Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda şəhidlərin xatirəsinə ehtiram göstərilir

03 aprel 2020 | 16:00

Bu gün düşmənlə 168 kilometrlik sərhəddə yerləşən Qazax rayonunun Bağanıs Ayrım, Xeyrimli, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. Hazırda rayonun 5 kəndi daim düşmən gülləsinin atəşinə məruz qalır.

Qeyd edək ki, Qazax rayonu torpaqlarımızın bütövlüyü uğrunda 287 nəfər şəhid verib. Onlardan 7-si Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən bu şəhidlərin xatirəsi rayonda həmişə əziz tutulur və onların ailə üzvlərinə qayğı göstərilir.

Vətən uğrunda canından keçən igid oğullarımızdan biri də Azərbaycan Ordusunun hərbi qulluqçusu olmuş, Qazaxın Yuxarı Salahlı kənd sakini Əlləzov Əlləz Ələddin oğludur. O, 2019-cu il martın 26-da Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində şəhid olmuşdur. İgid şəhidimizin torpağa tapşırılmasından bir il ötür. Bununla bağlı Qazax Rayon İcra Hakimiyyətinin rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanında olmuş və şəhidin məzarını ziyarət etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Ə.Əlləzovun şücaətindən, eləcə də yaşadığı bu qısa ömür ərzində göstərdiyi vətənpərvərliyindən danışmış və demişdir ki, Vətən uğrunda şəhid olan yüzlərlə belə igid şəhidlərimiz xalqın qəlbində daim yaşayacaqdır.

Şəhidin atası Ələddin Əlləzov çıxış edərək oğlunun xatirəsini əziz tutan hər kəsə, xüsusilə dövlət başçısı İlham Əliyevə ailəsi adından minnətdarlığını bildirmişdir. O, həmçinin dünyanı bürümüş koronavirus epidemiyasının törədə biləcəyi təhlükəyə baxmayaraq, oğlunun torpağa tapşırılmasının ildönümündə iştirak etdiyinə görə rayon rəhbərliyinə öz razılığını ifadə etmişdir.

 

Sabir ƏLİYEV,
"Azərbaycan”

02.04.2020

Keçidlər