Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda xüsusi karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlar cərimə olunub

02 aprel 2020 | 16:00

Bildiyiniz kimi, ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi elan olunub.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 31 mart 2020-ci il tarixli məlumatına əsasən insanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək, bununla da infeksiyaya yoluxmanın sürətini azaltmaq məqsədilə ölkə ərazisindəki xüsusi rejim dövrü martın 31-dən aprelin 20-dək gücləndirilmiş, insanların fərdi evlərindən və mənzillərindən çıxışına yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə icazə verilmişdir. Bundan əlavə, ciddi zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmək tövsiyə edilir.
Çox təəssüflər olsun ki, koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir. Belə ki, əhalinin əksər hissəsi xüsusi rejim qaydalarının tələblərinə, digər şəxslərlə sıx təmasa, ciddi zərurət olmadığı hallarda evdən çölə çıxma, ictimai nəqliyyatda karantin dövrünün tələblərinə tabe olma və digər mövcud qaydalara əməl etmirlər.
Qazax Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Operativ Qərargah üzvlərinin və Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət mobil qruplar bu kimi neqativ halların qarşısının alınması üçün rayon ərazisində mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata keçirirlər. Vətəndaşlarla profilaktik söhbətlər apararaq, onları xüsusi rejim qaydalarına riayət etməyə çağırırlar.
Lakin keçirilən tədbirlər zamanı edilən xəbərdarlıqlara məhəl qoymayan şəxslər də aşkarlanır. Onlar arasında xüsusi karantin rejimi ilə bağlı qoyulan məhdudiyyətləri pozanlar da var.
Bu gün 21 nəfər vətəndaş barəsində Qazax RPŞ-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək cərimə ediliblər.
Virusun qarşısının tez bir zamanda alınması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir kəsdən karantin rejimi qaydalarına əməl etməsi, zərurət olmadıqda evdən çıxmamaq tələb olunur. Karantin rejiminin qaydalarına əməl etməyən şəxslər haqqında bundan sonra da ciddi tədbirlər görüləcəkdir.

Keçidlər