Aprel şəhidinin xatirəsinə ehtiram göstərilmişdir
Azərbaycanın hərb tarixinə şanlı səhifə kimi yazılan Aprel döyüşlərindən 4 il ötür. Həmin döyüşlərdə böyük uğurlar qazansaq da, təəssüflər olsun ki, şəhidlər də verdik. Həmin şəhidlər arasında Qazax rayonunun yetirmələri olan, Fərəhli kəndindən kapitan Mühüd Orucov, Yuxarı Salahlı kəndindən baş leytenant Elvin Namazov və Aslanbəyli kəndindən əsgər Orxan Əliyev də var idi.
Aprelin 2-də şəhidlik zirvəsinə ucalıb adını tarixə yazdıran Əliyev Orxan Məhəmməd oğlunun torpağa tapşırılmasından 4 il keçir. Şəhidin ildönümü ilə əlaqədar aprelin 2-də Qazax Rayon İcra Hakimiyyətinin rəhbərliyi Orxanın doğulub boya-başa çatdığı Aslanbəyli kəndində olmuş və şəhidin məzarını ziyarət etmişlər. Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, Aprel döyüşlərindən 4 il ötsə də, xalqımız nə o şanlı tarixi, nə də torpaq uğrunda canından keçən şəhidlərimizi unudur. İldən-ilə şəhidlərimizə olan hörmət və ehtiram daha da artır. Aprel döyüşləri zamanı erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdikləri şücaətdən danışan icra başçısı Aprel döyüşlərinin bizim qalibiyyətimiz, zəfər salnaməmiz olduğunu bir daha diqqət çatdırmışdır.
Şəhidin atası Məhəmməd Əliyev şəhidlərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə ailəsi adından minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, oğlunun Aprel döyüşlərində göstərdiyi igidlik əbədiləşdirilmiş, "Vətən üçün hazır ol!” layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru” adlı sənədli filmdə baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov kimi onun oğlu Orxan Əliyev haqqında da geniş məlumat verilmişdir. Bundan başqa, tanınmış şair-publisist Fəridə Ləman Orxanın xatirəsinə "Cənnətdən məktublar” adlı kitab da həsr etmişdir.
Sabir ƏLİYEV,
"Azərbaycan”
03.04.2020