Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Şıxlı kəndində səyyar görüş keçirilib

27 fevral 2020 | 16:00

Bu gün Respublika Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən hər həftə sakinlərlə keçirilən növbəti səyyar görüş Birinci Şıxlı kəndində olub. 2020-ci ilin proqramına uyğun olaraq keçirilən ilk səyyar görüşdə aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər. Hər zaman olduğu kimi, bugünkü görüşdə də ölkə başçısı tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğıdan, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlardan danışılıb. 2019-cu ildə respublikamızda qazanılan uğur və nailiyyətlərin Qazaxda öz real əksini tapması qeyd olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayaraq onlarla ötən il 7 dəfə, bu il isə proqrama əsasən birinci səyyar görüşün keçirildiyini qeyd edib. Bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları dinləməyə, onlar tərəfindən qaldırılan məsələləri, səslənən fikirləri öyrənərək operativ şəkildə yerindəcə həlli istiqamətində əməli işlər görməyə yönəldiyini bildirib. Ən əsası da ehtiyac olduğu halda aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu vurğulayıb.
İcra başçısı yola saldığımız 2019-cu ilin uğurlarının fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda ölkə başçısının çıxışında da geniş şəkildə öz əksini tapdığını bildirib. Ötən ilin ən böyükü uğuru olaraq əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində imzalanan çoxsaylı Fərman və Sərəncamları, istər ölkə başçısının, istərsə də Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara olan diqqət və qayğısını göstərib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə yürüdülən məqsədyönlü dövlət siyasətinin təməlində birbaşa xalqa xidmət edən amillər dayandığını qeyd edib. Son zamanlar ölkədə aparılan kadr islahatlarının da vətəndaş amilinə xidmət etdiyini bildirib. Ölkə rəhbərinin iqtisadi islahat paketinin icrası ilə bağlı imzaladığı mühüm Fərman və Sərəncamlardan danışan icra başçısı həmin Sərəncamlardan irəli gələn vəzifələrin bu gün də layiqincə yerinə yetirildiyini bildirib. 2019-cu ilin 18 iyununda imzalanan çoxsaylı Sərəncamların əhəmiyyətindən danışan rayon rəhbəri istər minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata çatdırılmasını, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılmasını ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər kimi dəyərləndirib. Xüsusilə də problemli kreditərin həlli ilə bağlı imzalanan Fərmanı, ödənişli əsaslarla təhsil alan tələbələrə təqaüdlərin verilməsini atılan ən humanist addım kimi qeyd edib.
Rayon rəhbəri dövlət başçısının ölkəmizdə rüşvətxorluğa və korrupsiyaya qarşı barışmaz mövqedə olmasını, bu sahədə məqsədyönlü işlərin görülməsi istiqamətində verdiyi tapşırıq və tövsiyələri bir daha diqqətə çatdıraraq səslənən bu amilin Qazaxda da daim diqqət mərkəzində olduğunu bildirib. Bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərin Qazaxda da birmənalı şəkildə yerinə yetirildiyini qeyd edib. Ölkə başçısının bu sahədə olan barışmaz mövqeyini hər zaman əldə rəhbər tutularaq şəffaflığın təmin olunması sahəsində təqdirəlayiq işlər görüldüyünü, ən əsası da şəffaflığın bütün sahələri əhatə etdiyini vurğulayıb.
Rayon rəhbəri "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salınmasını rayonda təhsilin inkişafına olan dövlət qayğısı kimi qeyd edib. Hazırda Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulmasını, yenə də Fond tərəfindən Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın tikilməsini, Təhsil Nazirliyi tərəfindən 180 şagird yerlik Qaymaqlı kənd tam orta məktəbin tikintisini gələcəyimiz olan uşaqlara göstərilən qayğının bariz nümunəsi kimi göstərib.
