Qazax Sement Zavodu daha bir neçə ailəni sevindirib
Ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa rəhbərliyi altında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər respublikamızın hər yerində olduğu kimi, Qazaxda da yüksək qiymətləndirilir. Heydər Əliyev Fondunun koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində başladığı sosial layihə Qazaxda da minnətdarlıq hissi ilə qarşılanır.
Ötən yazımızda “Qazax Sement Zavodu” MMC rəhbərliyinin ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə “Evdə qal, sağlam ol!” çağırışını əldə rəhbər tutaraq Qazax rayonunda yaşayan yaşı 65-dən yuxarı olan tənha insanlara dəstək olmaları, 129 nəfərə müxtəlif ərzaq məhsullarından ibarət sovqat çatdırmaları barədə məlumat vermişdik.
Fəaliyyətə başladığı ilk gündən xeyirxah əməlləri ənənəyə çevirən zavod rəhbərliyi bu gün yardıma ehtiyacı olan daha bir neçə ailəni sevindirib. Bu sosial layihə çərçivəsində şəhər sakinləri ilə yanaşı, Bala Cəfərli, Quşçu Ayrım və Qarapapaq kəndlərindən olan ailələrə sovqat paylanılıb.
Qazax Rayon İcra Hakimiyyətinin nümayəndələri, DSMF-nin Qazax rayon şöbəsinin və “Qazax Sement Zavodu” MMC-nin əməkdaşları şəhərdə və kəndlərdə yaşayan, yardıma ehtiyacı olan vətəndaşlara müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar çatdırıblar. “Evdə qal, sağlam ol!” çağırışına əməl etməklə öz sağlamlıqlarını, eləcə də digər vətəndaşların sağlamlıqlarını qoruya biləcəklərini bir daha bildiriblər.
Özündə həmrəyliyi, birliyi, dövlət qayğısını əks etdirən bu təşəbbüs ziyarət olunan vətəndaşlar tərəfindən də yüksək qiymətləndirilib. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərə görə ölkə başçısına razılıqlarını ifadə ediblər. Onların sağlamlıqlarını düşünərək bu cür təşəbbüsü həyata keçirməklə dövlətin və vətəndaşların yanında olan “Qazax Sement Zavodu” MMC-nin rəhbərliyinə minnətdarlıq ediblər.