İlham Əliyev “Azərxalça” ASC-nin Qazax filialının fəaliyyəti ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qazax filialının fəaliyyəti ilə tanış olub.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, ümumi sahəsi 1200 kvadratmetrdən çox olan filialın binasında 150 toxucu işləyəcək və onların hamısı yerli sakinlərdir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş tədris-hazırlıq kurslarında iştirak edib, bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursun məzunları “Azərxalça” ASC-nin sertifikatını alacaqlar.
Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 40-dan çox dəzgahda Azərbaycan xalçaları toxunacaq. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Xalça-satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı həyata keçiriləcək.
Qeyd edək ki, qədim el sənətlərindən olan xalçaçılığın inkişafı ilə bağlı Qazax rayonunda icra olunan layihə də öz əhəmiyyəti ilə fərqlənir. Bu sahənin inkişafına xüsusi önəm verən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində artıq bir çox bölgələrdə xalça fabrikləri istifadəyə verilib və bəzi regionlarda yeni fabriklərin açılması istiqamətində işlər gedir. Hazırda dövlət səviyyəsində bu fabriklərin yerli istehsal hesabına xammalla təmin olunması diqqət mərkəzindədir. Prezident İlham Əliyev həmişə vurğulayır ki, bu fabriklərin açılması xüsusilə qadınların işlə təmin olunmasında müstəsna əhəmiyyətə malikdir. Bu baxımdan Qazaxdakı xalça fabriki də fərqlənir. Müəssisədə əsasən Ağstafa, Qazax və Tovuz rayonlarının yaşayış məntəqələrindəki orijinal xalça çeşnilərinin toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb.