yüksək göstəricilər əldə edir, sevindirici nəticələr qazanırlar. Zaman-zaman təhsil sahəsində möhkəm zəmin yaranmış, sağlam bünövrə daha da möhkəmlənmiş, məktəblərdə qabaqcıl ənənə formalaşmışdır.
Rayon rəhbəri bildirib ki, təhsilin daha da inkişaf etməsi, bu sahənin daha da qabaqcıl olması üçün icra başçısı kimi mən fəaliyyətə başladığım ilk gündən təhsil sahəsinə diqqət və qayğı ilə yanaşmışam. Təhsilin inkişafı üçün əlimdən gələni əsirgəməmişəm. Müəllimlərə, eləcə də şagirdlərə rayon rəhbərliyi tərəfindən həmişə diqqət və qayğı göstərilmişdir. Şagirdlərin müasir standartlara cavab verən məktəblərdə təhsil almaları üçün yeni məktəb binaları tikilmiş, əsaslı təmir olunaraq yenidən qurulmuşdur. Müəllimlərin daha yaxşı şəraitdə dərs keçmələri, tədrisin yüksək səviyyədə aparılması təmin olunmuş, bu sahədə vəziyyət ildən-ilə yaxşılaşmışdır. Görülən genişmiqyaslı işlərin, həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, təhsil sahəsində yüksək nəticələr əldə olunmuş, uğurlu göstəricilər qazanılmışdır.
İcra başçısı qeyd edib ki, təhsil sahəsi ilə bağlı əldə etdiyimiz ən uğurlu göstəricilərdən biri də işçi qrupunun yaradılmasıdır. İşçi qrupunun yaradılmasında əsas məqsəd məktəbləri nəzarətdə saxlamaq deyil, əksinə təhsil sahəsinin inkişaf etdirilməsi idi. İstəyimiz təhsilin keyfiyyətinin artırılması, fənlərin tədrisi vəziyyətinin yüksəldilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və yayılmasını təmin etməkdir. Biz bu illər ərzində əldə etdiyimiz təcrübə ilə bir daha onu göstərdik ki, təhsil sahəsini inkişaf etdirmək üçün Qazaxda bütün imkanlar mövcuddur. Xüsusilə də gənc müəllimlərə hər zaman geniş imkanlar yaradılır. Onların öz üzərilərində daha da artıq işləyərək böyük təcürbə toplamaları üçün işçi qrupunun üzvü olan və rayonda sayılıb-seçilən müəllimlər tərəfindən hər zaman dəstək var.
Sonra 2019-2020-ci tədris ilinin birinci yarımilində Qazax rayonu üzrə işçi qrupu tərəfindən monitorinq keçirilən 20 ümumtəhsil məktəbinin adları qeyd olunaraq dinlənilən dərslərin keyfiyyəti və müəllimlərin hazırlıq səviyyəsi müzakirə olunub. İşçi qrupunun üzvləri - rayon Təhsil şöbəsində metodkabinetin müdiri Məhəmməd Cəfərov, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə metodist Orxan Əliyev, ibtidai siniflər üzrə metodist Şəfa Yadigarova, tarix və coğrafiya fənləri üzrə metodist Süsən Alməmmədova, Ş.Çobanov adına Ağköynək kənd tam orta məktəbin kimya-biologiya müəllimi, Əməkdar müəllim Sədaqət Əmirxanova, N.Vəliyev adına şəhər 5 nömrəli tam orta məktəbin fizika müəllimi, “Tərəqqi” medallı Yasəmən Qayayeva, S.Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Nuriyyə Qasımova, xarici dil müəllimi Kifayət Carçıyeva dinlədikləri dərslər haqqında ətraflı məlumat veriblər. Qeyd ediblər ki, 2019-2020-ci tədris ilinin birinci yarımilində şəhər məktəblərindən - S.Əfəndiyev adına 1, S.Vurğun adına 2, İ.Qayıbov adına 3, F.Şamoyev adına 4 nömrəli tam orta məktəblərdə, Q.Hacımahmudova adına ümumi orta məktəbdə, M.Hüseyn adına məktəb-liseydə, kənd məktəblərindən - Ə.Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbdə, E.Cəfərov adına Çaylı kənd 2 nömrəli, A.Əliyev adına Hüseynbəyli, Ş.Çobanov adına Ağköynək, Canalı, Ş.Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli, A.Məhərrəmov adına Yuxarı Əskipara, N.Hüseynov adına Aşağı Salahlı, M.Dilbazi adına Cəfərli, İ.Nəsibov adına Aşağı Əskipara, S.Hacıyev adına Orta Salahlı, A.Mustafayev adına Qazaxbəyli, S.Həsənov adına Bala Çaylı kənd tam orta məktəblərdə 208 saat dərs dinlənilib. Hər bir müəllimin bilik və bacarığı, dərsə hazırlıq səviyyəsi ilə bağlı fikirlərini bildiriblər. Qeyd ediblər ki, qeyd olunan tələblər üzrə hər bir müəllimin dərsi yüksək, yaxşı və orta olaraq qiymətləndirilib. Monitorinqin həyata keçirilməsində şəffaflığa tam əməl olunduğunu, hər bir müəllimin dərsinə xüsusi həssaslıqla yanaşıldığını bildiriblər.
Çıxış edən gənc müəllimlər respublikamızda, eləcə də Qazax rayonunda təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Rəhbər kimi fəaliyyətə başladığı ilk gündən təhsil sahəsinə olan diqqətinə, ziyalılara verdiyi dəyərə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova rayon ziyalıları adından sonsuz təşəkkürlərini çatdırıblar. İstər məktəblər, istər müəllimlər, istərsə də siniflər arasında sağlam rəqabətin yaranmasında işçi qrupunun fəaliyyətinin mühüm rol oynadığını qeyd ediblər. Bildiriblər ki, bu gün biz bir daha şahidi olduq ki, işçi qrupunun fəaliyyətinin, bütün bu işlərin arxasında gərgin əmək dayanır. Ən əsası da obyektivlik və şəffaflıq tam təmin olunur. Peşəkar müəllimlər tərəfindən biz gənc müəllimlərə verilən qiymət bizim məsuliyyətimizi artırmaqla yanaşı, bizlərə təcürbə qazanmağa, öz üzərimizdə işləməyə böyük stimul verir. Çıxış edənlər işçi qrupunun fəaliyyətinin bundan sonra da yüksək səviyyədə davam edəcəyini vurğulayaraq gələcək işlərində uğurlar arzulayıblar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq qazanılan uğurları əldə saxlamaq və bu göstəriciləri daha da artırmaq üçün böyük səylə çalışmağı tövsiyə edib. Bildirib ki, rayonumuzda bunun üçün hər cür imkan vardır. Bu imkanlardan səmərəli istifadə etməklə daha böyük uğurlar qazanılmalıdır.