İcra başçısı Qaymaqlı kənd tam orta məktəb üçün tikilən yeni binada görülən işlərlə tanış olub
Cənab Prezident İlham Əliyevin ölkəmizdə təhsil sahəsinə olan diqqət və qayğısı, bu qayğı sayəsində həyata keçirilən məqsədyönlü tədbirlər, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən reallaşan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi Qazax rayonunda da öz real əksini tapır. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salınması bölgələrimizdə təhsil sahəsinə olan dövlət qayğısının bariz nümunəsidir. Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Respublika Prezidentinin 5 mart 2020-ci il tarixli Sərəncamı da bir daha sübut etdi ki, Qazaxda təhsil sahəsinə olan dövlət qayğısı bundan sonra da olacaq. Ən əsası da gələcəyimiz olan uşaqların təhsili daim diqqət mərkəzində saxlanılır.
Qazaxda ölkə başçısının və Birinci vitse-prezidentin təhsil sahəsinə olan qayğısının nəticəsidir ki, bu gün rayonda Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçsı İsmayıl Şıxlının adını daşıyan Kosalar kənd tam orta məktəb yenidən qurulur, Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün isə yeni bina tikilir.
Dövlət Proqramında tikintisi nəzərdə tutulan məktəblərdən biri də sərhəddə yerləşən şəhid Aydın Məmmədovun adını daşıyan Qaymaqlı kənd tam orta məktəbdir ki, hazırda Təhsil Nazirliyi tərəfindən bu məktəb üçün 180 şagird yerlik yeni bina inşa olunur.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yeni inşa edilən məktəbdə görülən işlərlə tanış olub.
Görülən işlər barədə məlumat verən iş icraçısı Məhəmməd Səfərov yanvar ayından tikintisinə başlanılan yeni məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacağını bildirib. Qeyd edib ki, zirzəmisi olmaq şərti ilə inşa olunan yeni məktəb binası 3 mərtəbədən ibarət olacaq. Bundan əlavə, məktəbdə həcmi 100 kubmetr olan içməli su anbarı, həcmi 122 kubmetr olan yanğından mühafizə üçün su anbarı tikiləcək. Su nasosu stansiyası, çirkab su anbarı, qazanxana da inşa ediləcək. Birinci mərtəbədə hazırlıq qrupu üçün 1 ədəd, ibtidai siniflər üçün isə 4 sinif otağı nəzərdə tutulub. Sinif otaqlarının sayı ikinci mərtəbədə 7, üçüncü mərtəbədə isə 8 olacaq. Həmçinin idman zalı, akt zalı, bufet də fəaliyyət göstərəcək.
İş icraçısı zirzəmidə hörgü işinin tam başa çatdığını, hazırda isə üst hissəyə beton tökülməsi üçün hazırlıq işinin aparıldığını bildirib.
Görülən işlərlə yaxından tanış olan rayon rəhbəri işlərin keyfiyyətinə hər zaman üstünlük verilməsini qeyd edib və bəzi tapşırıqlarını verib.