Rayon rəhbəri  uzun illərdən bəri mövcud olan su probleminin də zaman-zaman aradan qaldırıldığını bildirib. Ölkə başçısının bu sahəyə olan qayğısı sayəsində son illər rayonun Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli su çəkildiyini qeyd edib. Əvvəlki illərdə rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdirildiyini bildirib. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında ölkə Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. İcra başçısı həmin Sərəncama əsasən rayonun Cəfərli, Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin hər birində 1 ədəd subartezian quyularının qazıldığını qeyd edib. İcra başçısı qeyd edib ki, bu gün rayonda 190-dan artıq subartezian quyusu fəaliyyət göstərir ki, bunun da 60-dan çoxu son 3 ildə istifadəyə verilib. Dövlət Proqramında suabartezian quyuları ilə bağlı bəndin salındığını qeyd edən rayon rəhbəri bu işlərin 2020-ci ildə də davam etdiriləcəyini vurğulayıb. İcra başçısı qeyd edib ki, Qazax rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında Respublika Prezidentinin 4 fevral 2020-ci il tarixli Sərəncamı bu sahədə görülən işlərin uğurla davam etdirilməsi deməkdir. İcra başçısı həmin Sərəncama əsasən Ağköynək, Aslanbəyli, Aşağı Salahlı, Cəfərli, Çaylı, Daş Salahlı, Dəmirçilər, Xanlıqlar, Kəmərli, Kosalar, Qarapapaq, Qaymaqlı, Orta Salahlı və Ürkməzli kəndləri üzrə 14 yaşayış məntəqəsinin hər birində 1 ədəd subartezian quyusunun qazılmasını kənd sakinlərinin içməli və suvarma suyuna olan tələbatının yaxşılaşdırılması kimi qiymətləndirib. İcra başçısı su probleminin köklü şəkildə həll olunması nəzərdə tutulan kəndlərdən birinin məhz Birinci Şıxlı kəndi olduğunu və bu istiqamətdə lazımi işlərin görüləcəyini qeyd edib.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və qaz təchizatı ilə bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli  kəndlərində SİP kabelləşmənin 100 faiz başa çatdığını qeyd edib. Rayon rəhbəri Dövlət Proqramında əksini tapan məsələlərdən birinin də məhz SİP kabelləşmə olduğunu vurğulayıb. Bu gün rayonda SİP kabelləşmə işinin 28 faiz icra edildiyini, lakin bu il 45 faizə çatdırılacağını bildirib. Digər kəndlərdə olduğu kimi, Birinci Şıxlı kəndində də SİP kabelləşmənin tam başa çatdırılacağını söyləyib. Rayon rəhbəri SİP kabelləşmə ilə bərabər arxların beton üzlüyə alınması, Kür çayının ətrafında sahilbərkitmə işlərinin aparılması və s. kimi məsələlərin həlli üçün Dövlət Proqramını əhatə edən illər ərzində müvafiq tədbirlərin həyata keçiriləcəyini bir daha bildirib.
Daha sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Kənd ağsaqqalı Şəmşəd İbrahimov, Məhərrəm Bəşirov, Tahir Musayev, M.Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin direktoru Məzahir Qocayev, məktəbin fransız dili müəllimi Leyla Məmmədova və ibtidai sinif müəllimi Kətanə Alıyeva çıxış edərək respublikamızda, Qazax rayonunda, eləcə də kəndlərdə görülən genişmiqyaslı görə öılə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Rayonda, o cümlədən  Birinci Şıxlı kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğu yüksək qiymətləndiriblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər. Ölkəmizdə şəffaflığın təmin olunması sahəsində rüşvətxorluğa qarşı aparılan mübarizə tədbirlərini razılıq hissi ilə qarşıladıqlarını vurğulayıblar. Ən əsası da bu amilin Qazaxda da olduğu kimi həyata keçirilməsinə görə rayon rəhbərliyinə təşəkkürlərini ifadə ediblər. Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşların Kür çayının üzərində Ağstafa və Qazax rayonunun sərhəd kəndləri arasında körpünün inşa olunması ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri bu məsələyə diqqətlə baxılacağını bildirib.
Görüş başa çatdıqdan sonra icra başçısı Birinci Şıxlı kənd tam orta məktəbdə yaradılan oyun meydançası ilə tanış olub. Məktəbin mini futbol və voleybol komandalarının üzvləri ilə görüşərək qazandıqları nailiyyətlərlə maraqlanıb. Məktəblilərlə səmimi söhbət edən rayon rəhbəri onlarla xatirə şəkli çəkdirib.

Keçidlər