Qazaxda Heydər Əliyev Fondu tərəfindən ünvanlı sosial yardım alan ailələrə Novruz sovqatları paylanılıb
Bu gün hər kəsə yaxşı məlumdur ki, 2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Öz fəaliyyətində sosial istiqaməti prioritet götürən Heydər Əliyev Fondu dövlətin sosial-iqtisadi inkişafa istiqamətlənən proqramlarına dəstək verərək müxtəlif layihələr reallaşdırır. Fond valideyn himayəsindən məhrum uşaqlar, xüsusi qayğıya ehtiyacı olan şəxslərlə yanaşı, aztəminatlı ailələri də daim diqqətdə saxlayır, əlamətdar günlərdə onları yaddan çıxarmır, müxtəlif bayram hədiyyələri çatdırır.
Fondun əlamətdar bayramlarda aztəminatlı ailələri sevindirməsi demək olar ki, artıq bir ənənə halını alıb. Ənənəsinə sadiq qalan Fond Novruz bayramı münasibətilə də aztəminatlı ailələrə bayram sovqatları paylayıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə hər il həyata keçirilən layihə respublika üzrə ünvanlı sosial yardım alan bütün ailələri əhatə edib. Novruz bayramı ərəfəsində müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları respublikanın bütün rayon və şəhərlərində ünvanlı sosial yardım alan ailələrə təqdim edilib. Aztəminatlı ailələrə Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təbrikləri çatdırılıb.
Bu layihə çərçivəsində respublikamızın hər yerində olduğu kimi, Qazax rayonu üzrə 301 ünvanlı sosial yardım alan ailə bəhrələnib. Müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları öz sahiblərinə verilib.