İcra başçısı su və kanalizasiya sisteminin çəkilişi yekunlaşan S.Vurğun küçəsində olub
Hər kəsə yaxşı məlumdur ki, ötən ilin əvvəlindən başlayaraq dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi uğurla icra olunur. Podratçı təşkilat tərəfindən əraziyə lazımi texnika və avadanlıqlar, mal-material ehtiyatları tədarük edilərək küçələrdə su və kanalizasiya xətlərinin çəkilişi paralel olaraq həyata keçirilir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su və kanalizasiya sisteminin çəkilməsinə başlanılan ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlayır. Rayon rəhbərinin müvafiq Sərəncamına əsasən su və kanalizasiya sisteminin yenidən qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün aparılması məqsədilə rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərindən, ağsaqqal və ziyalılarından ibarət komissiyanın yaradılması, bundan əlavə, çəkilişlərə başlanılan andan etibarən görülən işlərin mövcud vəziyyətinə dair mütəmadi olaraq görüşlərin, iclasların keçirilməsi, eləcə də çəkiliş aparılan küçələrə yerində baxılması, işlərin keyfiyyəti ilə maraqlanılması bunun bariz nümunəsidir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-də Tikinti direktorunun müavini Fəqani Əkbərov və aidiyyatı şəxslərlə birlikdə su və kanalizasiya sisteminin çəkilişi yekunlaşan Səməd Vurğun küçəsində olub. Burada görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb. “Bizə çəkilişin tez bir zamanda başa çatması ilə yanaşı, işlərin keyfiyyətlə aparılması da lazımdır”, - deyən icra başçısı istər su, istərsə də kanalizasiya sisteminin günün tələbləri səviyyəsində qurulmasını bir daha vurğulayıb. Eyni zamanda çəkiliş yekunlaşan bütün küçələrdə avtomobillərin və vətəndaşların rahat şəkildə gediş-gəlişinin təmin olunması, səliqə-sahman yaradılması istiqamətində tapşırıq və tövsiyələrini verib.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-də Tikinti direktorunun müavini Fəqani Əkbərov S.Vurğun küçəsində hazırda son tamamlanma işlərinin aparıldığını bildirib. Ümumiyyətlə, bu günə kimi kanalizasiya sistemi borularının quraşdırılması üzrə 67,13%, su təchizatı borularının quraşdırılması üzrə isə 55,71% işlərin yerinə yetirildiyini qeyd edib. Su və kanalizasiya xəttinin çəkilişi ilə bağlı görülən işlərin keyfiyyətinə hər zaman üstünlük verildiyini diqqətə çatdırıb. İstər su xəttinin, istərsə də kanalizasiya quyularının test olunması, çəkilişin layihədə nəzərdə tutulduğu kimi həyata keçirilməsi barədə məlumat verib.
Məlumat üçün bildirək ki, sözügedən layihənin sifarişçisi "Azərsu” ASC, maliyyə mənbəyi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı, podratçı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, məsləhətçi şirkət isə "Gentek” Consult şirkətidir. İki il müddətində davam edəcək layihədə şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması üçün bütün lazımi tədbirlər görülür. Əsasən 3 mərhələdə həyata keçiriləcək layihənin bu ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.