Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Aprel şəhidi baş leytenant Elvin Namazovun məzarını ziyarət edib

09 aprel 2020 | 16:00

Öz qələbəsi, əks-sədası ilə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış 2016-cı ilin Aprel döyüşləri bizim qalibiyyətimiz, zəfər salnaməmizdir. Aprel döyüşləri zamanı Qazax rayonunun 3 nəfər igid oğlu Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da şəhidlik adlı uca zirvəyə yüksəlib.
Bu gün həmin şanlı döyüş zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş həmyerlimiz baş leytenant Namazov Elvin Məmməd oğlunun son mənzilə yola salındığı gündən 4 il ötür.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidin doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində olub. Şəhidin ata və anası ilə birlikdə igid Vətən oğlunun məzarını ziyarət edərək əziz xatirəsini dərin hörmətlə yad edib. Şəhidin ruhuna dua oxunduqdan sonra icra başçısı ürək sözlərini çatdırıb. İcra başçısı qeyd edib ki, bu gün şəhidimiz Elvin Namazovun uca bir məqama - şəhidlik zirvəsinə ucaldığı gündən 4 il ötməsinə baxmayaraq o, daim bizim qəlbimizdə yaşayır. Onun əziz xatirəsi hər zaman yad edilir. Çünki Elvin təkcə ata və anasının deyil, bu elin-obanın, bütöv Azərbaycan xalqının oğludur. Aprel şəhidimiz Elvin Namazov elə bir şanlı yol keçib ki, başda ölkə rəhbəri olmaqla hər bir azərbaycanlı onunla fəxr edir.
Rayon rəhbəri Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqəti və qayğısı sayəsində qısa bir zamanda ordumuzun qazandığı nailiyyətlərdən də söz açıb. İcra başçısı illər ötsə belə xalqımızın nə bizi Qarabağda böyük qələbəmizə aparan şanlı Aprel döyüşlərini, nə də həmin döyüşü tarixə yazdıran Elvin Namazov kimi oğulları  unutmayacağını bildirib. Onun keçdiyi döyüş yolunun böyüməkdə olan gənclərimizə hər zaman örnək olduğunu vurğulayıb. İcra başçısı bildirib ki, Aprel döyüşlərində düşmən bir daha anladı ki, Ali Baş Komandanın irəli əmrinə hazır olan güclü Azərbaycan Ordusu və döyüş ruhlu əsgərlərimiz, zabitlərimiz, hərbçilərimiz var. Ali Baş Komandanın irəli əmri ilə döyüşə hər an hazır olan silahlı qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyi günün uzaqda olmadığını, qəhrəmanlarımızın qanının yerdə qalmayacağını qeyd edib.
Şəhidin atası Məmməd Namazov şəhidlərə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və rayon rəhbərliyinə ailəsi adından minnətdarlığını bildirib.
Namazov Elvin Məmməd oğlu 7 sentyabr 1990-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 2007-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbini bitirmişdir. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2012-ci ildə həmin ali məktəbi leytenant hərbi rütbəsində bitirmişdir. 2013-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir illik kursda olmuşdur. 2014-cü ildən Müdafiə Nazirliyinin Xüsusi təyinatlılardan ibarət "N” saylı hərbi hissəsində kəşfiyyat komandiri vəzifəsinə təyin olunmuşdur. 2016-cı ildə baş leytenant hərbi rütbəsi verilmişdir.
Elvin Namazov 3 aprel 2016-cı il tarixdə Tərtər istiqamətində gedən döyüşlərdə erməni ordusunun hücumunun qarşısının alınması zamanı baş verən şiddətli atışmada qəhrəmancasına şəhid olmuşdur. 9 apreldə doğulduğu Yuxarı Salahlı kənd qəbiristanlığında böyük izdihamla dəfn olunmuşdur.
Elvin Namazov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamına əsasən  "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.
2016-cı ildə Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist  Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş “Donmuş təbəssüm” adlı kitab yazılmışdır.

https://www.youtube.com/watch?v=lTFWdG9QcGA&feature=emb_title

 

Keçidlər