Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda tənha yaşayan ahıl sakinlərə yardım paylanılıb

28 mart 2020 | 16:00

Respublika Prezidenti cənab İlham Əliyevin birbaşa rəhbərliyi altında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərə, xüsusilə də ölkə rəhbərinin yaşlı insanlarımızı qoruyaq çağırışına respublikamızın hər yerində olduğu kimi, Qazaxda da birmənalı şəkildə əməl olunur.
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan respublikanın bütün rayon və şəhərlərində bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edilməsi diqqət mərkəzində saxlanılır.
Sevindirici haldır ki, Heydər Əliyev Fondunun koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində başladığı sosial layihəyə “Qazax Sement Zavodu” MMC də öz töhfəsini verib. Belə ki, respublikamızın iri sement istehsalçılarından biri kimi Azərbaycanın Qərb regionunda reallaşmış ən böyük investisiya layihəsi olan “Qazax Sement Zavodu” MMC də bu sosial layihəyə qoşulub. Fəaliyyətə başladığı ilk gündən tikinti sektorunda fərqlənməyi qarşıya məqsəd qoyan bu şirkət eyni zamanda öz xeyirxah əməlləri ilə də hər zaman seçilməyi bacarır. İllərdir ki, xeyirxah əməlləri ənənəyə çevirən zavod rəhbərliyi ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə “Evdə qal, sağlam ol!” çağırışını əldə rəhbər tutaraq Qazax rayonunda yaşayan yaşı 65-dən yuxarı olan tənha insanlara dəstək olublar.
Qazax Rayon İcra Hakimiyyətinin nümayəndələri və “Qazax Sement Zavodu” MMC-nin əməkdaşları gənc könüllülərlə birlikdə şəhərdə və kəndlərdə yaşayan tənha insanlara baş çəkiblər. Xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlara müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar çatdırıblar. “Evdə qal, sağlam ol!” çağırışına əməl etməklə öz sağlamlıqlarını, eləcə də digər vətəndaşların sağlamlıqlarını qoruya biləcəklərini bir daha bildiriblər.
Özündə həmrəyliyi, birliyi, dövlət qayğısını əks etdirən bu təşəbbüsü ziyarət olunan vətəndaşlar da yüksək qiymətləndiriblər. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərə görə ölkə başçısına razılıqlarını ifadə ediblər. Onların sağlamlıqlarını düşünərək bu cür təşəbbüsü həyata keçirməklə dövlətə və vətəndaşlara dəstək olan “Qazax Sement Zavodu” MMC-nin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün qeyd edək ki, bu sosial layihə çərçivəsində şəhər sakinləri ilə yanaşı, Çaylı, Cəfərli, Daş Salahlı, Dəmirçilər, Fərəhli, Birinci Şıxlı, İkinci Şıxlı, Aşağı Salahlı, Orta Salahlı, Yuxarı Salahlı, Qazaxbəyli, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Kosalar, Quşçu Ayrım, Məzəm, Yuxarı Əskipara, Aşağı Əskipara, Barxudarlı, Ağköynək, Qarapapaq, Alpout, Abbasbəyli kəndlərindən olan sakinlərə sovqatlar paylanılıb. Ümumilikdə, bu sosial layihə Qazax rayonu ərazisində yaşı 65-i ötmüş tənha yaşayan 129 nəfəri əhatə edib.

 

 

 

 

Keçidlər