Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı yeni istifadəyə verilən Qazax Rayon Mərkəzi Xəstəxanasında olub

23 mart 2020 | 16:00

Sevindirici haldır ki, son illər səhiyyə sahəsinə göstərilən dövlət qayğısı, səhiyyə islahatlarının mühüm istiqaməti olan tibb müəssisələri şəbəkəsinin və strukturunun təkmilləşdirilməsi sahəsində görülən işlər respublikamızın bütün bölgələrini əhatə edir. Əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında səhiyyənin prioritet sahələri üzrə qəbul olunan Dövlət Proqramları, həmin proqramlara əsasən ölkə üzrə bütün tibb müəssisələrinin yenidən qurulması ölkəmizin hər yerində uğurla həyata keçirilir. Xüsusilə də Respublika Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan sosialyönümlü siyasətin mühüm tərkib hissəsi kimi ölkədəki tibb ocaqlarında xidmətin pulsuz həyata keçirilməsi, əhalinin icbari tibbi sığortasının təşkil olunması və icrasının uğurla davam etdirilməsi səhiyyə sahəsi ilə yanaşı, vətəndaşlara olan qayğının əyani sübutudur. Respublikamızda səhiyyə sahəsinə olan dövlət qayğısının daha bir bariz nümunəsi isə martın 3-də ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Qazax Rayon Mərkəzi Xəstəxanasıdır. Bu gün hər bir qazaxlı, xüsusilə də səhiyyə sahəsində çalışan hər bir işçi yeni xəstəxananın istifadəyə verilməsini minnətdarlıq hissi ilə qarşılayır. Mənfur düşmənlə 168 km sərhəddi olan Qazax rayonunda belə yüksək səviyyədə xəstəxananın tikintisinə görə ölkə başçısı İlham Əliyevə sonsuz təşəkkürlərini çatdırırlar.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yeni istifadəyə verilən Qazax Rayon Mərkəzi Xəstəxanasında olub, mövcud vəziyyətlə maraqlanıb. Yoluxucu xəstəliklər korpusunda, eləcə də digər şöbələrdə yaradılan şəraitlə yaxından tanış olan icra başçısı xəstəxanada müalicə olunan xəstələrə də baş çəkib.
Rayonda səhiyyə sahəsinin inkişaf etməsi, vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün yeni xəstəxanada hər cür şərait yaradıldığını qeyd edib. Bundan sonra da böyük səylə çalışmalarını bildirən rayon rəhbəri tibb işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Sevda Məmmədova səhiyyə işçilərinin vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərmələri üçün xəstəxananın istifadəyə verilməsinə, eləcə də yaradılan şəraitə görə dövlət başçısı İlham Əliyevə rəhbərlik etdiyi kollektiv adından bir daha təşəkkürünü çatdırıb. Belə yüksək səviyyədə xəstəxananın tikintisini istər səhiyyə işçilərinə, istərsə də rayon sakinlərinə olan böyük diqqət və qayğı kimi qiymətləndirib. Dövlətin səhiyyə işçilərinə olan qayğısını bundan sonra da öz əməli işləri ilə doğrultmağa çalışacaqlarını qeyd edib. 
Məlumat üçün qeyd edək ki, Qazax Rayon Mərkəzi Xəstəxanasının binası 1969-cu ildə yataqxana kimi istifadəyə verilmişdi və uzun illər təmir işlərinin aparılmaması səbəbindən bina yararsız vəziyyətə düşmüşdü. Yeni xəstəxana binası üçün 2013-cü ildən başlayan tikinti işləri ötən ilin sentyabrında yekunlaşıb. Üç hektarlıq ərazidə 145 çarpayılıq müasir tibb müəssisəsi inşa olunub. Xaricdə istehsal olunan avadanlıqla təchiz edilən xəstəxana binasının ümumi sahəsi 22 min kvadratmetrdir. Burada doğum, terapiya, cərrahiyyə, uşaq xəstəlikləri, anesteziologiya-reanimasiya, poliklinika, şüa-diaqnostika, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Xəstəxana binasında qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi ilə yanaşı, yoluxucu xəstəliklər korpusu, Gigiyena və Epidemiologiya Mərkəzi də fəaliyyət göstərəcək. Təcili və təxirəsalınmaz tibbi yardım bölməsi həftənin 7 günü 24 saat fəaliyyət göstərərək müraciət edən xəstələrin çeşidlənməsini, stasionar şöbələrə yerləşdirilməmişdən əvvəl həkim nəzarəti altında müayinə və müalicələrinin həyata keçirilməsini təmin edir. Xəstələr bu bölmənin fəaliyyəti nəticəsində müşahidə altında saxlanılır, hər şey qaydasında olarsa, ambulator müalicə üçün evə yazılır, nəticədə stasionar şöbələrə düşən yükün həcmi kəskin azalır. Steril şəraitin təmin edilməsi üçün laboratoriya şöbələri xəstələrin birbaşa daxil ola biləcəyi ərazilərdən kənarda yerləşdirilib, qan və digər nümunələrin alınması üçün xüsusi otaqlar yaradılıb, zəruri avadanlıqla təmin edilib. Ambulator tibbi xidmətin göstərilməsi üçün xəstəxana binalarının birinci mərtəbələrində poliklinikalar yaradılıb. Bütün həkimlər ambulator xəstə qəbulunu poliklinikalarda həyata keçirirlər.

Keçidlər