Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda çoxmənzilli yaşayış binaları növbəti dəfə dezinfeksiya olunub

13 aprel 2020 | 16:00

Qazaxda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən dezinfeksiya işləri RİHB yanında yaradılmış operativ qərargahın tərtib etdiyi qrafikə uyğun olaraq hər gün davam etdirilir. Həyata keçirilən işlər Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi dövrü bitənədək şəhər və rayonların yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı müəyyən edilmiş tələblərə riayət edilməklə yerinə yetirilir. İdarə, müəssisə və təşkilatların inzibati binaları, istirahət parklarının ərazisi, bank və bankomatların, aptek və ərzaq mağazalarının qarşısı, eyni zamanda, marşrut avtobusları, dayanacaqlar və digər zəruri yerlər, prospekt, küçə və səkilər dezinfeksiya olunur.
Rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə şəhərin prospekt və küçələrində, yaşayış massivlərində yerləşən çoxmənzilli yaşayış binalarının girişlərində, bloklarında, həyətlərində də mütəmadi olaraq dezinfeksiya işləri aparılır.
Bu gün Ə.Qədirov küçəsində yerləşən hər biri ikimərtəbəli, 3 bloklu, 12 mənzilli 2 və 3 saylı, ikimərtəbəli, 2 bloklu, 8 mənzilli 4 saylı, Ə.Şıxlinski küçəsində yerləşən beşmərtəbəli, 4 bloklu, 50 mənzilli 4 saylı, beşmərtəbəli, 4 bloklu, 50 mənzilli 5 saylı, dördmərtəbəli, 2 bloklu, 24 mənzilli 4A saylı, həmin ərazidə məcburi köçkünlər üçün tikilmiş dördmərtəbəli, 2 bloklu, 24 mənzilli bina, keçmiş Kənd Təsərrüfatı Texnikumuna məxsus olan beşmərtəbəli, 2 bloklu, 50 mənzilli yataqxana binası, N.Nərimanov küçəsində yerləşən ikimərtəbəli, 1 bloklu, 10 mənzilli 31 saylı, Bakı küçəsində yerləşən ikimərtəbəli, 1 bloklu, 8 mənzilli 33 saylı yaşayış binalarının blokları, eləcə də Ə.Şıxlinski küçəsində 4 və 5 saylı binaların həyətində olan xeyir-şər evləri, digər binaların həyətində olan söhbətgahlar və ətraf ərazilər koronavirus infeksiyasına qarşı ikinci dəfə dezinfeksiya edilib.
İstər çoxmənzilli yaşayış binaları, istərsə də dezinfeksiya edilən ətraf ərazilər Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı ilə dərmanlanıb.
Məlumat üçün qeyd edək ki, istər əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır. Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan dezinfeksiya işlərində əsasən Xloromin B və Bromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə 200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100 qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə olunur.

Ə.Qədirov küçəsi

Ə.Şıxlinski küçəsi

Ə.Şıxlinski küçəsində məcburi köçkünlər üçün tikilmiş 24 mənzilli bina

N.Nərimanov küçəsi 31 saylı bina

Keçmiş Kənd Təsərrüfatı Texnikumuna məxsus yataqxana binası

Keçidlər