Osman Sarıvəlli poeziyasının işığında
Qazaxda Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının təşkilatçılığı ilə xalq şairi Osman Sarıvəllinin anadan olmasının 110 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şairlər, gənc yazarlar, poeziya sevərlər, KİV və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbiri AYB Qazax zona filalının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal açaraq tədbir iştirakçılarının yubiley münasibətilə təbrik etmiş və bu günün poeziya sevərlər üçün əsl bayram olduğunu bildirmişdir. Osman Sarıvəlli yaradıcılığının ədəbiyyatımızın ən parlaq səhifələrindən biri olmasını, onun şeirlərinin böyük məna kəsb etməsindən söz açmışdır.
Yerli şairlərdən Mustafa Rasimoğlu çıxış edərək Osman Sarıvəlli yaradıcılığından və onun Azərbaycan ədəbiyyatındakı xidmətlərindən danışmışdır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialının tələbələri Mahmud Məmmədov, Sevinc Tağıyeva, məktəbli Ülkər Hadızadə şairin şeirlərindən parçalar söyləmişlər.
Azərbaycan Aşıqlar Birliyi Qazax zona filialının sədri, aşıq Camoy Qurbanov müxtəlif saz havaları üstündə şairin şeirlərini oxumuşdur.
Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova tədbirdə çıxış edərək Azərbaycan şeirinin inkişafında özünəməxsus xidmətləri olan xalq şair Osman Sarıvəllinin bütün ömrünü xalqına verən böyük sənətkar olduğunu bildirmişdir. Osman Sarıvəlli şeirlərinin hansı formada yazılmasından asılı olmadan öz orijinallığı ilə başqalarından seçildiyini qeyd etmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin, eləcə də rayon rəhbərliyinin poeziya adamlarına, şairlərə göstərdiyi diqqət və qayğıdan söz açmışdır.