Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Kosalar kənd tam orta məktəbində görülən son tamamlanma işləri ilə tanış olub

28 fevral 2020 | 16:00

Bu gün tam əminliklə söyləyə bilərik ki, ölkə Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsil sahəsinə olan diqqət və qayğısı Qazaxda da daim yüksək səviyyədə hiss olunur. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salınması da məhz dövlət qayğısının əyani təzahürüdür. Bu, dövlət tərəfindən bölgələrimizdə təhsil sahəsinə olan böyük diqqət və qayğının Qazaxın timsalında daha bir bariz nümunəsidir.
Dövlət Proqramında təmiri nəzərdə tutulan məktəblərdən biri də Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbi idi ki, hazırda Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulur. Artıq 7 aydan çoxdur ki, böyük bir tikinti meydançasına bənzəyən məktəbdə demək olar ki, əsas işlər yekunlaşıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Kosalar kənd tam orta məktəbində görülən son tamamlanma işləri ilə tanış olub.
İş icraçısı Əhməd Rəhimov yekunlaşan işlər barədə məlumat verərək bildirib ki, hazırda məktəbdə yaşıllaşdırma və abadlıq üçün hazırlıq işlərinə start verilib. Məktəbin daxilində akt zalı, yeməkxana, kitabxana və laboratoriyalarda son tamamlanma işləri görülür. İş icraçısı məktəbin həyətində görülən işlər haqda da məlumat verib. Qeyd edib ki, futbol, basketbol və voleybol meydançasının tikintisi davam etdirilir. Yardımçı binalar da inşa olunub. Bundan başqa, məktəb binasının arxa hissəsində tikilən hər birinin həcmi 154 kubmetr olan 2 ədəd yanğından mühafizə, bir ədəd içməli su hovuzu, nasosxana, qazanxanada da son tamamlanma işlərinin aparıldığını vurğulayıb. Kənd sakinlərinin, xüsusilə də idmançıların, güləşçilərin istəyini nəzərə alaraq məktəbin həyətində arxa hissədə əlavə olaraq tikilən güləş zalının inşasının da uğurla başa çatdığını bildirib. İş icraçısı ən sonda binanın xarici fasadında rənglənmə işlərinə başlanılacağını bildirib.
Sonra rayon rəhbəri təmir müddətində şagirdlərin dərsi üçün nəzərdə tutulan, məktəbin yaxınlığında yerləşən yardımçı binada tədrislə məşğul olan müəllim və şagirdlərlə görüşüb.
Dövlət başçısının və Birinci vitse-prezidentin təhsil sahəsinə olan qayğısından söz açan icra başçısı bunun əyani sübutu olaraq Kosalar kənd tam orta məktəbin yenidən qurulmasını bir daha nümunə göstərib. Ölkəmizdə, eləcə də bölgələrimizdə təhsilin inkişafı istiqamətində atılan uğurlu addımlardan birinin məhz məktəb tikintisi olduğunu vurğulayıb və bunun Qazaxda geniş vüsət aldığını diqqətə çatdırıb. Məktəbin qısa bir vaxtda istifadəyə veriləcəyini qeyd edən icra başçısı demək olar ki, sayılı günlərin qaldığını söyləyib. Rayon rəhbəri qeyd edib ki, hər cür şəraiti olan və göz oxşayan bu cür məktəbdə istər müəllimlərin, istərsə də şagirdlərin üzərinə bundan sonra böyük məsuliyyət düşür ki, həmişə olduğu kimi, yenə də təhsilin keyfiyyəti, şagirdlərin dərsə davamiyyəti yüksək səviyyədə olsun. Ziyalıları ilə seçilən kəndlərdən olan Kosalarda təhsil sahəsi necə ki, həmişə nümunə olub və bundan sonra da olmalıdır. Bunun üçün də Heydər Əliyev Fondu Kosalarlılara, gələcəyimiz olan uşaqlara belə gözəl məktəb bəxş edib.
Məktəb direktoru Samir Hüseynov, eləcə də müəllimlər ölkə başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevaya məktəbin əsaslı şəkildə yenidən qurulmasına görə minnətdarlıqlarını bildiriblər. Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi ərəfəsində onun adını daşıyan Kosalar məktəbinin təmir olunması xəbərini istər müəllimlərin, istərsə də şagirdlərin böyük sevinc və minnətdarlıq hissi ilə qarşıladıqlarını söyləyiblər. Bundan sonra da Kosalar kənd tam orta məktəbin birincilər sırasında olması üçün böyük səylə çalışacaqlarını bir daha bildiriblər.
Qeyd edək ki, hazırda məktəblilər birinci mərtəbəsində 8, ikinci mərtəbəsində isə 9 sinif otağı yerləşən ikimərtəbəli yardımçı binada təhsil alır. Burada müəllim və şagirdlər üçün hər cür şərait yaradılıb. Səhər növbəsində 12, günorta növbəsində 11 sinif olmaqla şagirdlər yeni binada təhsil alır. Səhər növbəsində I, IV, VII, VIII, IX, X, XI siniflər, günorta növbəsində isə II, III, V, VI siniflər tədrislə məşğul olur.
Məlumat üçün onu da bildirək ki, hazırda Qazaxda daha iki məktəb üçün yeni inzibati binalar inşa olunur. Belə ki, Heydər Əliyev Fondu tərəfindən Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik, Təhsil Nazirliyi tərəfindən isə A.Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binaların inşası davam etdirilir.

Keçidlər