Xalq yazıçısı Yusif Səmədoğlunun 80 illik yubileyi qeyd olunmuşdur
Qazax rayon Icra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının birgə təşkilatçılığı ilə xalq yazıçısı Yusif Səmədoğlunun anadan olmasının 80 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Ədəbiyyat Muzeyində keçirilən tədbirdə İcra Hakimiyyətinin məsul işçiləri, şairlər, gənc yazarlar, poeziya sevərlər, idarə,müəssisə, təşkilat rəhbərləri, KİV və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbirdə ilk öncə yazıçının həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunmuşdur.
AYB Qazax zona filalının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal yubiley tədbirini giriş sözü ilə açaraq bu günün ədəbiyyat sevərlər üçün əsl bayram olduğunu bildirmişdir. Qeyd etmişdir ki, xalq yazıçısı Yusif Səmədoğlu XX əsr Azərbaycan ziyalılığının ən ali keyfiyyətlərini öz şəxsiyyətində daşıyan, mənsub olduğu nəsli təmsil edən bir insan olmuşdur. O, həyatı boyu, həm ədəbi, həm də ictimai-siyasi fəaliyyətində azərbaycançılıq mövqeyində durmuş, azadlıq, demokratiya, müstəqillik duyğusu ilə yaşamışdır. Y.Səmədoğlu XX əsr Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutaraq, həyata, gerçəkliyə fərqli münasibəti, dünyagörüşü ilə seçilmişdir. Millilik, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, milli mədəniyyətin, milli əxlaqın gənc nəslə çatdırılması baxımından onun əsərlərinin dəyəri çox böyükdür.
Gənc şair Taleh Mansur öz çıxışında bildirmişdir ki, Y.Səmədoğlu azad, müstəqil və mədəni həyat yolu keçmişdir. Onda milli hiss, Vətən sevgisi güclü idi. O, həyati mövzular yazmış, zamanın nəbzini tutaraq günün mühüm məsələlərinə toxunmuş, mənəvi-ictimai problemləri ön plana çəkmiş, dövrün, yaşadığı mühitin eybəcərliklərini ifşa və tənqid hədəfinə çevirmişdir. Onun əsərləri azərbaycançılıq ideyası əsasında qurulduğundan hər dövr üçün aktual səslənir. Məlumdur ki, xalqın milli-fəlsəfi fikri öz əksini bədii ədəbiyyatda tapır. Milli xüsusiyyətlərin, milli keyfiyyətlərin, milli ruhun, adət-ənənələrin yaşanmasında bədii ədəbiyyatın böyük rolu vardır. Bu baxımdan Y.Səmədoğlunun əsərlərində milli ideyanın təlqin və təbliği güclüdür. O, hələ sosializm cəmiyyətinin, avtoritar rejimin ən şiddətli çağlarında sovet ideologiyasının prinsiplərinə zidd olan əsərləri ilə seçilmiş, bu quruluşun formalaşdırdığı insanların faciəsini əks etdirmişdir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialının tələbələri Şəfəq Məmmədova və Kübra Əhmədli çıxış edərək yazıçının atası, doğmaları ilə bağlı xatirələrindən bəhs edən fikirlərini söyləmişlər.
Qazax rayon İcra Hakimiyyətinin məsul işçisi Sərdar Orucov, AYB ədəbi məclisinin üzvü, şair Mustafa Rasimoğlu, Orta Salahlı Kənd kitabxanasının müdiri Svetlana Muradova, Qazax Dövlət Dram Teatrının direktoru Saqif İsgəndərov, ADPU Qazax filialının müəllimi Heyran Vəkilova çıxış edərək Yusif Səmədoğlu yaradıcılığından, onun haqqında olan xatirələrdən, fikirlərdən, eyni zamanda onun Azərbaycan ədəbiyyatındakı xidmətlərindən danışaraq tədbir iştirakçılarına geniş məlumat vermişlər. Qeyd etmişlər ki, Y.Səmədoğlu xalqın tarixi yaddaşını, mənəviyyatını uca tutaraq, əsərlərində milli və bəşəri dəyərləri məharətlə əks etdirmişdir.
Tədbirdə Qazax Dövlət Dram Teatrı aktyorlarının ifasında xalq yazıçısının əsərindən bir parça səhnələşdirilərək təqdim olunmuşdur. Gənc aşıq Samir Cəlaloğlunun ifasında xalq şairi Səməd Vurğuna həsr edilmiş şeirlərə səslənən saz havaları böyük alqışlarla qarşılanmışdır.
Yubiley tədbiri yazıçının haqqında hazırlanmış növbəti videoçarxın nümayişi ilə başa çatmışdır.