Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Kosalar kənd tam orta məktəbində görülən son tamamlanma işləri ilə maraqlanıb

23 mart 2020 | 16:00

Bu gün tam əminliklə deyə bilərik ki, ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən təhsil sahəsinə olan qayğının real əksini tapan bölgələrimizdən biri də məhz Qazax rayonudur. Bunun bariz nümunəsi də "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salınmasıdır. Bu, dövlət tərəfindən bölgələrimizdə təhsil sahəsinə olan böyük diqqət və qayğının Qazaxın timsalında daha bir əyani sübutudur.
Əvvəlki yazılarımızda xəbər verdiyimiz kimi, Dövlət Proqramında təmiri nəzərdə tutulan məktəblərdən biri də Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbidir ki, hazırda həmin məktəb Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulur. Artıq 8 aydır ki, böyük bir tikinti meydançasını xatırladan məktəbdə demək olar ki, əsas işlər yekunlaşıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Kosalar kənd tam orta məktəbində görülən son tamamlanma işləri ilə maraqlanıb.
İş icraçısı Əhməd Rəhimov yekunlaşan işlər barədə məlumat verərək bildirib ki, binanın daxilində hər 3 mərtəbədə bütün işlər başa çatıb. Hazırda binanın xarici fasadında rənglənmə işlərinə başlanılıb. Bundan əlavə, məktəbdə yaşıllaşdırma və abadlıq üçün hazırlıq işlərinə start verilib.
İş icraçısı məktəbin həyətində görülən işlər haqda da məlumat verib. Qeyd edib ki, futbol, basketbol və voleybol meydançasının tikintisi davam etdirilir. Yardımçı binalar da inşa olunub. Bundan başqa, məktəb binasının arxa hissəsində tikilən hər birinin həcmi 154 kubmetr olan 2 ədəd yanğından mühafizə, bir ədəd içməli su hovuzu, nasosxana, qazanxana da tam hazırdır. Kənd sakinlərinin, xüsusilə də idmançıların, güləşçilərin istəyini nəzərə alaraq məktəbin həyətində arxa hissədə əlavə olaraq tikilən güləş zalının inşası da başa çatıb.
Məktəb direktoru Samir Hüseynov ölkə başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevaya məktəbin əsaslı şəkildə yenidən qurulmasına görə rəhbərlik etdiyi kollektiv adından bir daha minnətdarlığını bildirib. Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi ərəfəsində onun adını daşıyan Kosalar məktəbinin təmir olunması xəbərini istər müəllimlərin, istərsə də şagirdlərin böyük sevinc və minnətdarlıq hissi ilə qarşıladıqlarını söyləyib.
Qeyd edək ki, hazırda məktəblilər birinci mərtəbəsində 8, ikinci mərtəbəsində isə 9 sinif otağı yerləşən ikimərtəbəli yardımçı binada təhsil alır. Burada müəllim və şagirdlər üçün hər cür şərait yaradılıb. Səhər növbəsində 12, günorta növbəsində 11 sinif olmaqla şagirdlər yeni binada təhsil alır. Səhər növbəsində I, IV, VII, VIII, IX, X, XI siniflər, günorta növbəsində isə II, III, V, VI siniflər tədrislə məşğul olur.
Məlumat üçün onu da bildirək ki, hazırda Qazaxda daha iki məktəb üçün yeni inzibati binalar inşa olunur. Belə ki, Heydər Əliyev Fondu tərəfindən Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik, Təhsil Nazirliyi tərəfindən isə A.Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binaların inşası davam etdirilir.

Keçidlər