Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Səyyar “ASAN qatar”da vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb

26 fevral 2020 | 16:00

Xəbər verdiyimiz kimi, bu il artıq dördüncü dəfədir ki, Səyyar “ASAN qatar” Qazaxda rayon sakinlərinə xidmət göstərir. Fevralın 3-dən etibarən Qazax şəhəri, Ə.Qədirov küçəsi 3 (Qazax Dəmiryol Stansiyası) ünvanında müasir texniki avadanlıqla təchiz olunmuş Səyyar "ASAN qatar”da vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Səyyar “ASAN qatar”ın yerləşdiyi ünvana gələrək əhaliyə göstərilən xidmətlərlə maraqlanıb. “ASAN qatar” nümayəndələrinin rahat şəkildə fəaliyyət göstəmələri üçün yaradılan şəraitlə tanış olub. Sakinlərin fikirlərini öyrənib, necə xidmət göstərilməsi barədə soruşub.
Səyyar “ASAN qatar”ın qrup rəhbəri Elgiz Həsənov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən "ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda Səyyar “ASAN qatar” xidmətinin həyata keçirilməsində əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlar üçün daha rahat, yeni və innovativ üsullarla əlçatanlığını təmin etməkdir.
Qrup rəhbəri qeyd edib ki, 3 vaqondan ibarət qatarda səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Fevralın 29-dək Səyyar “ASAN qatar” vasitəsilə sakinlərə 27 gün müddətində səyyar formada göstərilən xidmətlərə Daxili İşlər Nazirliyi üzrə şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, Ədliyyə Nazirliyi üzrə notariat fəaliyyəti, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi üzrə mənzillərin üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqların təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu üzrə əmək pensiyalarının təyin edilməsi, funksional yardımçı xidmətlər üzrə tərcümə xidməti, tibb xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu) daxildir.
E.Həsənov rayon rəhbərinə bildirib ki, bu günə kimi müraciət etmiş 4279 nəfərdən 4133 nəfərə xidmət göstərilib. Qrup rəhbəri əsasən vətəndaşların ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, notariat fəaliyyəti ilə bağlı müraciət etdiklərini qeyd edib. Müraciət edən vətəndaşlardan şəhərdə yaşayan sakinlərlə yanaşı, rayonun kəndlərində yaşayan sakinlərin də üstünlük təşkil etdiyini diqqətə çatdırıb.
Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların rahatlığını təmin etmək məqədilə təşkil olunmuş bu xidməti bu gün müraciət etmiş rayon sakinləri də yüksək qiymətləndiriblər. Onlar üçün yaradılan şəraitə və yüksək xidmətə görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər. Vətəndaşlara göstərilən gözəl və nümunəvi xidmətlərinə görə bütün dünyada bir brendə çevrilən "ASAN xidmət”i Azərbaycanda həyata keçirilən ən uğurlu layihələrdən biri hesab etdiklərini vurğulayıblar.
Məlumat üçün onu da qeyd edək ki, Səyyar "ASAN qatar"da sənəd qəbulu həftə içi və şənbə günü saat 10:00-dan 17:30-dək, hazır sənədin verilməsi isə həftə içi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.

Keçidlər