Ölkə başçısının “Biz birlikdə güclüyük” çağırışı hər birimiz üçün örnəkdir
Bildiyiniz kimi, dünyada tüğyan edən koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması ilə bağlı dövlətimiz tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən məqsədyönlü işlər görülür.
Dövlət başçısının ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır, dövlətimizin başçısının xalqımıza qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Ölkə başçısının “Biz birlikdə güclüyük” çağırışı isə bu gün hər birimiz üçün örnəkdir.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da “Biz birlikdə güclüyük” devizi altında keçirilən xeyriyyə aksiyasına start verilib. Özündə birliyi, həmrəyliyi, ölkə vətəndaşına sevgini, qayğını özündə əks etdirən bu aksiyaya hər kəs ürəklə qatılıb və öz töhfəsini verməyə çalışır.
Bu gün Qazax Rayon İcra Hakimiyyəti və “Carçıoğlu GROUP” MMC tərəfindən “Biz birlikdə güclüyük” devizi altında reallaşan aksiya da dövlətin vətəndaşına olan qayğısının bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyəti tərəfindən rayonun daim atəş altında olan, sərhəddə yerləşən Quşçu Ayrım, Məzəm, Fərəhli, Cəfərli, Bala Cəfərli kəndlərində yaşayan 516 ailəyə, “Carçıoğlu GROUP” MMC tərəfindən 286 şəhid ailəsinə 1 kisə un və digər ərzaq yardımının olunması dövlət qayğısının əyani sübutudur.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və “Carçıoğlu GROUP” MMC-nin əməkdaşları ərzaq yardımı edilən Quşçu Ayrım və Məzəm kəndlərində olub, sakinlərlə görüşüblər.
Kənd sakinlərini salamlayan icra başçısı ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı görülən işlərin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Rayon rəhbəri qeyd edib ki, dövlət başçısının və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın azərbaycanlıların hər zaman, xüsusilə çətin anlarda bir-birilərinə, böyüklərimizə mərhəmətlə, qayğı və həssaslıqla yanaşılması ilə bağlı çağırışlarına qoşularaq hər bir dövlət məmuru, iş adamı həmrəylik nümayiş etdirməlidir. Bugünkü bu təşəbbüs də məhz xalqa, sadə vətəndaşlara olan qayğını özündə əks etdirən bir təşəbbüsdür. İstər dövlətimiz, istərsə də iş adamları tərəfindən vətəndaşlarımıza olan qayğı, dəstək bir daha onu göstərir ki, Azərbaycanda hər zaman birlik, həmrəylik olub və bundan sonra da olacaqdır. İcra başçısı bildirib ki, bu gün dövlətimiz tərəfindən sahibkarlara, iş adamlarına göstərilən diqqət və qayğının nəticəsidir ki, onlar da dövlətinin, xalqının yanında olmağı özlərinə borc bilirlər. Bunun bariz nümunəsi də “Carçıoğlu GROUP” MMC tərəfindən atılan nümunəvi addımdır.
Sakinlərə səmimi ürək sözlərini çatdıran rayon rəhbəri onları bir daha koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməyə çağırıb.
Quşçu Ayrım kənd sakini Misir Dünyamalıyev, Məzəm kənd sakinləri şəhid anası Tamella Süleymanova, Məmməd Əliyev, Nəriman Məmmmədov, Süleyman Süleymanov, Bala Cəfərli kənd sakini Ceyhun Rəhimov, Qarabağ qazisi Kamil Musavi və başqaları çıxış edərək sərhəddə yaşayan insanlara, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Onları diqqətdə saxlayıb bu xeyirxah təşəbbüsü həyata keçirən “Carçıoğlu GROUP” MMC-nin direktoru Elçin Carçıyevə və kollektivinə təşəkkürlərini çatdırıblar. Çıxış edənlər qeyd ediblər ki, bu gün biz bir daha şahidi olduq ki, doğrudan da ölkə başçısının özünün də söylədiyi kimi o, hər bir vətəndaşın Prezidentidir. Çıxış edənlər ölkə rəhbərinin “Biz birlikdə güclüyük” çağırışına səs verərək iş adamlarının, sahibkarların xalqın yanında olmasını, dövlətə sadiqlik nümayiş etdirməsini yüksək qiymətləndiriblər. Bu cür təşəbbüsün hər bir vətəndaşımıza, o cümlədən də imkanlı şəxslərə nümunə olduğunu diqqətə çatdırıblar.
Quşçu Ayrım kəndi
Məzəm kəndi
Bala Cəfərli kəndi