Qazaxda koronavirus infeksiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə yaradılmış Qərargah üzvləri məlumatlandırılıb
Bildiyiniz kimi, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində bütün dövlətlərdə olduğu kimi, Azərbaycanda da Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilir. Respublika Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah da yaradılıb.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da qeyd olunan məsələnin ciddiliyinə, verilən tapşırıq və tövsiyələrə məsuliyyətlə yanaşılır. Belə ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 2 mart 2020-ci il tarixli 9-21/23 nömrəli Sərəncamına əsasən rayon ərazisində koronavirus infeksiyasına qarşı qabaqlayıcı təhlükəsizlik tədbirlərinin və digər zəruri təxirəsalınmaz işlərin görülməsi məqsədilə xüsusi Qərargah yaradılıb.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirləri ilə əlaqədar Qərargah üzvləri məlumatlandırılıb. Hazırda koronavirus zəminində yaranan fövqəladə şəraitdə yalnız dövlət tərəfindən keçirilən tədbirlərin deyil, vətəndaşlarımızın, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımlara, görülən işlərə dəstəyinin vacibliyi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarlarının qeyd-şərtsiz icra olunmasının vacibliyi Qərargah üzvlərinə və aidiyyatı şəxslərə bir daha çatdırılıb. Bununla bağlı Qərargah üzvlərinə və aidiyyatı şəxslərə ciddi tapşırıqlar verilib.