Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir

11 mart 2020 | 16:00

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Qazax Rayon İcra Hakimiyyətində rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlarla görüş keçirilib.
Tədbirdə məktəb direktorları, müəllimlər, bağça müdirləri, rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən qadınlar, KİV nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva başda olmaqla bütün qadınları əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. Azərbaycan xanımlarının həmişə sədaqət, təmkin, ailəsinin qayğısına qalan, fədakar, nəcib qadın mücəssəməsi olduğunu söyləyib. Qadınların ölkəmizin ictimai-siyasi həyatında rolundan danışaraq, demokratik cəmiyyətin inkişafının təminatçısı olan qadınların dövlət idarəçiliyindən tutmuş ölkənin mədəni, pedaqoji, elmi həyatında öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərini vurğulayıb.
İcra başçısı qeyd edib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev həmişə qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Rayon rəhbəri vurğulayıb ki, dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.
İcra başçısı bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu bir daha təsdiq edir. Azərbaycanın birinci xanımının hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər bütün Azərbaycan qadınlarına əsl örnəkdir.
Rayon rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da Azərbaycanın tanıdılması, xüsusilə də Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, onun təşəbbüsü ilə keçirilən tədbirlər həm də Azərbaycan gənclərinin potensialından xəbər verir.
Martın 3-də Respublika Prezidenti İlham Əliyevin Qazaxa növbəti dəfə səfər etməsindən söz açan rayon rəhbəri həmin günün qazaxlıların yaddaşına tarixi bir gün kimi yazıldığını qeyd edib. Ölkə başçısının hər dəfə olduğu kimi, budəfəki səfərinin də Qazax üçün yeni töhfələr verdiyini bildirib. İcra başçısı Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında dövlət başçısının 5 mart 2020-ci il tarixli Sərəncamını Qazax ziyalılarına, gələcəyimiz olan uşaqların təhsilinə göstərilən diqqət və qayğının daha bir bariz nümunəsi kimi qeyd edib. Respublikamızın bütün bölgələrinin, o cümlədən də Qazaxın gündən-günə inkişaf etməsi üçün göstərdiyi dövlət qayğısına görə rayon ictimaiyyəti adından ölkə başçısına minnətdarlığını bildirib.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı, hədiyyələr və gül dəstələri təqdim edilib.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir daha bütün qadınları təbrik edərək onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi və işlərində yeni-yeni uğurlar arzulayıb.


Vəli VƏLİYEV,
“Respublika” qəzetinin bölgə müxbiri
11 mart 2020-ci il

Keçidlər