Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda vətəndaşların xüsusi karantin rejiminin tələblərinə əməl etmələri ilə bağlı maarifləndirici tədbirlər davam edir

31 mart 2020 | 16:00

Respublikamızda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması istiqamətində zəruri tədbirlər görülür. Ölkə daxilində koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə vətəndaşlar arasında aparılan maarifləndirmə işi məhz bu məqsədi daşıyır.
Qazaxda da vətəndaşlar arasında ölkəmizdə yaranmış mövcud vəziyyətlə əlaqədar mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir. Polis orqanlarının nümayəndələri ilə birgə rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəliklərinin, bələdiyyələrin, habelə digər qurumların nümayəndələrindən ibarət mobil qrup üzvləri əhali arasında olaraq ölkədəki vəziyyətlə bağlı maarifləndirici söhbətlər aparırlar.
Əsasən əhalinin sıx toplaşdığı parklarda, avtovağzalda və digər yerlərdə sakinlərlə, xüsusilə də yaşlı sakinlərlə aparılan söhbətlərdə “Evdə qal, sağlam ol” şüarı bir daha diqqətə çatdırılır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə əməl edərək 10 nəfərdən artıq qruplarda cəmləşməmələrini, 2 metr məsafənin gözlənilməsini, 65 yaşdan yuxarı olanların evdən çıxmasının qadağan olunduğunu və bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsinin təmin edilməsinə dair izahatlar verilir.
Aparılan maarifləndirmə və təbliğat zamanı əhalinin bir qisminin hələ də karantin rejiminin tələblərinə ciddi yanaşmaması müşahidə olunduğundan mobil qrup üzvləri bir daha vətəndaşlara son dərəcə diqqətli olmalarını tövsiyə edirlər. Məsuliyyətli davranmaları, xüsusi zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbiri görməklə bu qaydalara riayət etmələrini xahiş edirlər.

 

Keçidlər