Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda fəaliyyət göstərən apteklərdə tibbi maska və spirtlə bağlı reydlər keçirilib

31 mart 2020 | 16:00

Hər kəsə yaxşı məlumdur ki, dünya ölkələri arasında sürətlə yayılmaqda davam edən koronavirus infeksiyası (COVİD-19) Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunub. Bunu nəzərə alaraq virusun yayılmasının qarşısının alınması istiqamətində bütün dövlətlərlə yanaşı, Azərbaycanda da təxirəsalınmaz tədbirlər həyata keçirilir. Ölkə başçısı İlham Əliyevin birbaşa rəhbərliyi altında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələrinə uyğun olaraq ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində zəruri işlər görülür.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da qeyd olunan məsələnin ciddiliyinə məsuliyyətlə yanaşılır, verilən tapşırıq və tövsiyələr birmənalı şəkildə yerinə yetirilir.
Əhalinin bu dönəmdə tibbi maskalara, dezinfeksiyaedici məhlullara, gigiyenik vasitələrə, spirtlərə gündəlik tələbatının normadan artıq olduğunu, ölkə üzrə bu məhsulların qıtlığının müşahidə olunduğunu, vətəndaşların Qazax Rayon İcra Hakimiyyətinin saytının və Göyəzən.az internet portalının facebook səhifəsinə müraciətlərini nəzərə alaraq rayonda fəaliyyət göstərən apteklərdə reydlər keçirilib.
Bu gün mobil qrup üzvləri tərəfindən rayon ərazisində mövcud olan apteklərdə tibbi maska və spirtlə bağlı keçirilən reydlər zamanı apteklərdə mövcud vəziyyətə dair sorğu aparılıb. Aptek sahiblərinə istər tibbi maska, istərsə də spirt satışı ilə bağlı xəbərdarlıqlar edilib. Əldə olan imkanlardan maksimum dərəcədə istifadə edərək vətəndaşların tibbi maska və spirtlə təminatına çalışmaları tövsiyə olunub.
Məlumat üçün bildirək ki, respublikadakı mövcud vəziyyətlə bağlı İqtisadiyyat Naziri Mikayıl Cabbarovun da qeyd etdiyi kimi, yaxın günlərdə ölkəmizdə tibbi maska istehsal edən irihəcmli istehsal müəssisəsi işə düşəcək. Tibbi maskanın istehsalı ilə bağlı lazımi addımlar atılıb. Bunun üçün lazımi avadanlıqlar alınaraq ölkəyə gətirilib. Ən çox təlabat və tövsiyə olunan, dezinfeksiya məqsədilə istifadə edilən tibbi spirt istehsalına gəlincə isə Azərbaycan tam həcmdə özünü tibbi spirtlə təmin edir. Bu, apteklərdə aparılan sorğulardan da aydın şəkildə göründü ki, tibbi spirt satışında heç bir problem yoxdur.

Keçidlər