anews.az saytında Qazaxla bağlı yayılan məqalədə yazılanlar həqiqəti əks etdirmir
anews.az saytı həqiqəti əks etdirməyən və Qazax Rayon İcra Hakimiyyəti ilə dəqiqləşdirilməmiş “Qazax rayon icra hakimiyyəti evində yeməyə çörəyi olmayan vətəndaşa kömək etmir” başlıqlı məqalə paylaşılmışdır.
Məqalədə Qazax rayonunun Yuxarı Salahlı kənd sakini Vəzir Eminovun verdiyi qeyri-obyektiv və qərəzli məlumata istinadən guya ki, rayon icra hakimiyyəti tərəfindən imkanlı ailələrə yardım göstərilməsi, Vəzir Eminovun icra hakimiyyətində qəbulda olması və ona yardım edilməməsi qeyd olunur.
Qazax Rayon İcra Hakimiyyəti olaraq bildiririk ki, Vəzir Eminov RİH-də qəbulda olmamış, yazılı və şifahi müraciət etməmiş, qeyd olunanlar tamamilə şər və böhtandır. Rayonda yaşayan sosial cəhətdən az təminatlı ailələr daim diqqətdə saxlanılır və sosial bərabərsizliyi göstərən hər hansı fakt ola bilməz.
Qərəzli məlumatlar paylaşan sözügedən saytın diqqətinə çatdırmaq istəyirik ki, Vəzir Eminov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 221.1-ci maddəsi (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) ilə 2 il müddətinə azadlıqdan mərhum edilmişdir.
anews.az saytına bildirmək istəyirik ki, ölkəmizdə mövcud xüsusi karantin rejimi dövründə ictimaiyyətdə çaşqınlıq yarada biləcək bu qəbildən olan informasiya təkzib olunmayacağı təqdirdə Qazax Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə müraciət ediləcəkdir.