Bir qrup mədəniyyət işçisinə döş nişanları təqdim olunmuşdur
Müstəqil Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ümumbəşəri dəyərlərə qiymət verərək ölkəmizin mədəniyyətinin dünyada tanıdılması və təbliği istiqamətində xüsusi xidmətləri sayəsində Azərbaycan mədəniyyəti özünün inkişaf mərhələsindədir və ölkəmiz dünya səviyyəsində daha çox tanınır. Bu gün Azərbaycan mədəniyyətinin çoxşaxəli inkişafında səmərəli fəaliyyət göstərən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev mədəniyyətin və incəsənətin inkişafında xüsusi xidmətləri olan, səmərəli fəaliyyət göstərən şəxslərə dövlət qayğısı göstərir. Bunun parlaq nümunəsi olaraq Qazax rayonunda uzun illər mədəniyyət və kitabxana-informasiya sistemi sahəsində səmərəli fəaliyyət göstərdiklərinə görə Rayon Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi Nailə xanım Əliyevanın, Rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Solmaz xanım Babanlının və rayonun Çaylı kənd Mədəniyyət evinin direktoru Məhəmmədəli Məşədiyevin əməkləri yüksək qiymətləndirilmişdir. Hər üç mədəniyyət işçisi səmərəli fəaliyyətlərinə və anadan olmalarının 60 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin 16 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının “ Fəxri Mədəniyyət İşçisi “ döş nişanı ilə təltif olunmuşdur.
Bir neçə gün bundan əvvəl, Bakı şəhərindəki Muzeylər Mərkəzində bu münasibətlə təntənəli toplantı keçirilmiş və həmin mükafatlar Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev tərəfindən sahiblərinə təqdim olunmuşdur. Təltif olunanlardan 3 nəfərinin Qazax rayonundan olması, əlbəttə, bizi də çox sevindirir. "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunan mədəniyyət işçilərini biz də ürəkdən təbrik edirik, onlara uzun ömür, möhkəm cansağlığı və bundan sonra da fəaliyyətlərində uğurlar arzulayırıq.